Müxtəlif sahələri əhatə edən və rayonun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan istiqamətlərdən biri də elektrik təsərrüfatının yenilənməsidir. Şəmkir rayonunda bu xidmət sahəsinin müasir tələblərə tam cavab verəcək səviyyədə olması üçün ardıcıl tədbirlər görülür.
Son illər rayon üzrə həyata keçirilən infrastruktur layihələri, o cümlədən enerji təminatı sahəsində görülən işlər bu sahədə vəziyyəti xeyli yaxşılaşdırıb. Xüsusən elektrik təsərrüfatının yenilənməsi istiqamətində atılan addımlar texniki modernləşməni təmin edib. Həyata keçirilən layihələr çərçivəsində rayonun Yuxarı Seyfəli, Yeni Həyat, Atabəy, Hacallar, Yeni Göyçə, Günəşli, Yuxarı Çaykənd, Aşağı Çaykənd, Varlı Həyat, Qaraqoyunlu, Dağ Cəyir, Qaracəmirli, Qapanlı, Mahmudlu, İrmaşlı, Bayramlı, Ələsgərli, Nərimanlı və Yeni Yol kəndlərində köhnə və istismar müddətini başa vurmuş açıq tipli naqillər müasir və təhlükəsiz SİP kabellərlə əvəzlənib. Bu dəyişikliklər elektrik xətlərində itkilərin azalmasına, qəzaların və texniki nasazlıqların minimuma endirilməsinə səbəb olub. Bununla yanaşı, həmin yaşayış məntəqələrində müasir tipli transformatorların quraşdırılması enerji paylanmasının daha səmərəli təşkilinə şərait yaradıb. Yeni transformatorlar elektrik enerjisinin sabit ötürülməsini təmin etməklə yanaşı, şəbəkənin yüklənməsinin qarşısını alır və pik saatlarda yaranan problemlərin aradan qadırılmasına imkan verir.
Qeyd edək ki, son 5 ildə rayonun elektrik şəbəkəsi üzrə 52036 metr müxtəlif markalı naqillər çəkilib, 322 transformator cari təmir edilib, 189 transformator yenilənib. Bundan başqa, rayon ərazisində 51750 metr uzunluğunda SİP kabel xətti çəkilib.
Hazırda rayonda elektrik təsərrüfatının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Görülən işlər rayonun müasir inkişaf konsepsiyasına uyğun planlı və sistemli şəkildə icra olunur. Bu işlər yalnız texniki yenilənmə ilə məhdudlaşmır, eyni zamanda yaşayış məntəqələrinin estetik görünüşünün yaxşılaşmasına və şəhərsalma prinsiplərinə uyğunlaşmasına xidmət edir. Ən nəhayət, həyata keçirilən bütün bu tədbirlər nəticəsində rayonda 50 minə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
Sabir ƏLİYEV,
"Azərbaycan"