Unutmamaq həm ədalət, həm də insanlıq borcumuzdur
Dünyanın siyasi tarixi planetimizin ayrı-ayrı məkanlarında müxtəlif xalqlara qarşı törədilmiş soyqırımı cinayətlərinin adətən uzun illər boyu təhrif edildiyini, yaxud ümumiyyətlə gizlədildiyini göstərir. Elə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir çox həqiqət də yalnız sovet sisteminin dağılmasından, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra aşkara çıxmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində tariximizin digər unudulmaz səhifələri kimi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü də diqqətlə öyrənilir, dünyada tanıdılır.
Bakıdan bölgələrə
1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının bolşeviklərlə birləşərək Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar 1917-ci ildə çar Rusiyasında baş verən inqilablardan sonra yaranmış siyasi xaosdan irəli gəlirdi. Bu vəziyyətdən istifadə edən erməni millətçiləri, o cümlədən daşnak silahlı dəstələri bolşeviklərlə birlikdə yerli azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar həyata keçirdilər. Xüsusilə 1918-ci ilin martında Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunasının rəhbərliyi altında daşnak-bolşevik silahlı dəstələri Bakıda azərbaycanlıları kütləvi şəkildə öldürür, yaşayış məntəqələrini yandırır və dağıdırdı. Qətliamlar Bakıda əsasən martın 30-dan aprelin 2-dək davam etmişdi. Bu bir neçə gündə şəhərin müxtəlif yerlərində öldürülən azərbaycanlıların sayı on minlərlə ölçülmüşdü. Bir çox müsəlman məhəlləsi yerlə yeksan edilmişdi.
Azərbaycanda mart qırğınının təşkilatçısı və rəhbəri Stepan Şaumyan 1918-ci il aprelin 18-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda yazırdı: "Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi". Həmin dövrdə V.Lenin Bakı Sovetinin başçısına aşağıdakı məzmunda teleqram yollamışdı: "Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu münaqişələri işlətməyi öyrənin…"
Mahiyyətcə milli soyqırımı olan mart döyüşləri əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırırdı. Həmin günlərdə təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara belə aman vermirdilər. Qadınlar daha ağır şəkildə qətlə yetirilirdi. Arxiv materiallarına əsasən, təkcə bir yerdə torpağın altından qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyiti tapılmışdı. Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmişdilər. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında yazırdı: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər". Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, qiymətli əşyaları isə özləri ilə aparırdılar. Azərbaycanlılara qarşı bu soyqırımı və qarətlərdə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər. Bakı əhalisinin 400 milyon manatlıq əmlakı talan edilmiş, müsəlmanların ziyarətgahları dağıdılmışdı. Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına, "Kaspi", "Açıq söz" qəzetləri redaksiyalarına od vurulmuşdu.
Ermənilər eyni qırğınları Qubada, Lənkəranda, Göyçayda, Salyanda, Kürdəmirdə və Azərbaycanın başqa bölgələrində də davam etdirirdilər.
İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində isə Andranikin, Dronun, Njdenin silahlı dəstələri azərbaycanlıların kütləvi qətliamını həyata keçirmişdilər. Erməni tarixçisi A.Lalayan yazırdı: "Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kəndlilərinin, onların uşaqlarının, qadınlarının və qocaların qətli zamanı "böyük şücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adam qalmırdı, hər yer insan qalıqları ilə dolu xarabalığa çevrilirdi". Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirmiş, meyitlərini isə Araz çayına atmışdır…
Şamaxı qırğını
Martın 30-dan Bakıda başlanan soyqırımları qısa müddətdə digər bölgələrimizə də yayıldı. Aprel ayında Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi soyqırımları eyni dəhşətlə, hətta daha ağlasığmaz şəkildə davam etdirilirdi.
Həmin günlərdə Şamaxıda erməni daşnak qüvvələri 7 mindən çox dinc azərbaycanlını qətlə yetirdilər. Şamaxı Azərbaycanın ən qədim şəhərlərindən olmaqla, həmin dövrdə əsas mədəni və iqtisadi mərkəzlərindən sayılırdı. Burada azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdilər, amma şəhərdə az sayda digər xalqların nümayəndələri də yaşayırdı. Soyqırımı günlərində Şamaxıda qətlə yetirilənlər arasında xeyli sayda qadın, uşaq və yaşlı adamlar da vardı. İnsanlar evlərində diri-diri yandırılır, süngü ilə bədənləri deşilir, müxtəlif işgəncələrə məruz qalırdılar. Həmin günlərdə daşnak-bolşeviklərin əlindən qaçıb canını qurtarmaq üçün şəhərin ən qədim abidələrindən biri - Şamaxı Cümə Məscidinə yüzlərlə insan sığınmışdı. Ermənilər məscidi mühasirəyə alaraq müqəddəs məkanı içərisindəki insanlarla birlikdə yandırmışdılar. Məscid tamamilə dağıdılmış və tarixi-mədəni irsə ağır zərbə vurulmuşdur.
Qırğınlar Şamaxının kəndlərində də eyni vəhşiliklə davam etdirilmişdi. Şamaxı qəzasında 72-dən çox kənd yandırılmış, əhalisinin çoxu qətlə yetirilmiş, kəndlərə edilən hücumlar nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdü. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, Aqamalov və digərləri rəhbərlik etmişdilər. Yüzlərlə şahid və zərərçəkən dindirilərkən bu qatillərin adlarını çəkmişdir.
Quba soyqırımı
Həmin günlərdə daha bir dəhşətli soyqırımı silsiləsi Qubada da baş vermişdi. Bu məkanda əsas etibarilə Azərbaycan türkləri, eyni zamanda başqa xalqların nümayəndələri, o cümlədən ləzgilər və yəhudilər yaşayırdı. Daşnak-bolşeviklərin Qubanı hədəf seçmələrinin səbəbi isə yerli müsəlman əhalini məhv edərək bölgədə demoqrafik vəziyyəti dəyişdirmək, yerli ləzgi və yəhudi icmalarını sıradan çıxararaq bölgəni etnik baxımdan zəiflətmək, ərazini tam nəzarətə götürərək Bakı ilə əlaqəni gücləndirmək idi.
Bir faktı qeyd edək ki, Bakı və Bakı quberniyası bolşevik-daşnakların əlinə keçdikdən sonra Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə göndərilmişdi. Lakin bir neçə gündən sonra əhali Gelovanini qovmuşdu. 1918-ci il mayın 1-də yenidən Qubaya azərbaycanlıların qatı düşməni, daşnak Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət təxminən iki min nəfərlik dəstə göndərildi. Bu dəstə azərbaycanlılara qarşı özünün amansızlığına görə "cəza dəstəsi" adını almışdı.
Tarixi sənədlərə əsasən, Hamazasp 20 min nəfərə yaxın əhalidən və 10 minə yaxın evdən ibarət Qubanı istila etdikdən sonra şəhər əhalisi qarşısında hədə-qorxu, təhdid məzmunlu çıxış etmişdi. O, qədim Quba meydanında, Cümə məscidinin ətrafına toplaşmış əhaliyə Qubaya gəlişinin məqsədini açıq-aşkar bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Məqsədim Xəzər dənizinin sahillərindən tutmuş Şahdağa qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək, yurd-yuvanızı yerlə yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaqdır".
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış istintaq materialları sübuta yetirir ki, Hamazaspın komandanlığı altındakı quldur dəstələri 9 gün ərzində Quba qəzasında ümumilikdə 16 mindən çox Azərbaycan türkünü qətlə yetirmiş, 167 kəndi tamamilə yandırıb məhv etmişdilər. Şəhərdə yaşayan ləzgilərin və yəhudilərin də bir hissəsi kütləvi şəkildə öldürülmüşdü. Quba bazarı, evlər, məscidlər, sinaqoqlar yandırılmışdı. Şəhər əhalisinin əksəriyyəti məhv edilmiş, sağ qalanlarsa dağlara, meşələrə qaçmağa məcbur olmuşdu.
2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı tapılmış kütləvi məzarlıq da burada baş vermis soyqırımının dəhşətli miqyasını göstərir.
Qarabağda, Zəngəzurda, Naxçıvanda qətliamlar
Daşnak silahlıları 1918-ci ilin aprel və may aylarında Qarabağ və Zəngəzurda da yüzlərlə kəndi dağıtmış, minlərlə azərbaycanlını qətlə yetirmişdilər. Xüsusilə Zəngəzurda azərbaycanlı əhali öldürülmüş, sağ qalanlar isə kütləvi şəkildə öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. Minlərlə soydaşımız aclıq və xəstəlikdən həyatını itirmişdir. Ermənilər Zəngəzuru tərk edən soydaşlarımıza qarşı hücumlar təşkil edərək onları tamamilə məhv etməyə çalışmışlar.
Erməni silahlı dəstələri 1918-ci ilin aprelində Naxçıvan şəhərinə hücum etmiş, evləri yandırmış, məscidləri dağıtmış, minlərlə azərbaycanlını qətlə yetirmişdir. Yerli əhali kütləvi şəkildə didərgin düşərək İran və Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur.
Həmin günlərdə erməni silahlıları Culfa və Ordubadın kəndlərinə basqın edərək insanları diri-diri yandırmış, qadın və uşaqları xüsusi işgəncələrlə öldürmüşlər. Culfa bölgəsindəki tarixi abidələr, xüsusilə müsəlman dini abidələri dağıdılmışdır. Şərur və Sədərək bölgələrində ermənilər 50-dən çox kəndi yandırmışlar. Minlərlə insan öldürülmüş, sağ qalanlar isə məcburi şəkildə doğma yurdlarını tərk etmişdir.
Qarabağda, Zəngəzurda, Naxçıvanda bu qırğınları törədən əsas cəlladlar Andranik Ozanyan, Dro kimi tanınan Drastamat Kanaya idi.
Lənkərana hücum
1918-ci ilin yazında Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın əmri ilə daşnak-bolşevik qüvvələri Lənkərana da hücum etdilər. Yerli müsəlman əhali müqavimət göstərsə də, şəhər ciddi dağıntılara məruz qaldı. Minlərlə insan öldürüldü, kəndlər yandırıldı və talan edildi. Əhalinin sıx yaşadığı ərazilərdə kütləvi qətllər həyata keçirildi. Bolşeviklər və erməni silahlı dəstələri Lənkərandan sonra Masallı və Astaraya hücum etdilər. Əhalinin bir hissəsi İran və Azərbaycanın digər bölgələrinə qaçmağa məcbur oldu. Bölgədə məscidlər dağıdıldı, evlər yandırıldı və minlərlə insan həyatını itirdi.
Xalqımızın qan yaddaşı olan soyqırımı faciəsi yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra öz tarixi qiymətini aldı, 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olundu.
Soyqırımları yalnız bir xalqın deyil, bəşəriyyətin ortaq acısı, dərdidir. Onları öyrənmək həm keçmişi unutmamaq, həm də gələcəyi daha təhlükəsiz və ədalətli qurmaq üçün vacibdir. Unutmamaq həm ədalət, həm də insanlıq borcudur.
Tarix əsasən ibrət götürmək üçündür. Əgər soyqırımı hadisələri unudularsa, onların yenidən təkrarlanma ehtimalı artır. Bu cür faciələrin tez-tez xatırlanması, onların dəhşətli miqyasının aydın təsəvvürü hər bir şüurlu insana dünyanın istənilən məkanında milli zəmində nifrətə, etnik və dini ayrı-seçkiliyə qarşı çıxmağı aşılayır.
Dünyada müxtəlif etnik və dini zəmində münaqişələrin hələ də davam etdiyi dövrdə tarixdə baş vermiş soyqırımlarını öyrənmək, beynəlxalq birliklərin gələcəkdə oxşar faciələrin qarşısını alması üçün vacib dərslər verir. Bu mövzuya diqqət yetirmək, hüquq-mühafizə sistemində və diplomatik müstəvidə ədalətin təmin olunmasına kömək edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünya ictimaiyyətinin 31 Mart - Azərbaycanlıların Soyqırımı, 26 Fevral - Xocalı Soyqırımı günləri kimi tarixi faciələrimiz barədə ətraflı məlumatlandırılması da bu məqsədə xidmət göstərir.
On minlərlə soydaşımızın həyatını itirdiyi, minlərlə ailənin məhv olduğu bu hadisələri hər zaman xatirələrdə canlı saxlamaq, gələcək nəsillərə çatdırmaq, tarixi ədalətin öz yerini tutmasına nail olmaq hər bir azərbaycanlının vətəndaşlıq və vicdan borcudur.
İradə ƏLİYEVA,
"Azərbaycan"
Gürcü ekspert: “Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanmış memorandumun böyük və xüsusi əhəmiyyəti var
Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir
Somali ordusu terrorçu qruplaşmanın 20-dən çox üzvünü zərərsizləşdirib
Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçiriləcək 67-ci Baş Assambleyasının rəsmi internet səhifəsi istifadəyə verilib
İrakli Kobaxidze: Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır
Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub
Keçmiş məcburi köçkün: Suqovuşanda gözəl mənzillə təmin edilmişəm
Milli Məclisin sədri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri ilə görüşüb
Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir
Müdafiə naziri: Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaq
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq
Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq
AMADA "Ədalətli idman həftəsi" ilə əlaqədar məlumatlandırma işinə başlayır
İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub
Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb
Suqovuşanda daha 53 ailəyə mənzillərinin açarları təqdim olunub
“Motorola”nın yeni smartfonu təqdim ediləcək
Qalaktikamızda maraqlı ulduz sistemi aşkarlanıb
Ötən ay Türkiyənin müdafiə və aerokosmik ixracatı tarixi rekorda imza atıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!