19 Iyul 2024 08:55
192
Mədəniyyət
A- A+

Şuşanın çal-çağırlı günləridir

Yenə Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın incisi Şuşanın çal-çağırlı, qonaq-qaralı günləridir. Qala - şəhərimizdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir.

İyulun 18-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər və ilk dəfə olaraq yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev builki Vaqif Poeziya Günlərinin bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşdüyünü vurğulayıb: "İlk olaraq onu qeyd edim ki, builki tədbir Ali Baş Komandan, Prezident

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən və Qarabağ savaşında yekun Qələbə qazanılandan sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. Bu il həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləri qeyd olunur. Builki şeir bayramında AYB-nin 100-dən çox üzvü iştirak edir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından danışıb. Diqqətə çatdırıb ki, Vaqif Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaradan şairlərdəndir.

Mərasimdə Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin deputatı Fazil Mustafa, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB-nin Qazax bölməsinin sədri Barat Vüsal çıxış ediblər.

Tədbirin bədii hissəsində Əməkdar artistlər Azad Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd Füzuli və Molla Pənah Vaqifin poetik dueti təqdim olundu. Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimli konsert proqramı ilə çıxış ediblər. "Qarabağ kompozisiyası", "Şuşanın dağları" və "Bura Vətəndir" musiqi əsərləri səsləndirilib.

Xatırladaq ki, 1982-ci il yanvarın 14-də Şuşada Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717-1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. İlk dəfə 1982-ci ilin iyulunda Vaqif Poeziya Günləri təşkil olunub. 1992-ci ildə Ermənistanın Şuşanı işğal etməsi ilə yarımçıq qalan tədbir böyük Zəfərimizdən sonra 2021-ci ildən yenidən bu şəhərdə keçirilib. Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

İyulun 18-də Şuşa daha bir tədbirə evsahibliyi edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu şəhərdə "İslam dünyasında qadınlar: ənənələr və çağırışlar" mövzusunda konfrans keçirilib. Tədbir Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri xanım Aavatif Hayar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər. Konfransda müzakirələr Qarabağın bərpasında və dayanıqlı inkişafında qadınların rolu, qloballaşan dünyada ümumislam kontekstində qadın hüquqlarının müdafiəsi, insan və ətraf mühit münasibətlərinə islami baxış və digər istiqamətlərdə aparılıb.

Konfransın ilk günü - iyulun 17-də iştirakçılar şəhərin tarixi məkanlarında olublar. Onlara işğal dövründə mədəniyyət abidələrimizə ermənilərin saysız-hesabsız ziyan vurduqları, saxtalaşdırdıqları barədə məlumat verilib. Şuşa işğaldan azad edildikdən sonra burada başlanılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, tarixi və mədəniyyət abidələrinin bərpasından danışılıb. Konfrans iştirakçıları "İsa bulağı" istirahət kompleksində bərpa işləri ilə tanışlıqdan sonra Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər. Onlara Şuşa qala divarları ilə tanışlıq zamanı şəhərin tarixi, qala divarlarının tikilməsi barədə bilgi verilib. Sonra qonaqlar Cıdır düzünə gedib, əsrarəngiz təbiət mənzərəsini seyr ediblər.

İyulun 17-də Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti də Şuşanın qonağı olublar. Azərbaycana səfər çərçivəsində Füzuliyə, sonra Şuşaya səfər edən qonaqlar Qarabağda erməni vandalizminin sübutu olan dağıdılmış, xarabalıqlara çevrilmiş kəndlərimizi görüblər. Onlar Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi yenidənqurma, təmir-bərpa işlərini böyük məmnunluqla müşahidə ediblər.

Şuşada qonaqlar güllələnmiş heykəllər, Yuxarı Gövhər ağa məscidi, İsa bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü və digər görməli yerləri ziyarət ediblər.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video