16 Iyul 2024 08:00
277
SİYASƏT
A- A+

Uğurlu yolun yeni mərhələsi


Azərbaycanın dostları və strateji tərəfdaşları durmadan artır

 

Dünya güclülərin dünyasıdır, - demişlər!
Güclü rəhbərləri, güclü iqtisadiyyatı, müdrik və uzaqgörən siyasəti, sədaqətli dostları və etibarlı tərəfdaşları olan dövlətlər öz xalqlarını xoşbəxt və firavan yaşada, təlatümlərdən qoruya bilirlər!

Dünyada güc anlayışı da müxtəlifdir.
Bir qisim dövlətlər gücü ordu quraraq istədiyinə zorakılıqla çatmaqda, iradəsini digərlərinə məcburən qəbul etdirməkdə, dövlətlərin daxili işlərinə qarışmaqda, "rəngli inqilablar" törətməkdə, başqa qisim isə siyasi vasitələrdə, qarşılıqlı maraqların təminində, əlbir fəaliyyət və əməkdaşlıqda görürlər.
Hətta neokolonializm metodlarından istifadə, xalqların sərvətlərinə sahib çıxaraq əhalisini miqranta çevrilməyə vadaretmə halları da kifayət qədərdir.
Ədalətsiz, ikili standartların mövcud olduğu, beynəlxalq hüququn işləmədiyi, təbiətin kataklizmlərinin baş verdiyi dünyada dövləti inkişaf etdirərək xalqı yaxşı yaşatmaq üçün hər şeyə hazır olmalısan!
Ən əvvəl güclü olmağı bacarmalısan!

***
Qırmızı imperiyanın dağılması, Azərbaycanın müstəqil dövlətə çevrilməsi prosesi mürəkkəb və ağrılı formada baş verdi.
Keçmiş SSRİ parçalanarkən Ermənistan yaranmış məqamdan istifadə edərək ölkəmizə qarşı ərazi iddialarına başladı, separatizmə rəvac verdi.
Moskva isə M.Qorbaçovun simasında Ermənistanın ərazi iddialarını dəstəklədi, ona siyasi, inzibati, hərbi dəstək göstərdi.
Beləliklə, otuz il davam edən Qarabağ münaqişəsi, müharibəsi və torpaqlarımızın işğalı başlandı.
BMT, ATƏT-in Minsk qrupu, digər beynəlxalq qurum və təşkilatlar üzdə münaqişənin ədalətli, beynəlxalq hüquqa müvafiq həllinə dəstək görüntüsü yaradaraq müxtəlif qətnamə və qərarlar, bəyanatlar versələr də, əslində, erməniləri müdafiə mövqeyindəydilər.
Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqının öz həqiqi və sınanmış rəhbərindən ayrı düşməsi, ölkəyə maymaq, qorxaq, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna inanmayan Ə.Vəzirovun və A.Mütəllibovun başçılıq etməsi problemin uzanması və ağır fəsadlara gətirməsi ilə nəticələndi.
AXC-Müsavat cütlüyünün "milli-azadlıq hərəkatı" adı ilə meydana atılması, sonradan xalqın ümidlərini puça çıxararaq "meydan hərəkatı"nın dalğalarında iqtidara gəlməsi, iqtidarda olduqları müddətdə isə yalnız öz ciblərini güdməsi, səriştəsiz, naşı hərəkətləri və xəyanətkar əməlləri ilə ölkəni xaos və anarxiya burulğanına atması ölkəni bir dövlət kimi məhvolma həddinə çatdırdı!
Yalnız xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması, onun atdığı qətiyyətli addımlar Azərbaycanı özbaşınalıqlardan, keçmişdəki kimi xanlıqlara parçalanmaqdan xilas etdi!
Lakin mənfur niyyətlilər bəd əməllərindən əl çəkmək istəmirdilər.
İki dəfə - 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər göstərildi, qardaş qanı töküldü.
Ulu Öndər Heydər Əliyev bütün bunların qarşısını cəsarətlə aldı, qiyamçıları qanunun əli ilə cəzalandırdı, ölkədə möhkəm və dönməz sabitlik yaratdı!
Azərbaycanın dövlət müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi!

Ölkənin gələcək inkişafının iqtisadi əsaslarını yaratmaq üçün "Əsrin müqaviləsi" neft kontraktının imzalanmasına nail oldu, bazar iqtisadiyyatına keçidi şərtləndirən islahatlar apardı, Azərbaycanın beynəlxalq qurum və təşkilatlara üzvlüyünə nail oldu.
Heç bir zaman ərazi itkisi ilə barışmayacağını bildirən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının və yüksəlişinin əsas istiqamətlərini müəyyənləşdirərək əbədiyyətə qovuşdu.
***
İlham Əliyev Prezidentliyinin ilk günlərindən sınaqlarla üzləşməli oldu!
Azərbaycanda da həmin dövrdə dəbdə olan "Narıncı inqilab" təşkil etməyə cəhd göstərdilər.
Lakin dövlət başçısının qətiyyət və cəsarəti sayəsində xəyanətkarların və "5-ci kolon" üzvlərinin mənfur niyyətləri baş tutmadı.
Qısa müddətdə hamı əmin oldu ki, Azərbaycan yenə də etibarlı əllərdədir!

Heydər Əliyev siyasi kursu ilə uğurla irəliləyən cənab İlham Əliyev ölkə qarşısında duran çoxsaylı problemləri müvəffəqiyyətlə həll edirdi.
Ölkənin sürətli və davamlı inkişafını təmin edərək İnkişafın Azərbaycan Modelini formalaşdırdı və tarixinin ən qüdrətli Azərbaycanını yaratdı!


* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul olunaraq  uğurla yerinə yetirildi.
* Enerji və nəqliyyat təhlükəsizliyi təmin edildi.
* Məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün çoxsaylı qaçqın şəhərcikləri və yaşayış kompleksləri salındı.
* Transmilli layihələr gerçəkləşdirilərək istifadəyə verildi, Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrildi.
* Qüdrətli ordu yaradılaraq, ən müasir silah-sursatla təmin edildi.
* Azərbaycanın iqtisadi gücü, beynəlxalq nüfuzu əsaslı şəkildə yüksəldildi, tərəfdaşlarının və dostlarının sayı xeyli artırıldı.


Əsas milli ideya - işğal altındakı torpaqların azad olunaraq ərazi bütövlüyünün bərpası isə həllini gözləyirdi.
Əslində, Prezident İlham Əliyevin bunadək atdığı addımlar məhz bu məqsədə hesablanmışdı!

***
2016-cı ilin dördgünlük Aprel müharibəsi II Qarabağ müharibəsinin baş məşqi də sayıla bilər!
Aprel müharibəsində İlham Əliyev yaratdığı yeni ordunu, əldə etdiyi yeni texnologiyalara əsaslanan silah-sursatı, əsgər və zabitlərimizin döyüş ruhunu cəmi dörd gün çəkən hərbi əməliyyatlar dövründə uğurla sınaqdan keçirdi!
Həmin dövrdə geri qaytarılan ərazilər az olsa da, uğurun doğurduğu əks-səda, orduda yaratdığı özünəinam hissi, düşmənə endirilən kəskin zərbənin təsiri qat-qat güclü oldu!
Doğrudur, Ermənistandakılar bu qələbənin mahiyyətini kiçiltməyə, əhəmiyyətini azaltmağa can atır, əsl həqiqəti erməni xalqından gizlətməyə çalışırdılar.
Lakin fakt faktlığında qalırdı: Azərbaycan Ordusu düşmənin əsgər və zabitlərinin canlarına qorxu və təlaş hissi salaraq açıq döyüşdə, yeni dönəmdə ilk dəfə ağır məğlubiyyətə uğratmışdı! 
Əslində bu, böyük Zəfərin başlanğıcı idi!

***
Ermənistan heç zaman öz gücünə, öz ordusuna arxalanmayıb!
Azərbaycan ərazisinin 20 faizini də təkbaşına tutmamışdı...
2020-ci ildə Tovuz əməliyyatı keçirməklə Azərbaycana meydan oxuyanda, müdafiə nazirləri Tonoyan lovğalıqla "yeni müharibə, yeni ərazilər itkisi olacaq" açıqlamasını verəndə daha çox KTMT-yə və müdafiəçilərinə güvənirdilər.
Lakin bu dəfə möhkəm yanılmışdılar!
Azərbaycan Prezidenti İlham Əliyev hər şeyi qabaqcadan dəqiqliklə hesablamışdı.
Əvvəla, hərbi əməliyyatları çox qısa müddətdə uğurla aparacaq ordu yaratmışdı!
İkincisi, müharibə Azərbaycan ərazisində getdiyinə görə KTMT iştirakçı tərəfə çevrilə bilməzdi, buna öz Nizamnaməsi yol vermirdi.
Üçüncüsü, KTMT üzvü olan bir neçə dövlət Azərbaycanla dostluq münasibətlərini əsas gətirərək irəlicədən baş verəcək yeni müharibədə öz orduları ilə işə qarışmayacaqlarını açıq şəkildə bəyan etmişdilər!
 XXI əsrin müharibələr tarixində yeni səhifə açan, ən yeni strategiya və taktika tətbiq edən, böyük cəsarət və qəhrəmanlıqla döyüşən Azərbaycan Ordusu 44 gün ərzində Zəfəri təmin etdi!
Məhv edilmiş Ermənistan ordusu mühasirəyə alınmış 20 min nəfərlik heyətini xilas etməkdən ötrü kapitulyasiya aktına imza atmağa məcbur oldu! 
***
Üçtərəfli Bəyanata imza atan Paşinyan sonradan onun bəzi bəndlərinin icrasından imtina etdi, sülh müqaviləsinin imzalanmasını isə müxtəlif bəhanələrlə hələ də uzadır.
İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı bəyanatın mühüm bəndlərindən birinin icrası təmin olundu, bundan sonra isə yüksəksəviyyəli razılığa əsasən, Rusiya Sülhməramlı Kontingenti Azərbaycan ərazisini tamamilə tərk etdi!
Əli hər yerdən üzülən Paşinyan yenidən Fransanın vasitəsilə silahlanır, ABŞ-dən və Aİ-dən yardım alır, üzünü Qərbə çevirərək anti-Rusiya siyasəti yürüdür.
Həm də ehtiyatla, qorxa-qorxa!
"Qarabağı bizdən alıb Azərbaycana Rusiya qaytardı!" - Ermənistan rəsmilərinin səsləndirdikləri yeni "tezis"lərdəndir!
Umacaqları isə odur ki, Rusiya Ermənistanı itirmək istəmirsə, Qarabağı Azərbaycandan alıb təzədən ermənilərə versin!
Ay-hay!
O babanız ölüb!
Qatar isə çoxdan getdiyindən ancaq dalınca boylana bilərsiniz!
***
Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycanın dünyadakı nüfuzunu və sanbalını qat-qat artırdı, daha sərbəst və inamlı fəaliyyət göstərməsinə imkan yaratdı.
İllər öncə hücum diplomatiyasına keçən Azərbaycan beynəlxalq qurum və təşkilatlarla işi gücləndirdi, onların haqsız qərar və addımlarına tam kəskinliyi ilə cavab verdi.
Başlıca məqsədinə - ərazi bütövlüyünün təmininə nail olduğundan digər məsələlərə diqqətini artıra bildi.
Orta dəhlizin tezliklə işə salınması, türk dövlətləri birliyinin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün intensiv və səmərəli fəaliyyət göstərdi.
Bir neçə mühüm məqama diqqət çəkmək istəyirik:
Birinci, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması.
İkincisi, İlham Əliyevin "ŞƏT plyus" formatında iştirakı, orada keçirdiyi görüşlər və əldə etdiyi bir sıra razılaşmalar.
Üçüncü, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması.
Dördüncü, iyulun 11-də Prezidentimizin Pakistana səfəri, imzalanan sənədlər və əldə olunan razılaşmalar.
Əslində, bütün imzalanan sənədlər, keçirilən görüşlər, gələcəkdə əməkdaşlığın dərinləşdirilməsi üçün nəzərdə tutulan tədbirlər, qarşılıqlı investisiyalar Azərbaycanın öz təhlükəsizliyinin etibarlı təminatına, dost ölkələrlə qarşılıqlı maraqları təmin edən əlaqələrin sıxlaşdırılmasına kömək etməklə yanaşı, mövcud imkanlardan və infrastrukturlardan bərabər və səmərəli şəkildə istifadəyə yönəlib!
Baş problemini həll edən Azərbaycan indi daha sərbəst şəkildə, istifadəyə verdiyi transmilli layihələrdən bəhrələnməklə özünə və dostlarına daha böyük faydalar gətirmək istəyindədir.
15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi qardaş Türkiyənin dəstəyi sayəsində 44 günlük Zəfər müharibəsindən sonra gələcək təhlükəsizliyimizin də təmininə xidmət edir!
Şuşa Bəyannaməsinin bir neçə məqamına nəzər salaq: 
* "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər".
* "Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər".
* "Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar".


***


Astanada 13 daimi, 3 müşahidəçi üzvü və 14 dialoq tərəfdaşı olan "ŞƏT plyus" formatında keçirilən görüşdə iştirak edən cənab İlham Əliyev burada Çin Xalq Respublikasının Sədri Si Çinpinlə də danışıqlar apardı.
Görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması iki dövlət arasındakı əlaqələrin yeni mərhələyə yüksəlməsinin sübutudur.
Çin rəhbəri Si Çinpin daim "Vahid Çin" siyasətini dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyevi ŞƏT-in Çində keçiriləcək Zirvə toplantısına, Çinə dövlət səfərinə dəvət edərək Azərbaycanın təşkilatda dialoq tərəfdaşından müşahidəçi statusuna keçməsinə dəstək verəcəyini bildirdi.
***
6 iyul 2024-cü ildə qəbul edilən Qarabağ Bəyannaməsi TDT-nin əlaqə və münasibətlərinin yüksəlməsinin yeni təzahürüdür.
Sənədi imzalayan dövlət başçıları bəyan etdilər ki:
* "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar".
*  "Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər".
* "Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar".

Bütövlükdə 31 maddədən ibarət olan Qarabağ Bəyannaməsi TDT üzvlərinin dostluq və müttəfiqlik əlaqə və münasibətlərinin yeni mərhələsinin təsdiqidir!
***
Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri də dövlətimizin təhlükəsizliyinə və iqtisadi qüdrətinin artırılmasına xidmət edən addımlardandır.
İlham Əliyevin yüksək səviyyədə, böyük səmimiyyət, hörmət və ehtiramla qarşılanması həm də qardaş dövlətin dost Azərbaycana münasibətinin bariz ifadəsidir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında dedi:
* "Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq, biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq".
"Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də, iki ölkə arasında yüksəksəviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq".
Öz növbəsində Prezident İlham Əliyev bildirdi:
"İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir".
"Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq".
***
Ermənistan sürətlə silahlanır!
Əslində, onu sürətlə silahlandırırlar!
Nisyə, havayı silah-sursat verməklə...
Təbii ki, bu silahlanma Azərbaycana qarşıdır.
Revanşizm niyyətiylə!
Ərazilərimizi yenidən işğal etmək məqsədilə!
"Artsax"ı bərpa etməkçün!
Əlbəttə, Ermənistan nə qədər silahlansa da, heç zaman Azərbaycan Ordusundan güclü ordu qura bilməz!
Əvvəla, on minədək itkisi, on iki min fərarisi olan, Azərbaycan əsgərinin qüdrətini görən ordu heç zaman qarşımızda duruş gətirə bilməz!
Ona silah bağışlasalar da, əhali bağışlaya bilməyəcəklər!
Üç milyonluq Ermənistan on milyonluq Azərbaycana güc gələ bilməz!
Nə birgə hərbi təlim keçməyi planlaşdırdıqları ABŞ ordusu, nə də Fransa əsgəri gəlib onların yerinə Cənubi Qafqazda qırılasıdır!
Azərbaycan nəinki müharibədən sonra ordusunu, arsenalını bərpa etdi, həm də yeni növ silahlar aldı, Müdafiə Sənayesi yeni növ silah-sursat istehsalına başladı, müntəzəm təlimlər keçməklə xüsusi təyinatlılarının, komandolarının peşəkarlığını daim yüksəltməklə, havada üstünlüyünü qoruyub saxlamaqla!
Azərbaycan həm də Türkiyə ilə strateji müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalayıb!
Qardaş Türkiyə 44 günlük Zəfər müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadr!
Bunu Ermənistanı revanşa hazırlayanlar heç vaxt yaddan çıxarmamalıdırlar!
Azərbaycan tutduğu yolla inamla gedərək türk dövlətləri ilə, qazandığı dost ölkələrlə əlbir hərəkət edir!
* Bu birlik gücümüzə güc qatır!
* Bu əməkdaşlıq iqtisadi imkanlarımızı gücləndirir!
* Bir-birimizə siyasi dəstəyimiz beynəlxalq miqyasda nüfuzumuzu yüksəldir!
* Hərbi sahədə qarşılıqlı dəstək düşməndən etibarlı müdafiəmizi təmin edir!
* Beynəlxalq qurum və təşkilatlarda bir-birimizi müdafiə etməyimiz bizi haqsızlıqlardan, məkrli niyyətlərdən qoruyur və qoruyacaqdır!
Bütövlükdə qarşıya qoyduğumuz məqsədə daha tez və asan çatmaqla dövlətimizə qüdrət, xalqımıza daha xoşbəxt və firavan həyat gətirəcəyik!

Bəxtiyar SADIQOV
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video