17 Iyul 2024 09:11
166
SİYASƏT
A- A+

Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir

 

Son illərdə Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri ölkəmizi qitələrarası qovşağa çevirib. Eyni zamanda ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Eləcə də Avrasiyanın bir çox ölkəsi  siyasi və iqtisadi çəkisi getdikcə daha da artan Azərbaycanla əməkdaşlıqlarını dərinləşdirməkdə maraqlıdır. Buna görədir ki, Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrin sayı artır. 

Son illərdə isə türk dünyası və islam ölkələri ilə əlaqələr özünün yüksəliş mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev ölkəmizin xarici siyasətini dəyərləndirərkən türk dünyası ilə münasibətlərin daha da möhkəmləndiyini, islam ölkələri ilə əlaqələrin getdikcə daha da gücləndiyini bildirir. Bu ölkələrdən biri də qardaş Pakistandır.

Bəllidir ki, iki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir.

Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Vaxtilə Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə Pakistan bu ölkə ilə diplomatik əlaqələr qurmayan və onun müstəqilliyini tanımayan dövlətlərdən biridir.

İlham Əliyevin iyulun 11-12-ni əhatə edən dövlət səfəri isə Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi.

 

32 illik uğurlu diplomatik münasibətlər

 

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (12 dekabr 1991-ci il) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlət başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.

Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

İlham Əliyevin bu səfəri zamanı isə iki dost ölkə arasında müxtəlif sahələri əhatə edən 15 sənəd imzalanıb.

 

Azərbaycandan başqa heç bir ölkə bunu etməyib

 

1995-ci ilin oktyabrında Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol" imzalanıb, 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub.

Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticarət sahələrində aktivlik ikitərəfli münasibətlərin səviyyəsinə uyğun deyil. Bununla belə bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır.

Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir.

Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.

İyulun 11-də İslamabadda İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirilən geniş tərkibdə görüşdə bu məsələyə xüsusi olaraq toxunulub.

Şahbaz Şərif buna görə İlham Əliyevə təşəkkür edərək bildirib: "Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq".

 

Bu dostluq, qardaşlıq yeni deyil

 

Baş nazir onu da bildirib ki, Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanındadır.

Şahbaz Şərif hətta Azərbaycana səfəri zamanı onun şərəfinə verilən ziyafətdə yediyi yeməyin dadını da unutmayıb: "2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliyinizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm".

O, Pakistanın Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəklədiyini və heç vaxt bu dəstəyi dayandırmadığını vurğulayıb. Baş nazir hesab edir ki, bu, dostluq və qardaşlıq münasibətlərinin gücüdür. İlham Əliyevin Pakistana  səfəri isə mövcud vəziyyəti daha da gücləndirəcək, münasibətləri transformasiya edəcək.

 

Tərəfdaşlığımızın təməlini qardaşlıq təşkil edir

 

Geniş tərkibli görüşdə çıxış edən Prezident İlham Əliyev isə bildirdi ki, tərəfdaşlığımızın təməlini qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. İki qardaş ölkə həmişə çətin zamanlarda bir-birinin yanında olub. 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi.

Azərbaycanın da Cəmmu və Kəşmirlə bağlı mövqeyi yaxşı məlumdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir: "Haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir".

 

Azərbaycan-Pakistan əlaqələri yüksək inkişaf dövrünü yaşayır

 

İyulun 12-də İslamabadda İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi. Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Prezident Asif  Əli Zərdari Azərbaycanın COP29-a evsahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Dövlətimizin başçısı da Pakistan Prezidentini COP29-a dəvət etdi. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.

Səfər çərçivəsində İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış oldu.

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli dövrdə dərinləşməsini təmin edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video