16 Iyul 2024 08:25
258
CƏMİYYƏT
A- A+

Ulu Öndər Gəncəni yenidən qurub ucaltdı

 

Bu inkişaf indi də davam edir

 

Tarix öz-özünə yaranmır. Onu insanlar yazırlar. Amma hər yazılan da, görülən iş də tarixdə özünə yer tapa bilməz. Gərək elə bir işə imza atasan ki, bunun qeyri-adiliyi, çətinliyi və bu çətinliyin necə qətiyyətlə dəf olunmasına insanlarda inam, heyrət yarada biləsən. Bu heyrəti Ulu Öndər Heydər Əliyev Gəncənin də timsalında yaratdı.

Belə ki, indi Gəncə ən inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə oluna bilər. Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Gəncə və gəncəlilərə xüsusi qayğı göstərmiş, dəfələrlə qədim Nizami yurduna səfərlər etmişdir. Bu səfərlərdən sonra şəhərdə böyük infrastruktur dəyişiklikləri olmuş, yeni-yeni mədəniyyət obyektlərinin, sənaye müəssisələrinin təməli qoyulmuşdur. Bütün bunlar isə şəhər sakinlərində dahi rəhbərə dərin məhəbbət yaratmışdır. 

Respublikamızın ikinci ən böyük şəhəri Gəncənin yaşının 4 min ilə bərabər olduğu artıq təsdiq edilmişdir. ABŞ-nin Smitsoniya İnstitutunun qədim Gəncə ərazisində üç dəfə apardığı arxeoloji qazıntılarla isbat edilib ki, Gəncə 4 minillik şəhər mədəniyyətinə malikdir. Əlbəttə, bu 4 minillik tarixdə ilklər çox olub. Belə olmasaydı, qədim və həmişəcavan Gəncə tarixi, mədəniyyəti, milli-mənəvi dəyərlərimizə töhfə verən adət-ənənəsi, minlərlə abidəsi və böyük sənətkar övladları ilə fərqlənməzdi. Xüsusilə şəhərin Şərqlə-Qərb arasında körpü rolu oynaması, əlverişli və füsunkar təbiəti onu həmişə diqqət mərkəzində saxlamışdır.

Lakin bütün bunlar qərəzsiz ötüşməyib. Gəncə dəfələrlə yadellilər tərəfindən işğala məruz qalıb, dağıdılıb, talan olunub. Lakin yenidən əvvəlki əzəmətinə qayıda bilib. Dəfələrlə adı dəyişdirilsə də, şəhər də, onun sakinləri də Gəncə sözünə sadiq qalıb, tapınıb, onu yaşadıb, yaddan çıxarmağa, unudulmağa imkan verməyiblər. Nəhayət, qədim Nizami yurdunun əsl adı ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən özünə qaytarılıb və bundan sonra şəhərdə sürətli inkişafa start verilib. 

Hələ sovet dönəmində, yəni Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə şəhər yenidən qurulmağa başlayıb. Yeni müəssisələr əhalinin məşğulluğunun təmin edilməsinə böyük dəstək olub. Qənnadı fabrikində, xalça-mahud və toxuculuq kombinatlarında, əlvan metalların emalı, çini qablar, mexaniki və maşınqayırma zavodlarında minlərlə şəhər sakini işlə təmin edilib. Şəhərdə insanların mənzil-məişət şəraitinin təmin edilməsi üçün şəhərin müxtəlif ərazilərində 5 yeni mikrorayon salınıb. Yeni məktəblər, uşaq bağçaları açılıb. Şəhərin baş planının hazırlanması qərara alınıb və həm mütəxəssislərlə, həm də ziyalılarla birgə müzakirələr aparılıb. Bütün təkliflər ətraflı götür-qoy edilib və ən başlıcası, mütəxəssis rəyi önə çəkilib. Nəhayət ki, şəhərin baş planı ərsəyə gəlib. 

Baş planın həyata vəsiqə alması ilə şəhər infrastrukturu tamamilə yenilənib. Ümumi görünüşə xələl gətirən qaz boruları, hörümçək toruna bənzəyən elektrik naqilləri, su, kanalizasiya xətləri, yüksəkgərginlikli elektrik kabelləri yerin altına salınıb. İndi bu sözləri yazmaq, söyləmək bəlkə də asandır. Lakin bu işin həcminin böyüklüyünü, çəkilən məsrəfin miqdarını, gərgin günləri nəzərə alsaq, nə qədər böyük əmək sərf edildiyinin şahidi olarıq.

Gəncənin inkişafı ölkəmiz müstəqillik qazandıqdan sonra daha da sürətləndirildi. İkinci dəfə siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızın hər yerində olduğu kimi, Gəncədə də yenidənqurmaya meydan verdi. İlk növbədə Gəncədə 1000-dən artıq binanın dam örtüyü dəyişdirildi. Fasadları ən müasir görkəmə salındı. Özü də bu zaman müasir memarlığın ən yeni formalarından istifadə olundu. Biri digərindən quruluşuna, bəzək ünsürlərinə görə fərqləndirildi. Fərdi evlərin də dam örtüyü yeniləndi. İllərlə yaddan çıxan, unudulan tarixi abidələrə yeni həyat verildi. Pasportlaşdırılan 150 abidə tariximizin müxtəlif dövrlərinə bələdçilik etmək səlahiyyəti qazandı.

Artıq şəhər əvvəlki məkanına sığmırdı. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev Heydər Əliyevin başladığı və yarımçıq qalmış işləri uğurla davam etdirdi. Dövlət başçısının müvafiq sərəncamı ilə ilk dəfə 5 qəsəbə yaradıldı: Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbələri. Hər biri də ən müasir infrastrukturu olmaqla abadlaşdırıldı. Məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və digər xidmət obyektləri ilə birlikdə sakinlərin rahatlığına elə bir töhfə verildi ki, indi insanlar şəhərin mərkəzindən çox həmin qəsəbələrdə yaşamağı üstün bilirlər.

Məlumdur ki, Gəncə məşhur xan çinarları ilə dillər əzbəridir. Xan çinar xiyabanları, bu çinarların əkildiyi böyük sahələr insanların isti yay günlərində gözünə-könlünə rahatlıq,  sərinlik gətirir. Qışın oğlan çağında xiyabanları, bağ-bağçaları bəzəyən gül-çiçək sakinlərin ruhunu oxşayır. Qısa vaxtda Gəncə parklar şəhərinə çevrildi. Fikrət Əmirov parkı, Nəriman Nərimanov parkı, İstiqlal parkı, Mirzə Şəfi parkı salındı. Gəncəlilər Ulu Öndərə öz məhəbbətlərini ifadə etmək üçün sahəsinə görə dünyada sayca ikinci olan  Heydər Əliyev park-kompleksinin yaradılmasına başladılar. Az bir vaxtda park istifadəyə verildi. Sahəsi 450 hektar, uzunluğu 2 kilometrdən artıq olan bu park-kompleks zəngin bitki örtüyü, 1100 kvadratmetr ərazidə inşa edilən "Zəfər tağı" ilə qürurlanır. "Zəfər tağı"nın hündürlüyü 40 metrdir və 7 mərtəbədən, 6 ədəd açıq eyvandan ibarətdir. Ətrafı seyr etmək üçün burada 30 metr hündürlüyündə meydança da var. 3500 nəfərlik amfiteatr, 7 hektar ərazini əhatə edən, bölgədə yeganə olan "Gəncland", velosiped yolu, Ulu Öndərin möhtəşəm abidəsi, gözəl arxitekturalı Heydər Əliyev Mərkəzi ilə təkrarsızlığın, bənzərsizliyin etalonuna çevrildi.  Möcüzələrdən biri də odur ki, çat-çat olmuş torpaqda süni göl yaradıldı. Süni şəlalə kompleksi işə salındı.

Gəncəlilərin fəxri olan və müqəddəs məkan saydıqları Heydər Əliyev park-kompleksində bu şəhərin ən böyük və möhtəşəm Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Mərkəzdə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Burada Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif  illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Bir zamanlar şəhərin ən yöndəmsiz, baxımsız yeri olan Gəncəçayın sağ sahilini indi tanımaq olmur. İlk dəfə olaraq çay boyunca yaradılan bulvar kompleksində böyük abadlıq və quruculuq işləri görülüb. Bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb. İndi Gəncə bulvarı, sözün həqiqi mənasında, gözəlliyi ilə insanları özünə cəlb edə bilir və sakinlər günün bütün vaxtlarında burada əylənə, dincələ bilirlər.

Şəhərin mərkəzində klassik memarlıq üslubunda tikilmiş və görkəmi ilə diqqəti cəlb edən binada Məhsəti Gəncəvi Mərkəzi yerləşir. Binanın qarşısındakı bağ və Məhsəti Gəncəvinin möhtəşəm heykəli ümumi ansamblı tamamlayır. Burada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, yardımçı otaqlar fəaliyyət göstərir və bura hər zaman qələbəlik olur. 

Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi məqbərəsinin yaxınlığında inşa edilən Nizami Gəncəvi Muzeyi buraya gələnlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeydə şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan "Xəmsə" və monoqrafiyalar, Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya Milli kitabxanalarında, eləcə də Misirin İskəndəriyyə kitabxanasında, Fransanın Strasburq Kitabxanasında və ABŞ-nin Metropol muzeyində qorunan "Xəmsə" əlyazmalarının və mini-atürlərinin nüsxələrindən ibarət guşə yaradılmışdır. Burada "Qurani-Kərim"in ən qədim nümunəsi də saxlanılır.

Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi  də çox möhtəşəm şəkildə tarixi ənənələrə uyğun inşa edilib. Yeni yaradılan bu abidə şəhərin 5 qapısından biri olan "Məqbərə" qapısının bərpaolunan variantıdır. Burada Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən zəngin bir muzey fəaliyyət göstərir.

Qeyd edək ki, Gəncədə təkcə bir ildə 5 muzeyin qırmızı lenti kəsilib. Bünövrəsini  Prezident İlham Əliyevin qoyduğu və qırmızı lentini kəsdiyi bu gözəllik məkanları ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın böyük qayğısı və himayəsi ilə ərsəyə gəlmişdir.  Ümumilikdə isə son 5 ildə 6 muzey istifadəyə verilməklə Gəncə həm də muzeylər şəhərinə çevrilmişdir.

Gəncənin sürətli inkişafında uzunluğu 12 kilometr olan bir prospektin adını çəkməmək olmaz. Şəhərin iki giriş istiqamətini birləşdirən bu prospekti bəzəyən daş kitabələr, yaraşıqlı  istinad  divarları,  arxitekturalı binalar,  şəhərin  ən  qədim  sahəsini özündə əks etdirən qırmızı kərpicli binalar, qədim taxta qapılar tarixi memarlıq elementlərinin nişanəsidir. Zəngin bitki aləmi, gül-çiçək bu prospektin gözəlliyini bir qədər də artırır.

Cavad xan küçəsi açıq səma altında bir tarix muzeyini xatırladır. Müasirliklə tarixin sintezi bu küçəni gəlimli-gedimli edib. Çünki burada həm tarixin müxtəlif dövrlərinin əksi olan binalar, həm də gözəlliyi özündə cəmləşdirən fəvvarələr və digər obyektlər fəaliyyət göstərir.

Görülən işlər çərçivəsində Nizami Gəncəvinin məqbərəsində aparılan yenidənqurma işlərini də qeyd etmək yerinə düşər. Burada 7540 kvadratmetr sahəyə qranit plitə döşənmiş, dörd hovuz, iki şəlalə inşa edilmişdir. Beş buta qranitlə üzlənmiş, bir süni göl və körpü yenidən təmir olunmuşdur. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulmuş, burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilmişdir.

Son illər şəhərdə istifadəyə verilən obyektlər sırasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Milli Dram Teatrı da var. Şəhərin ümumi arxitekturasına gözəllik qatan bu mədəniyyət ocaqları Gəncə mədəniyyətinin gündən-günə inkişafından xəbər verir.

Bu il şəhərdə istifadəyə verilən yeni İdman Sarayı da müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan Gəncə İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol  və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Qeyd edək ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının  standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb.

Unikallığı ilə seçilən istirahət obyektlərindən biri də Ekoloji Park Kompleksidir. Burada insanların rahatlığı və asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılıb. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizayn ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün hər cür şərait var. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bundan başqa, oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılmışdır. 

Qeyd edək ki, qədim Nizami yurdu gözəlləşdikcə, onun şöhrəti də hər tərəfə yayılır. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə şəhər Avropa Gənclər Paytaxtı elan edildi. Bununla bağlı şəhər mərkəzində 1,8 hektarı əhatə edən ərazidə Avropa Gənclər Paytaxtı parkı salındı. Parkın mərkəzində hündürlüyü 5 metr olan "Gəncliyin qanadları" abidəsi ucaldıldı ki, bu da parkın dizaynını zənginləşdirdi. Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı olması ilə bağlı parkda xüsusi yaradılmış kompozisiya da qonaqlara xoş ovqat bəxş edir.

Yeni istifadəyə verilən "Gənclər evi" zirzəmisi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada müxtəlif təyinatlı 50 otaq var. "Gənclər evi"ndə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.

Son illər Prezident İlham Əliyev Azərbaycan xalqının görkəmli oğlu, dünya poeziyasının sönməz günəşi Nizami Gəncəvinin 870, dünyanın ilk demokratik qadını və şeir ustadı Məhsəti Gəncəvinin yaradıcılığının 900, Avropa ilə Şərqi poetik tellərlə birləşdirən Mirzə Şəfi Vazehin 220 illik yubileylərinin qeyd edilməsi haqqında sərəncamlara uyğun olaraq tədbirlərin keçirilməsi istər şəhər sakinlərində, istərsə də qonaqlarda xoş təəssürat yaratmışdır. 

Yubileylər ərəfəsində dünyanın görkəmli şərqşünas alimləri, Madrid klubunun üzvləri, bir sıra dövlət xadimləri və ictimai xadimlər şəhərdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmiş və öz dəyərli fikirləri ilə bu dahi mütəfəkkirlərin yaradıcılığını yüksək qiymətləndirmişlər. Dünyanın bir çox ölkələrində - İtaliya, ABŞ, Rusiya, Çin, Tacikistan və Qazaxıstanda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin əsərləri sərgilənmiş və müxtəlif dillərə tərcümə olunaraq dünya xalqlarına çatdırılmışdır.

Dahi şair və mütəfəkkir Şeyx Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə  ilk dəfə olaraq dünyanın ən nüfuzlu beynəlxalq humanitar toplantıları - I Bakı Beynəlxalq Humanitar Forumu və Madrid klubunun iştirakçıları olan dünyanın 30-dan çox ölkəsindən görkəmli sabiq dövlət və hökumət başçıları, Nobel mükafatçıları, şərqşünas alimləri Gəncədə dahi ədibin silsilə yubiley tədbirlərində iştirak etmişlər.

Bütün bu nailiyyətləri gəncəlilərə bəxş edən Ulu Öndərin yubileyləri də gəncəlilər tərəfindən böyük hörmətlə qeyd edilir. Gəncəlilər dəfələrlə şəhərin mərkəzi meydanında dahi rəhbərə həsr edilmiş fləşmob aksiyası keçirməklə ona məhəbbətlərini ifadə etmişlər. Bununla onlar demək istəmişlər ki, cahanşümul şəxsiyyət olan Ulu Öndərimizin ideyaları bu gün də yaşayır. 

Beynəlxalq elmi və ictimai, mədəni əlaqələri genişlənmiş Gəncə özünün tarixində ilk dəfə olaraq İtaliyanın Turin, Çexiyanın Olomoits, Türkiyənin Əskişəhər, İranın Təbriz şəhərləri ilə qardaşlaşmışdır. Bu şəhərlərlə Gəncəni qardaşlaşdıran ən mühüm dəyər isə qədim, zəngin tarixi ənənələri, dünyada tanınmış mütəfəkkirləri ilə seçilməsidir.

Dinamik inkişafın fonunda qədim Gəncə həm də gəncləşir. Məhz bunun nəticəsidir ki,  Gəncə Azərbaycanın "Gənclər paytaxtı" elan edildi. Bu, şəhərimizin inkişafına və gəncləşməsinə verilən mənəvi qiymət idi.  Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanın "Gənclər paytaxtı"nın seçilməsi üçün əhalisi 50 min və daha çox olan şəhər və rayonlar iştirak edə bilərdilər. 51 şəhər və rayonun iştirak etdiyi seçimlərdə Gəncə ilk dəfə "Gənclər paytaxtı" müsabiqəsinin lideri oldu.

Bütövlükdə, "Gənclər paytaxtı" adını daşıdığı 2012-ci il ərzində Gəncə şəhəri ölkəmizdə uğurla həyata  keçirilən gənclər siyasətinə böyük töhfələr verdi. Bu cür xoşməramlı, gənc nəslin inkişafına xidmət edən tədbirlərin keçirilməsi isə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu gənclər siyasətinin məzmun və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və bu siyasətin uğurla davam etdirilməsinin göstəricisidir.

Bu uğurdan sonra Gəncə Avropanın Gənclər Paytaxtı olmaq üçün özündə güc və qüvvə tapdı. 2013-cü ildə "Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsində Gəncə şəhərinin namizədliyi irəli sürüldü və gərgin keçən mübarizə şəraitində Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçildi. Bu gün Gəncə Avropanın ən nüfuzlu beynəlxalq gənclər tədbirlərinə evsahibliyi edir.

Əlbəttə, bütün bu uğurlar qədim Nizami yurdunun təntənəsi, ölkədə qazanılan uğurların rəmzidir. Qazanılan uğurlar eyni zamanda dövlət başçısının daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Bəli, bu gün gəncəlilər özlərini xoşbəxt hesab edirlər. Bu xoşbəxtliyi isə onlara Ümummilli Lider Heydər Əliyev bəxş etmişdir. Onlar sevinirlər ki, dahi rəhbərin ideyaları Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə uğurla davam etdirilir. İndi şəhərdə kimdən soruşsan, ürək sözlərini bir cümlə ilə ifadə edər: "Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ümummilli Lider, İlham Əliyev kimi Prezidentimiz var".

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video