Düz dörd ildir ki, azadsan...
Zəfər yurdu...
Qürur qalası...
Şərəf rəmzi...
Vətən qibləsi...
Mədəniyyət paytaxtı...
Düşmənə gözdağı, qisas meydanı...
Ay-ulduzlu, üçrəngli bayrağımızın məğrur-məğrur dalğalandığı uca məkan...
Qəhrəman Azərbaycan oğullarının hünər, igidlik, şücaət, rəşadət sərgilədikləri qəhrəmanlıq şəhəri...
Əziz Şuşa!
Günün mübarək!
Sənə bayram çox yaraşır!
Şuşanın ruhu da paklaşıb
Düz dörd ildir ki, Azərbaycan xalqı Şuşalı günlərin fəxarəti içərisindədir...
Düz dörd ildir ki, Zəfər ünvanımız Şuşa düşmənin murdar aurasından təmizlənib, saflaşıb, durulub, paklaşıb...
Düz dörd ildir ki, Qarabağın büllur qəsri Şuşanın mənəviyyatı, mədəniyyəti də özünə qaytarılıb. Burada "Xarıbülbül" Musiqi Festivalı kimi beynəlxalq səviyyəli tədbirlər keçirilir. İndi müqəddəs Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı... məscidlərindən səslənən azan sədası Allah dərgahına ucalır...
Düz dörd ildir ki, mədəniyyət paytaxtımız Şuşa xarabalıqdan abadlığa çıxıb. Quruculuq meydanına çevrilən qədim qalamız doğma sakinlərinə qovuşmağa başlayıb. Şuşalılar birqərinəlik ayrılığın ardından doğma şəhərlərinə dönərək yenidən burada xoşbəxt həyata qədəm qoyurlar...
Bütün bu fəxarətli günlərimizin başlanğıcı isə 2020-ci il noyabrın 8-də - qəhrəman Azərbaycan döyüşçülərinin rəşadətlə vuruşaraq, çarpışaraq əldə etdikləri Şuşa Zəfəri ilə qoyulub.
Düz dörd il əvvəl Azərbaycan xalqı möhtəşəm Şuşa Zəfərinin müjdəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!" müjdəsi ilə duyub. O gün qürurdan, fərəhdən, fəxarətdən ürəklərimiz dağa dönüb, gözlərimizdən axan sevinc göz yaşları sel olub...
Vətən qibləsində
Düz dörd ildir ki, azərbaycanlıların səyahət üçün çıxdıqları yolun ilk dayanacaq ünvanı məhz Şuşadır. Ölkəmizin hər tərəfindən insanlar böyük sevinc hissi ilə bu şəhərimizə yollanır. İgid qazilərimizin, qəhrəman şəhidlərimizin qanları, canları ilə açdıqları Zəfər yolu ilə hər daşına, torpağına, ağacına, küçəsinə, döngəsinə, cığırına qələbə hopmuş Şuşaya getməyin xoşbəxtliyini yaşayırlar.
Zəfər ünvanımızı ziyarət edən hər kəs burada baş verən anbaan dəyişikliyə heyranlıqla baxır, qədim şəhərimizin dirçəlişinin şahidi olur.
Dolanbac küçələri ilə Şuşanı gəzərkən sözün əsl mənasında təbdən-təbə, fərqli əhvallara düşürsən. Bu şəhəri azad etmək üçün neçə-neçə qəhrəman oğlumuzun canından keçdiyini düşünüb qəhərqarışıq hisslərə bürünür, Şuşanın azadlığının qüruruna köklənirsən. Bir gözündən qüssə, bir gözündən sevinc yaşları axır...
Qədim qala divarlarına baxanda istər-istəməz tarixin dərin qatlarına enirsən, cərgə ilə sıralanmış müasir binalar isə səni gələcəyə yönləndirir.
Bir yanda düşmən vandalizminin izlərini daşıyan, digər yanda quruculuq işlərini əks etdirən tikililər görürsən. Bu təzadın fonunda düşmənin barbarlığı, azərbaycanlıların qurub-tikən xalq olduğu bütün incəliyi ilə gözlər önünə sərilir.
Ovuclarını qoşalayıb Natəvanın 30 ildən sonra yenidən çağlayan bulağının altına tutanda, buz kimi şirin sudan qurtum-qurtum içəndə sanki ruhuna da sərin su səpilir...
Gedib İsa bulağını onilliklərin o üzündəki qonaq-qaralı günlərindəki əhvalda görəndə xoş duyğulara bürünürsən...
Şuşaya baş çəkəndə birmənalı olaraq hər kəsin yollandığı məkanlardan biri də Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş heykəllərinin sıra ilə qoyulduğu meydan olur. Ağrı-acılı illərimizin yarasını hələ də üzərlərində daşıyan bu heykəlləri Vətən müharibəsindən heç bir il keçməmiş, 2021-ci il yanvarın 14-də Şuşaya Zəfər yolu ilə səfər edən qalib lider İlham Əliyev öz yerlərinə qaytarıb. Bununla da Şuşanın əzəli sakinlərinin əbədi olaraq məkanlarına qovuşdurulmalarının rəmzi işarəsini verib.
Azadlığına qovuşdurulan Şuşa düşmənin çirkabından, zir-zibilindən də tamamilə təmizlənib, səliqəli şəhərə dönüb.
Bu şəhərin canlılar aləmi - it-pişiyi də aclıqdan, səfalətdən, xəstəliklərdən, özlərinə qarşı düşməndən gördükləri vəhşi münasibətdən qurtulub. İndi Şuşadakı bütün heyvanlar da qayğıyla əhatələnib.
Şuşada toy çalınır, körpələr doğulur...
Düz bir qərinə ərzində adı gələndə belə ürəyimizdə qubarın baş qaldırdığı, gözlərimizin kədərdən nəmləndiyi Şuşa bu gün bayram sevinci yaşadığımız baş ünvana çevrilib. İndi onun küçələrindən ah-nalə, top-tüfəng səsləri deyil, şən gülüşlər, musiqi sədaları yüksəlir.
Şuşada toy çalınır, körpələr doğulur...
Ata-analar övladları ilə birgə Şuşada gəzməyi dünyanın ən böyük xoşbəxtliyi sanırlar...
İlin bütün fəsillərində əllərində ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağı olan insanlarımız üzərində "Şuşa" yazılmış qala qapılarının, xarıbülbülün məşhur simvolunun qarşısında foto çəkdirmək üçün sıraya düzülürlər.
Mədəniyyət paytaxtımızın qədim küçələrində üzərində "Şuşa" yazılmış avtobuslar şütüyür...
Biz illər boyu azğın düşmənin Cıdır düzündə at oynatmasını, "yallı" getməsini görüb qəzəb hissi keçirmişik. Ancaq şanlı zəfərimiz sayəsində Şuşanın rəmzlərindən olan Cıdır düzü də yağı tapdağından azad olub. İndi xarıbülbülün oylağı olan bu düzdən qanadlanan Azərbaycan muğamının sədaları bütün Qarabağa, ölkəmizə, dünyaya səs salır... Şuşanın əsl sahiblərinin qayıtdığını duydurur...
İşğal zamanı vandallığa tuş gələn Şuşanın məscidləri də bir-bir bərpa olunaraq fəaliyyətə başlayır. Bu müqəddəs məkanlarda namaz qılınır, "Şükür sənə, İlahi, bizə Şuşanın azadlığını görməyi nəsib etdin" deyə Tanrıya dualar edilir...
Bəli, düz dörd ildir ki, azadlıq bayramını qeyd edən Şuşanın növrağı belədir və əbədiyyətədək də belə qalacaq. Elə əməkdaşımız İlham Babayevin mədəniyyət paytaxtımızdan hazırladığı fotoreportaj da qala şəhərimizin xoş, bayram əhvalını oxucularımıza əyani çatdırmağa başqa bir vəsilə olacaq.
Hər kəs azadlığın, bayramın, təntənənin, Azərbaycan ruhunun Zəfər qalamıza, Qarabağın ürəyinə - Şuşaya necə yaraşdığını görür...
Yasəmən MUSAYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"