Bu günlər dünya mediasında daha çox müzakirə olunan mövzulardan biri də Suriyada Bəşər Əsəd rejminin devrilməsi və ölkədə cərəyan edən son proseslərdir. Bəşər Əsəd rejiminin süqutu Suriya xalqına sevinc bəxş etsə də, bəzi ölkələrdə narahatlıq və məyusluq yaradıb. Belə ölkələrdən biri də Ermənistandır. Təbiidir ki, bu narahatçılığın kökündə gizli və açıq olan bəzi maraqlar dayanır.
Ötən il baş nazir Paşinyan Suriyanın Müstəqillik Günü münasibətilə Bəşər Əsədə təbrik məktubu ünvanlamış, xeyli yaltaqlanmışdı. Özünə əriştə kəsə bilməyi bacarmayan Paşinyan Suriya üçün umac ovurdu. Ermənistan silahlı qüvvələrinin bir qrup zabit və əsgərləri bu ölkənin ordusunun yanındaydı. Bu addımı ilə rəsmi İrəvan guya Suriyaya dəstək göstərdiyini nümayiş etdirirdi. Amma ermənilər burada da öz xislətlərini göstərdilər. Suriyada döyüşlər başlayan kimi erməni zabit və əsgərlər vəziyyətin gərginləşdiyini görüb Bəşər Əsəd rejiminə heç bir dəstək-filan vermədən tələm-tələsik qaçıb Ermənistana gəldilər. Bir daha dünya onların yaramaz sifətlərini gördü.
Suriyada son günlər baş vermiş hadisələrin gedişi dünyada bir çox reallığı dəyişdi və dəyişməkdə də davam edəcək. Uzun illər Suriyaya rəhbərlik etmiş Bəşər Əsədin devrilməsi Yaxın və Orta Şərqdə Ermənistana çox ağır zərbə vurdu. Yaxın tarixdən məlumdur ki, Ermənistanla Bəşər Əsədi sıx tellər bağlayırdı. Qısa müddət ərzində rejimin çökməsi artıq bu telləri kəsib doğradı. Bəşər Əsədlə Ermənistanı hər şeydən əvvəl Suriyadakı erməni cəmiyyətlərinin, açıq və ya gizli fəaliyyət göstərən terror təşkilatlarının mövcudluğu birləşdirirdi. Bütün dünyaya məlumdur ki, Suriya erməni silahlı qruplaşmalarının, terrorçularının hazırlandığı məkanlardan biri olub. Suriyada hazırlanan terrorçular dəstə-dəstə Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa göndərilirdi. Birinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə cəsur zabit və əsgərlərimiz bu terrorçuların bir çoxunu məhv etmişdilər. Onların meyitləri danılmaz fakt kimi ortalıqda idi. Bütün bunlar bir daha göstərirdi ki, Bəşər Əsəd hakimiyyətinin Ermənistanla sıx və dərin əlaqələri mövcuddur. Ermənistan hakimiyyəti kimi Suriya da terroru dəstəkləyirdi.
Qarabağın və ətraf rayonların erməni işğalında olduğu vaxtlarda Ermənistanın prezidentləri olmuş Xocalı qatilləri Robert Koçaryan, Serj Sarkisyan, indiki baş nazir Nikol Paşinyan Suriyada yaşayan erməniləri, terrorçuları Qarabağa dəvət edirdilər. Terrorçuluğu dəstəkləyən Ermənistanın Bəşər Əsədlə əlaqələri gündən-günə genişlənirdi. Güclənən bu əlaqələr nə iqtisadi, nə də siyasi xarakter daşıyırdı. Bu əlaqələr yalnız və yalnız terrorçuluq üzərində qurulurdu. Bəşər Əsəd rejiminin süquta uğraması Ermənistanın imkanlarını tamam məhdudlaşdırdı. Bu ölkəyə gedən yollarını bağladı. Suriyada baş verən hadisələrdə Ermənistanı məyus edən də məhz terrorçuluq bağının qırılmasıdır. Artıq Ermənistan bundan sonra Suriyadan gələn terrorçu dəstəyindən yararlana bilməyəcək.
Əsədə dəstək bəzi ölkələrlə yanaşı, işğalçı Ermənistan hakimiyyətindən də gəlirdi. İki ölkə rəhbəri arasında yaxın əlaqələr, Paşinyanın Əsədə təbrikləri onların bir-birilərinə qarşı mehriban münasibətlərindən xəbər verirdi. Bu mehribançılığın nəticəsidir ki, Ermənistan hərbçiləri Hələbdə xidmət edir, minatəmizləmə adı altında Əsəd rejiminə dəstək göstərirdilər. Özü başqa ölkələrdən silah-sursat dilənən Ermənistanın hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə kömək edirdi. Suriyadakı erməni terror təşkilatları Əsəd rejimi ilə sıx əlaqələr qurmuşdu. Paşinyan bu terror təşkilatları vasitəsilə gələcəkdə çirkin işlərini həyata keçirməyə çalışırdı. Bəşər Əsəd rejiminin süqutu Ermənistanın bütün planlarını alt-üst etdi, bütün maraqlarına sarsıdıcı zərbə vurdu.
Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün əlindən gələni etməyə həmişə hazırdır. Azərbaycan öz ərazisində terror qruplaşmalarının kökünün kəsilməsinə nail oldu. Bu, terrorla mübarizədə Azərbaycanın ortaya qoyduğu nümunə idi. Onu da qeyd etmək lazımdır ki, humanitar yardımla bağlı da Azərbaycan dünya səviyyəsində ciddi uğurlar qazanıb. Pandemiya dövründə Azərbaycan bir çox ölkəyə humanitar yardım göstərdi. Ölkəmiz Suriyada da sülhün, əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcək.
Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada sabitliyin yaranacağı gözlənilir. Sabitliyin yaranması üçün keçid hökuməti bu istiqamətdə inamlı addımlar atmaqdadır. Unudulmamalıdır ki, Suriyada sülh bütövlükdə, Yaxın Şərqdə, eyni zamanda Cənubi Qafqazda sabitlik deməkdir. Getdikcə dünyadakı dayaqlarını, arxasını itirən Ermənistan Azərbaycanla sülh məsələsində konstruktiv mövqe tutmalıdır. Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülhə imza atmalıdır. Çünki Ermənistanın bundan başqa yolu yoxdur. Günlərin birində Qərb də əlini Ermənistanın üstündən çəkə bilər. Suriyada baş verən hadisələr rəsmi İrəvan üçün dərs olmalıdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"