Vəzifə borclarını şərəflə yerinə yetirərək onlarla sərnişinə yaşam şansı verən üç qəhrəman əbədiyyət səmasına uçdu
Dekabrın 25-i səhərini adi, bom-boz qış günlərindən biri kimi açmışdıq. Amma saatlar irəlilədikdən sonra ildırım sürəti ilə yayılan acı xəbər ürəklərimizə bıçaq kimi saplandı. Öyrəndik ki, sərnişin təyyarəmiz Qazaxıstan ərazisində qəzaya uğrayıb, çoxsaylı insan tələfatı olub. Daha ətraflı xəbər almaq üçün kütləvi informasiya vasitələrinə, sosial mediaya kilidləndik. Qəzanın necə baş verməsini əks etdirən kadrlara baxanda faciənin miqyasının böyüklüyündən dəhşətə gəldik. Göydən süzülərək yerə çırpılan nəhəng hava gəmisi bir anda ikiyə bölünmüş, alov topuna çevrilmişdi. Birmənalı olaraq qəza ilə bağlı hamının qənaəti bu idi: buradan sağ çıxmaq mümkün deyil...
Lakin qəza ilə əlaqədar yayılan digər kadrlara baxanda heç kəs gözlərinə inana bilmədi: faciədən sağ-salamat çıxanlar, hadisənin şokunda olsalar belə, öz ayaqları ilə təyyarənin parçalanmış arxa hissəsini tərk edənlər vardı...
Bu, İlahi möcüzənin özü, bir də yerlə göy arasında ölüm-dirim savaşı verərək son nəfəslərinə qədər belə təslim olmayıb vəzifə borclarını ləyaqətlə yerinə yetirən pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın şəxsi peşəkarlıqlarının, qəhrəmanlıqlarının böyük heyrət, sonsuz minnətdarlıq hissi yaradan ağlasığmaz nəticəsi idi...
Ölümə hökm edən Hökumə
Sözügedən tarixdə Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin labüd qəzadan qaçışının olmayacağını yaxşı anlayan ekipaj heyəti əllərindən gələn hər şeyi etməyə çalışmışdılar ki, həm qəzanın fəsadlarını mümkün qədər azalda bilsinlər, həm də sərnişinləri düzgün təlimatlandıraraq onları fiziki, mənəvi baxımdan baş verəcəklərə hazırlasınlar, ən əsası, onlarda həyat yaşamına dair ümidləri sönməyə qoymasınlar.
Həmin məşum dəqiqələrdə təyyarədə Hökumənin dilindən səslənən və indi hər birimizin qulağında dönə-dönə təkrarlanan "Hər şey yaxşı olacaq!" ifadəsi, sözün əsl mənasında, sərnişinlər üçün yaşamla ölüm arasında ümid işartısı oldu.
Hökumə azacıq titrək, eyni zamanda da inamlı səslə dediyi bu sözlərlə insanları həyata elə möhkəm bağladı ki...
Zərifliklə əzəməti, gücü və inamı eyni anda təcəssüm etdirən bu sehrli ifadə ilə, sözün əsl mənasında, həm də elə ölümə hökm etmişdi Hökumə...
Məhz azərbaycanlı üç peşəkar qəhrəman sayəsində bu gün həyatda olan yekaterinburqlu sərnişin Sübxonkul Rəhimov müsahibəsində Hökumənin kritik məqamda əzm və cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirdiyini vurğulayıb: "Pilotlara daha yaxın olan stüardessa, xüsusilə qadın üçün vəziyyətin dəhşətli olmasına baxmayaraq dözdü. O, əzm göstərdi. O, belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları, vəzifələri yerinə yetirirdi".
"Mən onun göstərişinə itaət etdim və kreslonun söykənəcəyinə sıxıldım", - deyə söyləyən sərnişin əlavə edib ki, stüardessa öz işini mükəmməl şəkildə yerinə yetirib, insanları sakitləşdirib.
Azman pilotların sayəsində sağdırlar
İstər yerli, istər xarici mütəxəssislər olsun, birmənalı olaraq tam vurğulayırlar ki, bu dəhşətli qəzadan 30-a yaxın insanın sağ-salamat çıxması məhz pilotların peşəkarlığı sayəsində mümkün olub. Öz işlərinin azmanı olan İqor Kşnyakin və Aleksandr Kalyaninov təyyarəni münasib yerə endirmək və mümkün qədər zərbənin təsirinin azalmasına nail olmaq üçün göy üzündə qəhrəmanlıqla mübarizə aparıblar. Əlbəttə, peşəkar pilotlarımız birinci dəfə deyildi ki, təyyarə sükanı arxasına keçirdilər, sərnişin daşıyırdılar. Buna görə, şübhəsiz ki, onlar budəfəki uçuşun ağır nəticələnəcəyini, bunun son vəzifə borcları olduğunu da bilməmiş deyildilər. Amma bu qəhrəmanlar bütün bunları bilə-bilə öz canlarının hayına qalmaq üçün yox, sərnişinlərini sağ-salamat yerə endirmək, mümkünsüzü mümkün etmək üçün çabalayıblar...
Bu sahə üzrə mütəxəssislərin də təsdiqlədikləri kimi, təyyarənin qəhrəman pilotları qarşılarına qoyduqları missiyanı şərəflə yerinə yetirə biliblər.
Təyyarə qəzasında sağ qalmış bələdçi Zülfüqar Əsədov deyib: "Sağ qalmağımız möcüzədir. Ekipaj komandiri, ikinci pilotun qəhrəmanlıq göstərməsi nəticəsində sağ qalmışıq".
İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın peşəkarlıqları, təmkinləri, polad iradələri otuza yaxın insana yaşam şansı qazandırdı... Bir gerçəklik isə odur ki, həmin insanların sağ qalması bu müsibətə yanan qəlblərimizə toxtaqlıq verən yeganə nəsnə oldu.
İki pilot və bələdçi bu misilsiz şücaətləri ilə adlarını həm ölkəmizin, həm də dünyanın hava nəqliyyatı tarixinə qəhrəman obrazlar kimi qızıl hərflərlə həkk etdirdilər...
Heyrət, heyranlıq, sonsuz minnətdarlıq hissilə təkrar edirik ki, bu, böyük qəhrəmanlıq, böyük şücaət, Azərbaycan xalqının malik olduğu mübariz, əzmkar ruhun təzahürüdür.
Və elə 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxan qəhrəman övladları olan Azərbaycanın ölümə baş əyməyən cəsur oğulları və qızlarının olması da heç təəccüblü deyil...
İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva kimi...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"