Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimizə diqqət və qayğı təşkil edir. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən sayılır.
Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsində olmuşdur. Bütün bunlar gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində, xalqımızın tolerantlıq tarixinin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynamışdır.
Tarixdən də məlum olduğu kimi, Gəncədən təxminən 40 kilometr qərbdə - 1819-cu ildə alman kolonialistləri tərəfindən yaradılmış Annenfeld kəndi hazırda Şəmkir şəhərinin əsasını təşkil edir. Bu qədim ünvanda tolerantlığın, xüsusən də alman mədəni irsini və almanların qədim ruhunu özündə yaşadan tikililər çoxdur. Almanlar Annenfeld (indi Şəmkir) şəhərində 4 küçə salmış, bu küçələrdə 400-ə qədər ev tikmiş və rus-alman dilində dördsinifli məktəb açmışlar.
Mütəxəssislərin fikrincə, burada şəhərsalma mədəniyyəti Şəmkirin coğrafi mövqeyi ilə sıx bağlıdır. Hələ həmin dövr küçələrdə, evlərdə bu gün də istifadədə olan kanalizasiya sistemləri quraşdırılmışdır. Bu gün Şəmkirdə küçələr boyunca taxta döşəməli, holland sobalı, şüşəbəndli və geniş zirzəmili, ən azı iki-üç otağı, həyətində yardımçı tikililəri olan mülki evlər eyni istiqamətdə yan-yana düzülmüşdür. Qırmızı kirəmit və ya dəmirlə örtülmüş evlər öz memarlıq simasında qotik üslubun əlamətlərini daşıyır. Bu şəhərin planlı şəkildə salınması, kanalizasiya və su kollektorlarının, su arxlarının, habelə küçələrdə ağacların, yaşıllıq zolaqlarının nizamlı salınması, park və musiqili əyləncə mərkəzinin yaradılması, mərkəzdə məbədlərin və inzibati binaların yerləşdirilməsi şəhərsalmanın ilkin mərhələdən sistemli xarakter daşıdığını sübut edir. Küçələrin istiqamətli salınması və yaşayış məkanlarının sosial təbəqələşməyə uyğun təşkili də məkanın şüurlu planlaşdırılmasının göstəricisi hesb olunur.
Almanlar Şəmkirdə üzümçülük, maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Ötən əsrin sonlarınadək fəaliyyətdə olan məşhur Şəmkir konyak zavodunu, Lenin qəsəbəsi (indi Çinarlı), Təzəkənd və İrmaşlı kəndlərindəki şərab zavodlarını da onlar tikmişlər. Almanlar Yasamal dağlarının döşündəki meşəliklərdəki bulaqlardan Şəmkirin özünə, eləcə də adıçəkilən kəndlərə su çəkdirmiş, ən nəhayət, bölgədə ilk su-elektrik stansiyası inşa etmişlər ki, bununla da regionda sənaye inkişaf etməyə başlamışdır.
Qeyd edək ki, almanlar burada məskunlaşdıqları müddət ərzində yerli əhali ilə mehriban ünsiyyət qurmuşlar. Öz dini inanclarını qoruyub saxlayan almanlar qəsəbədə kilsə də inşa etmişlər. Hazırda xalq arasında bura Lüteran kilsəsi kimi tanınır. Şəmkirə yolu düşənlər bu gün həmin kilsəyə böyük maraqla tamaşa edirlər.
Bəs, görəsən, o illər almanlar niyə məhz Şəmkirdə məskunlaşmışlar? Tarixə nəzər salanda məlum olur ki, 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə ailə imperiyanın ərazisinə köçürülüb. Bu köçürülmə zamanı, daha dəqiq desək, 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyasının Yelenendorfda (indi Göygöl rayonu), sonra isə ondan 40 kilometr aralıda ikinci alman koloniyasının - Annenfelddə (indi Şəmkir rayonu) əsası qoyulub.
Qeyd etdiyimiz kimi, almanlar Şəmkirdə üzümçülük və şərabçılığın inkişafı üçün xeyli iş görmüşlər, üzüm plantasiyaları salmış, su dəyirmanları, kiçik su-elektrik stansiyaları yaratmışlar. Gəlişlərinin ikinci ili - 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda Lüteran kilsəsini tikdirmişlər. Kilsənin memarı Ferdinand Lemkul idi.
Təəssüf ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Azərbaycan xalqı ilə yanaşı, burada yaşayan almanlar da xoşagəlməz hallarla üzləşmişlər. Sovet imperiyası tərəfindən 1928-ci ildə rəsmi şəkildə dinə qarşı mübarizəyə başlanılmışdır. Həmin ilin dekabrında Azərbaycan KP MK-nın qərarı ilə bir çox məscid, kilsə və sinaqoq maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verilmişdir. 1936-1938-ci illərdə - repressiyanın tüğyan etdiyi bir vaxtda Azərbaycanda fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olunmuşlar. Kilsənin son keşişi Emil Royş isə ilk dəfə 1931-ci ildə həbs edilmişdir. Sonra azadlığa buraxılsa da, 1937-ci ildə təkrar həbs edilərək NKVD üçlüyü tərəfindən güllələnməyə məhkum olunmuşdur.
SSRİ Xalq Daxili İşlər Komissarı L.Beriyanın almanların Cənubi Qafqazdan köçürülməsi haqqında 15 oktyabr 1941-ci il tarixli qərarına əsasən, 3 gün ərzində Şəmkirdə yaşayan almanlar Sibirə və Qazaxıstana sürgün edilmişlər. Bundan sonra kilsə öz fəaliyyətini dayandırmış və burada mədəniyyət evi, müəllimlər evi və tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərmişdir. Uzun müddət təmir-bərpa işləri aparılmadığından bu qədim tikili qəzalı vəziyyətə düşmüşdü. Yalnız Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə kilsə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınmış və Prezident İlham Əliyevin dəstəyi, habelə 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycandır" layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilmişdir. Kilsənin yerləşdiyi ərazi abadlaşdırılmış, ətrafında park salınmışdır. Kilsədə dini ayinləri, eləcə də musiqili tədbirləri keçirmək üçün orqan quraşdırılmışdır.
Rəhman SALMANLI,
"Azərbaycan"