Hər ikisinin yaradıcısı cənab İlham Əliyevdir
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qərb uzun illər hədəfə çevirdiyi məqsədinə çatdı.
SSRİ-ni müxtəlif oyunlara çəkərək, "soyuq müharibə"də üstünlüyə nail olaraq qırmızı imperiyanı çökdürdü.
Bundan sonra "kiçik qardaş" funksiyasını daşıyan keçmiş müttəfiq respublikalar bir-bir öz müstəqilliklərini elan etməyə başladılar.
Azərbaycanda bu proses daha ağrılı və mürəkkəb formada keçirdi.
Moskvanın təbii sərvətlərlə zəngin Azərbaycanı itaət boyunduruğunda saxlaması üçün hiyləgər və riyakar addımlar ataraq Qarabağ münaqişəsini yenidən qızışdırıb ermənilərə dəstək verməsi, onları silahlandıraraq torpaqlarımızın işğalına kömək göstərməsi, həmin dövrdə xalqın sevimli rəhbəri və sınanmış oğlu Heydər Əliyevdən ayrı düşməsi və ölkəyə maymaq, qorxaq, səriştəsiz, təcrübəsiz insanların başçılıq etməsi nəinki Azərbaycanın müstəqillik qazanmasına imkan vermirdi, onun bir dövlət kimi mövcudluğuna belə ciddi təhlükə yaradırdı.
18 oktyabr 1991-ci ildə Milli Məclis tərəfindən qəbul edilən "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" da formal xarakter daşıyırdı.
Parlament çevrilişi yolu ilə iqtidara gələn AXC-Müsavat cütlüyünün naşı rəhbərliyi, dövlətə başçılıq edənlərin yalnız şəxsi mənafelərini üstün tutmaları dövləti məhvolma həddinə çatdırmışdı.
Belə bir məqamda xalq ən düzgün qərarını qəbul edərək Ulu Öndər Heydər Əliyevə müraciət edib, onun yenidən ölkə rəhbərliyinə qayıtmasını xahiş və tələb etdi!
Heydər Əliyev xalqın çağırışına biganə qala bilmədi...
Qurtuluş missiyası ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı mövcud təhlükələrdən xilas etdi, ölkədə möhkəm və dönməz sabitlik yaratdı, dövlət müstəqilliyimizin əbədiliyini təmin etdi.
Ərazilərimizin 20 faizinin işğalına, bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranmasına, ölkə iqtisadiyyatının bərbad vəziyyətə düşməsinə baxmayaraq, Ulu Öndər Heydər Əliyev az vaxtda Azərbaycanı ayağa qaldıra bildi!
Düzgün, müstəqil daxili və xarici siyasət xətti müəyyənləşdirərək uğurla həyata keçirməyə başladı, qısa zamanda imzalanan "Əsrin müqaviləsi" iqtisadiyyatın inkişafının lokomotivinə çevrildi, yeni Konstitusiya hazırlanaraq qəbul edildi, iki dövlət proqramının icrası nəticəsində Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə keçməyə nail oldu.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev isə başlanan işləri uğurla davam etdirərək yeni səviyyələrə yüksəltdi.
***
Ulu Öndər Heydər Əliyev dəfələrlə açıq şəkildə bildirmişdi ki, müstəqil dövlətə çevrilən Azərbaycan daha heç kəsə "kiçik qardaş"lıq etməyəcəkdir!
Cənab İlham Əliyev də bu mövqedə qətiyyətli olduğunu daim nümayiş etdirib!
Azərbaycan dövləti ən çətin, ən ağır günlərində belə kimsənin, heç bir təşkilatın və qurumun qarşısında boyun əyməyib, vassallığı, alçaldıcı şərtləri qəbul etməyib!
Prezident İlham Əliyev daim öz ağlı, öz müdrikliyi və uzaqgörənliyi, möhkəm iradə və qətiyyəti ilə ölkəni idarə edib, daxili imkanlara güvənib, xalqına arxalanıb:
* Məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaqdan ötrü onlarca yeni qaçqın şəhərciyi saldırıb;
* Ölkəni elektrik enerjisi qıtlığından qurtarıb;
* Sahibkarlığın inkişafına münbit şərait yaradıb;
* Transmilli layihələri reallaşdırıb, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin işə salınmasına dəyərli töhfələr verib;
* Okeana birbaşa çıxışı olmayan Azərbaycanı beynəlxalq logistika mərkəzinə çevirib;
* İqtisadiyyatın sürətli inkişafına, xalqın sosial durumunun yüksəlişinə nail olub;
* Azərbaycanın beynəlxalq nüfuzunu və siyasi çəkisini artırıb;
* Qüdrətli ordu yaradaraq 30 illik işğala 44 gündə son qoyub;
* Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini təmin edib, ərazisində bir nəfər separatçının və əcnəbi əsgərin olmadığı ölkəyə çevirib;
Həm də bütün bunlar rahat, asanlıqla başa gəlməyib!
***
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra azad şəkildə dünyaya çıxmağa, digər ölkələrlə qarşılıqlı marağa və hörmətə əsaslanan münasibətlər qurmağa başladı.
Xüsusən də Avropa təşkilatları ilə sıx əlaqə və əməkdaşlıq yaratmağa can atdı.
Avropa Şurasına üzv seçildi, Avropa İttifaqı ilə əlaqələr qurdu, Qoşulmama Hərəkatına üzv oldu, cənab İlham Əliyev bir müddət həmin təkilata uğurla rəhbərlik etdi.
Demokratik inkişaf yolunu tutan Azərbaycan üçün Avropa təsisatları ilə əməkdaşlıq başadüşüləndir.
Üstəlik həmin dövrdə beynəlxalq hüququn aliliyinə, insan haqlarının qorunmasına, Azərbaycanın haqq işinə ədalətlə yanaşılacağına inanır, həmin təşkilatlardan real və təsirli dəstək gözləyirdik.
LAKİN...
Sən öz saydığını say, gör Avropanın niyyəti nə imiş...
Sən demə, "demokratiya", "beynəlxalq hüquq", "insan haqları", "mətbuat və söz azadlığı", habelə Qərbin və dünya təşkilatlarının yenicə müstəqillik qazanmış dövlətlərə belə tələblərlə yanaşması mahiyyəti gizlədən "şirma" imiş.
Əslində, dünyada ikili standartlar var imiş və Avropa qurumları həqiqətən "xristian evi" funksiyası daşıyırmışlar.
Reallıqda nələrin şahidi olduq:
* Ermənistan ordusu tərəfindən torpaqları işğala məruz qalan, bir milyonadək vətəndaşı qaçqına və məcburi köçkünə çevrilən, işğal ərazilərində genosid, ekosid, urbisid törədilən Azərbaycan 30 ilədək müddətdə ikili standartlara məruz qaldı, haqq işinin bərpasında kimsədən kömək görmədi;
* BMT-nin işğal faktını təsdiqləyən və Ermənistan qoşunlarının "qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxmasını" tələb edən dörd qətnaməsi yerinə yetirilmədi;
* ABŞ tərəfindən işğalçıya yox, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edildi;
* Avropa Parlamenti və AŞPA bir dəfə də olsun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini obyektiv şəkildə müzakirə edərək ona prinsipial qiymət vermədi;
* Münaqişənin sülh danışıqları ilə nizamlanması məqsədilə məxsusi yaradılan ATƏT-in Minsk qrupu riyakar və birtərəfli mövqe tutaraq işğalı əbədiləşdirmək yolunu tutdu;
* Həmsədr dövlətlər daim ermənipərəst mövqe sərgilədilər, hər bir imkanları olsa da, heç nə etmədilər, əksinə, onların parlamentləri dəfələrlə Azərbaycanın əleyhinə qətnamələr, bəyanatlar verdilər;
* Azərbaycana "Gedin məsələni öz aranızda həll edin" söylədilər;
* Eyni zamanda dayanmadan "münaqişənin hərbi yolla həlli variantı yoxdur" dedilər;
* Hərbi vasitəyə əl atacağımız təqdirdə bizi sanksiyalarla hədələdilər;
* Açıq şəkildə işğalı əbədiləşdirmək yolunu tutdular.
Azərbaycan çarpışdı, dözdü, gözlədi...
Ancaq əlini əlinin üstünə qoyaraq dayanmadı.
Dövlətin iqtisadi gücü artırıldı, beynəlxalq nüfuzu yüksəldi, qüdrətli ordu yaradılaraq ən müasir silahlarla silahlandırıldı.
Heç kimin qarşısında əyilmədi, hətta 44 günlük müharibə dövründə dünyanın bir sıra dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək hərbi əməliyyatların dayandırılmasını istədikdə Azərbaycanın dövlət başçısının Ermənistan ordusunun ərazimizdən çıxarılmasına dair qrafikin təqdim edilməsilə bağlı irəli sürdüyü şərt yerinə yetirilməyincə müharibə dayandırılmadı.
***
Bu gün dünyada gedən mürəkkəb və ziddiyyətli proseslər daha uzaqgörən, daha ölçülü-biçili siyasət yeridilməsini tələb edir.
Bir tərəfdə baş verən qanlı müharibələr, habelə zəlzələ və təbii fəlakətlər, insan itkiləri, Hörmüz boğazı probleminin dünya iqtisadiyyatına mənfi təsiri, digər yandan IV Sənaye İnqilabı, süni intellektin həyatımıza daha sıx daxil olması dövlətlər, xalqlar və dünyanın siyasi liderləri üçün də bir sınağa çevrilmişdir.
Təcrübəli, müdrik, hadisələri qabaqlamağı bacaran siyasi liderlərin rəhbərlik etdikləri ölkələr belə təlatümlərdən nəinki zərər çəkirlər, hətta uduşlu çıxmağı da bacarırlar.
Lakin ziddiyyətlərlə dolu, gərgin və mürəkkəb vəziyyətin nə qədər çəkəcəyi bilinmir.
Artıq 5-ci ildir davam edən Rusiya-Ukrayna müharibəsi yeni reallıqlar yaradıb.
Rusiyaya tətbiq edilən sanksiyalar Avropaya da təsirsiz ötüşməyib.
Qazsız qalan Avropa isə Azərbaycan qazına möhtacdır.
AMMA...
* "Cənub qaz dəhlizi"nin genişləndirilməsinə və ixrac həcminin artırılmasına vəsait qoymur;
* Avropa bankları neft-qaz layihələrinə kredit vermirlər;
* Qaz alıcıları bizimlə uzunmüddətli müqavilələr bağlamırlar;
* Avropa dövlətləri iri layihələrin gerçəkləşdirilməsində öz vəsaitləri ilə iştirak etmək istəmirlər.
Necə deyərlər, hazırına nazir olmağa çalışırlar.
Azərbaycanın 2 trilyon kubmetrdən çox təsdiqlənmiş qaz ehtiyatları var ki, bu da 100 ilə çatar.
İKİ HƏQİQƏT DƏ VAR:
Əvvəla, Azərbaycanla hündürdən, təsir və təzyiq dilində danışmaq mənasız və mümkünsüzdür!
İkincisi, Cənubi Qafqazda Azərbaycansız hansısa bir iş görmək, yaxud layihə reallaşdırmaq boş söhbətdir.
Azərbaycan 90-cı illərin Azərbaycanı deyil!
Azərbaycanın heç bir beynəlxalq quruma, maliyyə təşkilatına və bank kreditinə ehtiyacı yoxdur!
İndiyədək bütün nəhəng layihələrinə özü həyat vəsiqəsi verib!
Hazırda Azərbaycan 10-u Avropa İttifaqının üzvü olmaqla 16 ölkəyə qaz ixrac edir.
Ən gərəkli və işlək layihələrdən biri "Cənub qaz dəhlizi"dir.
"Cənub qaz dəhlizi" üç kəmərin birləşdirilməsindən yaranan unikal bir ixrac marşrutudur. Uzunluğu 3500 kilometrdir. Bu dəhlizin yaradılması üçün Azərbaycanın və Gürcüstanın ərazisindən keçən
691 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilib və təkmilləşdirilib. CQBK-dan sonrakı ikinci seqment Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə boyu uzanan TANAP-dır (Trans-Anadolu Qaz Boru Kəməri). Sonuncu seqment isə dəhlizin Avropa qolu olan TAP-dır (Trans-Adriatik Qaz Boru Kəməri).
TANAP-ın açılışı 2018-ci il iyunun
12-də olub. Türkiyə bu kəmərlə kommersiya qaz həcmlərini həmin il iyunun
30-dan almağa başlayıb. TAP isə 2020-ci ilin son günündə istifadəyə verilib. TAP-ın istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi fəaliyyətə başlayıb.
Avropanın bizə ehtiyacı olmasına baxmayaraq, daim Ermənistana maliyyə yardımı göstərir, orada casus şəbəkəsi saxlayır, bizimlə "böyük qardaş" kimi, amiranə danışmağa can atır, hətta öz parlamentlərində əleyhimizə heç bir əsası olmayan, qərəzli və yalana əsaslanan sənədlər qəbul edirdi.
Bununla bağlı Prezident İlham Əliyevin cari il mayın 4-də Ermənistan paytaxtı İrəvan şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışından bir hissəni diqqətə çəkirik:
"Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.
Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi, AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.
İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib".
Nə vaxtsa bütün bunlara son qoyulmalı idi.
Çünki dünyada orta gücə malik dövlət və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan yalnız qarşılıqlı maraqların təmininə və bir-birinə hörmətə əsaslanan münasibətdə israrlıdır və öz mövqeyindən geriyə çəkilmək niyyəti yoxdur!
ÜSTƏLİK:
* Heç kimdən heç nə istəmir;
* Heç kimin qapısında boyun bükmür;
* Onu gözləmədikləri yerə getmir;
* Heç bir təsir, təzyiq və təhdiddən qorxaraq mövqeyini dəyişmir.
Nəhayət, Azərbaycanın istədiyi baş verdi!
İyulun 1-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycana növbəti səfərə gəldi.
Lakin budəfəki səfər əvvəlkinə bənzəmədi.
Bu səfərin məqsədi və həmin məqsədi reallaşdırmaqdan ötrü atılacaq addımlar barədə Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayenin mətbuata bəyanatında söylədikləri artıq Avropanın Azərbaycana bərabərhüquqlu partnyor, etibarlı tərəfdaş kimi baxdığının sübutudur.
Deyilənlər göstərir ki, artıq Avropa İttifaqı Azərbaycanın Cənubi Qafqazdakı liderliyini və rolunu, təkcə bölgəyə deyil, dünyada iqtisadi və ticari fəaliyyətə töhfələrini dərindən dərk edir.
Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayenin Bakıda söylədiklərinin bir qisminə diqqət çəkirik:
* "Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir".
* "Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam".
* "Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik".
* "Cənub qaz dəhlizi" həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır".
* "Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayədarıdır. Hazırda bu işi davam etdirmək istəyirik".
Avropa Komissiyasının prezidenti daha sonra Bakıya əliboş gəlmədiyini, əməkdaşlıq yolunda atılacaq addımları, görmək istədikləri işləri bəyan etdi:
* "Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz "Qlobal Qapılar" Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər".
* "Açıqladığım ikinci yeni xəbər 20 milyon avro dəyərində olan sülhün inkişafı proqramı ilə bağlıdır. Biz sülhün regionda bərqərar olmasına, sülhün verdiyi faydaların insanların, sərhəd regionlarında yaşayanların gündəlik həyatlarında görünməsinə birlikdə kömək etmək istəyirik".
* "Biz kənd yerlərinin inkişafı, suyun təchizatı, bu günün dili ilə desək, dəqiq əkinçilik və bu kimi sahələr vasitəsilə daha güclü yerli icmaların inkişafına sərmayə yatıracağıq və əlbəttə ki, kiçik və orta müəssisələrə dəstək göstərəcəyik".
* "Beləliklə, gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq".
Əlavə şərhə ehtiyac duymuruq.
***
Səfər zamanı təkbətək və geniş tərkiblə görüşdə müzakirə olunan məsələlərdən, əldə olunan razılaşmalardan və bütövlükdə görüşün ruhundan razı qalan Azərbaycan Prezidenti İlham Əliyev mətbuata maraqlı açıqlamalar verdi.
Onlardan bir neçəsini təqdim edirik:
* "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır".
* "Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik".
* "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım prezidentlə, həmçinin Azərbaycanın günəş, külək və su-elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz həmçinin strateji tərəfdaş ola bilərik".
Bəli, Azərbaycan bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa hər zaman hazırdır.
Bunun üçün öz gücünə reallaşdırdığı və bu gün çox gərəkli olan layihələri də var.
Azərbaycan həm də Cənubi Qafqazda sülhün yaradıcısıdır.
Azərbaycansız bu bölgədə heç bir layihə gerçəkləşə bilməz!
Bunu hamı bilməli və nəzərə almalıdır.
Bəxtiyar SADIQOV