Ötən həftə Azərbaycanın iqtisadi gündəliyi həm ölkə daxilində həyata keçirilən layihə və təşəbbüslər, həm də beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlarla zəngin olub. İqtisadiyyatın müxtəlif sahələrində yeni imkanların formalaşdırılması, sənaye və sahibkarlıq mühitinin inkişafı, investisiya əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərinin dərinləşdirilməsi də həftənin diqqətçəkən mövzularından birinə çevrilib.
Həftənin əsas xarici iqtisadi gündəminə keçməzdən əvvəl xatırladaq ki, ölkə daxilində müxtəlif sahələri əhatə edən bir sıra mühüm yeniliklər baş verib. Rəqəmsal iqtisadiyyatın inkişafı, yeni texnologiyaların tətbiqi, biznes mühitinin genişləndirilməsi və iqtisadi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar diqqət çəkib. Bu sırada Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində əldə etdiyi imkanların beynəlxalq platformalarda təqdim olunmasını qeyd edə bilərik. Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan "Bir" ABŞ-nin Las-Veqas şəhərində keçirilən "Ai4 2026" konfransında korporativ süni intellektə dair yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib.
90-dan çox ölkədən 12 mindən artıq iştirakçını bir araya gətirən tədbirdə "Bir" ekosistemini Data və Sİ idarəsinin baş direktoru Valeh Nəbiyev və Sİ ofisinin lideri Seymur Şabanlı təmsil edib. Valeh Nəbiyev konfransda süni intellektin ayrı-ayrı həllər səviyyəsindən çıxarılaraq təşkilatların davamlı və genişmiqyaslı imkanına çevrilməsinin vacibliyini vurğulayıb.
* * *
Ötən həftə Azərbaycanın iqtisadi gündəliyində diqqət çəkən hadisələrdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının davam etdirilməsi olub. Bu proses yalnız yeni yaşayış məntəqələrinin salınmasını deyil, həm də uzun illər iqtisadi və sosial həyatdan kənarda qalmış ərazilərin yenidən ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasını nəzərdə tutur.
Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə köçürülən ailələrə yeni evlərinin açarları verilib. Bu mərhələdə Quzeyxırman kəndinə 82 nəfərdən ibarət 18, Güneyxırman kəndinə isə 103 nəfərlik 21 ailə köçürülüb. Müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış ailələrin doğma torpaqlarına qayıtması azad edilmiş ərazilərdə quruculuq işlərinin növbəti mərhələsinin nəticəsi kimi qiymətləndirilə bilər.
* * *
Aqrar sahədə qadınların rolunun artırılması istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr beynəlxalq səviyyədə də diqqət çəkib. Azərbaycanlı Gülbəniz Qənbərova FAO-nun "Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı" təşəbbüsünün ilk seçilmiş iştirakçıları sırasında yer alıb.
131-dən çox ölkədən 600-dən artıq namizədin iştirak etdiyi seçimdə Gülbəniz Qənbərova aqrar sahənin inkişafına, kənd icmalarının rifahına verdiyi töhfələr, liderliyi və innovativ yanaşmaları ilə fərqlənib. Bu beynəlxalq tanınma Azərbaycanın aqrar sektorunda qadınların əməyinə və liderliyinə verilən qiymətin göstəricisi kimi dəyərləndirilə bilər.
* * *
Həftə Azərbaycanın iqtisadi və biznes mühitində həyata keçirilən layihələrin beynəlxalq səviyyədə tanınması ilə bağlı bir sıra uğurlarla da yadda qalıb. Belə ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, AZCON Holding və "Azercell" müxtəlif beynəlxalq mükafat proqramlarında fərqlənərək, innovativ yanaşmalarda iştirak ediblər.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Beynəlxalq Yol Federasiyasının Avropa və Mərkəzi Asiya Regional Mükafatlarında "İnnovativ İnşaat Metodologiyası" kateqoriyasında qalib seçilib. 4-6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Tunellərin ümumi uzunluğu 6,3 kilometrdən çoxdur.
AZCON Holding isə "Brandon Hall Group HCM Excellence Awards" proqramında təqdim etdiyi 5 təşəbbüsdən 4-də qızıl, 1-də isə bürünc mükafata layiq görülüb. Bununla holdinq 48 ölkədən 1050 şirkətin iştirak etdiyi ümumi reytinqdə 47-ci, Azərbaycan şirkətləri arasında isə birinci yeri tutub.
Eyni beynəlxalq müsabiqədə "Azercell" də üç mükafat qazanıb. Şirkətin insan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyasına dair layihəsi qızıl, IE Business School ilə birgə hazırlanan liderlik proqramı gümüş, "AI Bootcamp" layihəsi isə bürünc mükafata layiq görülüb. Nəticələr Azərbaycanın həm infrastruktur, həm insan kapitalı, həm də rəqəmsal transformasiya sahələrində həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə diqqət çəkdiyini göstərir.
* * *
Həftənin iqtisadi gündəliyinin əsas hadisəsi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəridir. Avqustun 23-də başlayan səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi, investisiya, sənaye, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından birini təşkil edib.
Səfər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı proqram qəbul olunub. Tərəflər sənaye kooperasiyasının genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi, regionlararası əməkdaşlığın gücləndirilməsi və nəqliyyat-tranzit imkanlarından daha səmərəli istifadə barədə razılığa gəliblər. İqtisadi əməkdaşlığın genişləndirilməsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də mühüm yer tutub. Üç il əvvəl 500 milyon dollar kapitalla yaradılan şirkət bu gün də hər iki ölkədə müxtəlif sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsində iştirak edir.
Səfər çərçivəsində "yaşıl enerji", neft-qaz, kənd təsərrüfatı, kimya, maliyyə və tikinti sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə "yaşıl enerji" dəhlizinin yaradılması istiqamətində işlərin davam etdirilməsi, həmçinin Mərkəzi Asiya ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının gücləndirilməsi qarşılıqlı əməkdaşlığın mühüm istiqamətləri kimi önə çıxıb.
Səfərin siyasi nəticələri sırasında Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsinin imzalanması və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi xüsusi qeyd olunmalıdır. Mədəni-humanitar əlaqələrin inkişafı ilə bağlı məsələlər də diqqətdə saxlanılıb. Bununla belə, səfərin iqtisadi nəticələri iki ölkə arasında müttəfiqlik münasibətlərinin praktiki məzmununun getdikcə daha çox ticarət, investisiya, sənaye və nəqliyyat layihələri ilə möhkəmləndiyini göstərir.
Beləliklə, ötən həftənin iqtisadi gündəliyi Azərbaycanın həm daxili inkişaf və quruculuq proseslərini, həm də beynəlxalq iqtisadi əlaqələrin genişləndirildiyini göstərən mühüm hadisələrlə yadda qalıb. Ölkənin müxtəlif sahələrdə qazandığı beynəlxalq uğurlar və Özbəkistanla iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsi qarşıdakı dövrdə yeni imkanların formalaşdığını göstərir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"