Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar 114 saylı Şəki şəhər və 115 saylı Şəki kənd seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı keçirilən maarifləndirici treninqlər başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 19-da başlayan treninqlərə 114 saylı Şəki şəhər seçki dairəsinin tərkibində olan 46 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla, ümumilikdə, 276 nəfər cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparıblar.
Təlim prosesində MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib. Treninqlərdə, həmçinin hər bir iştirakçıya “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər sənəd nümunələri təqdim edilib.
Dairə seçki komissiyasının sədri Kamran Rəsulovun verdiyi məlumata görə, seçkilərdə bu dairə üzrə 5 bələdiyyəyə 63 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 116 nəfərdir.
Aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər 115 saylı Şəki kənd seçki dairəsində də başa çatıb. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun sözlərinə görə, treninqlərdə dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsinin 354 nəfər komissiya üzvü iştirak edib.
Dairə seçki komissiyasının üzvləri Bilal Yusifov və Nəsib Lətifovun tədris etdiyi məşğələlər zamanı vurğulanıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətindən çox asılıdır. Ona görə də komissiya üzvləri peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.
Seçkilərdə bu dairə üzrə 9 bələdiyyəyə 99 nəfər bələdiyyə üzvü yeri uğrunda 202 namizəd mübarizə aparacaq.