Ötən il icbari tibbi sığorta çərçivəsində 5,2 milyondan çox şəxs tibb müəssisələrinə 24,1 milyon dəfə müraciət edib və ölkə əhalisinin 54 faizi icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84,4 milyon olub. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ən çox xidmət göstərən tibb müəssisələrinin ilk beşliyinə daxildir.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində vətəndaşların göstərilməsi mümkün olmayan xidmətləri əldə etməsi üçün onlara agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 331 min 984 göndəriş verilib. Ötən ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188 min 195 əməliyyat və prosedurdan yararlanıb.
Bu xidmətlərdən 3 min 55-i uşaqlara, 185 min 140-ı isə böyüklərə göstərilib. Sözügedən əməliyyat və proseduralardan 51 min 670-ni invaziv radiologiya, 41 min 131-ni oftalmoloji, 32 min 974-nü ürək-damar cərrahiyyəsi üzrə xidmətlər təşkil edib.
Ötən ilin 11 ayı ərzində xidmətlər zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 50 faizini böyrək, 46 faizini qaraciyər, 4 faizini isə sümük iliyi transplantasiyası əhatə edir.