21 Dekabr 2024 00:35
356
Nazirlər Kabineti
A- A+
“Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə


№ 527


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 361 (Cild I) 1-ci hissəsi ləğv edilsin.


 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 18 ” “ dekabr ” 2024-cü il



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il “ 18 ” dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi QAYDALARI


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 8.2-ci və 61.6-cı maddələrinə uyğun olaraq hazırlanmışdır və rəqabət komissiyasının formalaşdırılması, hüquq və vəzifələri, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Rəqabət komissiyasının formalaşdırılması və fəaliyyətinin təşkili

2.1. Rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması üçün aparılan araşdırmaların və yoxlamaların nəticəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edildikdə rəqabət orqanının rəhbərinin (onu əvəz edən şəxsin) əmri ilə rəqabət qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə rəqabət komissiyası (bundan sonra - komissiya) yaradılır və tərkibi (sədri və digər üzvlərin), habelə komissiyanın cari fəaliyyətinin təşkili üçün katib təyin edilir.

2.2. Komissiya tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işlərə Məcəlləyə və bu Qaydalara uyğun baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (fiziki şəxs olduqda qeydiyyat və ya fəaliyyət ünvanı, hüquqi şəxs olduqda hüquqi ünvanı və ya fəaliyyət ünvanı) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə rəqabət orqanının müvafiq ərazi (regional) bölməsi tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində Məcəlləyə və bu Qaydalara uyğun baxılır.

2.3. Komissiyanın tərkibi beş nəfərdən az olmamalıdır.

2.4. Komissiya sədri rəqabət orqanının rəhbərinin müavini və müşaviri, aparatın rəhbəri və onun müavini, şöbə müdiri və onun müavini, sektor müdiri, regional (ərazi) bölməsinin rəhbəri, həmçinin qeyd edilən şəxsləri əvəz edən vəzifəli şəxslər ola bilər.

2.5. Komissiyanın üzvləri rəqabət orqanının vəzifəli şəxslərindən ibarət olur.

2.6. Komissiya rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən rəqabət orqanının adından çıxış edir.

2.7. Komissiya sədri:

2.7.1. komissiyanın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

2.7.2. Məcəllənin tələbləri nəzərə alınmaqla komissiyanın adından çıxarılan qərarları, məktubları və komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

2.7.3. komissiyanın işəbaxılma iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

2.7.4. komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün komissiyanın iclaslarına çıxarır;

2.7.5. komissiyanı təmsil edir.

2.8. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

2.8.1. komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;

2.8.2. komissiyada baxılan işlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

2.8.3. komissiyada baxılan işlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

2.8.4. komissiyanın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

2.8.5. icra intizamına ciddi əməl etmək;

2.8.6. Məcəllə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

2.9. Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:

2.9.1. komissiyada baxılan işlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

2.9.2. komissiyanın adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

2.9.3. komissiyanın iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;

2.9.4. komissiyanın qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;

2.9.5. komissiyanın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

2.9.6. Məcəllə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən hüquqları həyata keçirmək.

2.10. Katib:

2.10.1. komissiyanın üzvü deyildir və komissiyada işlərə baxılması ilə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

2.10.2. işlə əlaqədar toplanmış materiallarla tanış olunması üçün komissiya üzvlərinə təqdim edir;

2.10.3. komissiyanın iclaslarının protokolunu tərtib edir və imzalanması üçün komissiyanın sədrinə təqdim edir;

2.10.4. komissiyanın qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılması və imzalanması üçün aidiyyəti üzrə təqdim edir;

2.10.5. komissiyanın qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;

2.10.6. komissiya sədrinin göstərişlərini icra edir;

2.10.7. komissiyanın protokollarının və qərarlarının əsillərini, habelə işlə bağlı daxil olmuş və toplanmış sənədləri və materialları saxlayır.

3. Komissiyanın vəzifələri

3.1. Komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. rəqabət komissiyasında baxılan işlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, Məcəllənin 66.1-ci maddəsinə uyğun qərarlar qəbul etmək;

3.1.2. komissiyanın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

3.1.3. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.4. qanunvericiliyə uyğun olaraq dövlət, habelə qanunda nəzərdə tutulduğu hallarda kommersiya, vergi, gömrük və bank sirri, habelə statistik sirr sayılan məlumatların açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

3.1.5. komissiyanın qəbul etdiyi qərarlarla bağlı izah vermək;

3.1.6. Məcəllə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

4. Komissiyanın hüquqları

4.1. Komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. tərəflərə (ərizəçi, cavabdeh və maraqlı tərəf) şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

4.1.2. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq (bilavasitə komissiya tərəfindən və ya orqanın rəhbəri (müavini) vasitəsilə)

4.1.3. tərəflərin (ərizəçi, cavabdeh və maraqlı tərəf) iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

4.1.4. rəqabət komissiyasında baxılan işin tərəflərini (ərizəçi, cavabdeh və maraqlı tərəf), habelə dövlət orqanlarının (qurumlarının) aidiyyəti vəzifəli şəxslərini işəbaxılma iclaslarına dəvət etmək;

4.1.5. komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

4.1.6. təhlillər və ümumiləşdirmələr aparmaq, işlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

4.1.7. komissiyanın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

4.1.8. komissiyanın fəaliyyətinə ekspert, mütəxəssis, məsləhətçi və tərcüməçi cəlb etmək;

4.1.9. Məcəllə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən digər hüquqlar yerinə yetirmək.

5. Komissiya tərəfindən iş qaldırılması

5.1. Komissiyanın yaradılması barədə əmr verildiyi vaxtdan 5 (beş) iş günü müddətində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edilir. Qərar komissiyanın sədri tərəfindən imzalanır və 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim olunur.

5.2. İş qaldırılması haqqında qərarda Məcəllənin 61.2-ci maddəsində göstərilmiş məlumatlardan əlavə aşağıdakı məlumatlar əks olunmalıdır:

5.2.1. qərarı qəbul etmiş orqanın adı;

5.2.2. qərarın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat tarixi və nömrəsi;

5.2.3. işə baxan komissiyanın sədrinin və üzvlərinin adı, soyadı, atasının adı və vəzifəsi;

5.2.4. haqqında işə baxılan bazar subyekti və ya subyektləri (cavabdeh) barədə məlumat (hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı);

5.2.5. ərizəçi və maraqlı tərəf olduğu təqdirdə onlar barədə məlumat (hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı);

5.2.6. qanun pozuntusu kimi qiymətləndirilən hərəkətlərin təsbit olunduğu normativ hüquqi aktların müddəaları;

5.2.7. iş üzrə baxılan hallar;

5.2.8. işin baxıldığı tarix, yer və ünvan;

5.2.9. qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat;

5.2.10. rəqabət orqanının möhürü.

5.3. Qərarın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər.

5.4. Öz mövqeyini əsaslandırmaq məqsədilə etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmək üçün işin tərəflərinə qərar təqdim olunduğu gündən 10 (on) iş günündən az olmayan müddət müəyyən edilir.

6. Komissiya tərəfindən işə baxılması və iclasların keçirilməsi

6.1. Komissiyanın iclası komissiyanın sədri tərəfindən aparılır. Komissiyanın iclasında işə baxılması sədr tərəfindən elə aparılmalıdır ki, işdə baxılan halların ən geniş təhlili və qiymətləndirilməsi, rəqabət qanunvericiliyinin pozulmasının aradan qaldırılması və qarşısının alınması, işdə iştirak edən şəxslərin hüquqlarına və qanuni mənafelərinə riayət olunması təmin edilsin.

6.2. Komissiyanın iclası komissiyanın sədri və üzvlərinin azı yarısı iştirak etdikdə səlahiyyətlidir. İşə baxılması üçün yetərsay olmadıqda, iclasda iştirak edən komissiya üzvləri bu işə baxılmasını təxirə salmaq və ona baxılması üçün yeni tarix təyin etmək barədə qərar qəbul edir.

6.3. Komissiyanın iclası işə baxılmaq üçün hazır olduqda, komissiyanın sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.

6.4. Komissiyanın hər bir iclasının reqlamenti baxılan işin mahiyyətindən asılı olaraq sədr tərəfindən müəyyənləşdirilir.

6.5. Komissiyanın iclasına dəvət olunmuş tərəfləri (ərizəçi, cavabdeh və maraqlı tərəf), habelə dövlət orqanlarının (qurumlarının) aidiyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi işə baxılmasına və müvafiq qərarın qəbul edilməsinə mane olmur.

6.6. Baxılan işlə bağlı komissiyanın sədri və ya onun tərəfindən təyin edilmiş digər üzvlərindən biri məruzə edir.

6.7. Komissiyanın iclasına dəvət olunmuş tərəflərin (ərizəçi, cavabdeh və maraqlı tərəf) və dəvət edilmiş digər şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) katibə təqdim edilməli və iclasda elan edilməlidir.

6.8. Komissiyanın iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.9. Komissiya tərəfindən baxılan işin tərəfləri Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir.

6.10. Komissiya tərəfindən komissiya iclasının video çəkilişi həyata keçirilir və bir il müddətində saxlanılır.

6.11. Komissiyanın sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) komissiyanın iclaslarında iştirak edə bilmədikdə, rəqabət orqanının rəhbəri (onu əvəz edən şəxs) tərəfindən komissiya sədrinin səlahiyyətləri komissiya üzvlərindən birinə həvalə edilir. Bu Qaydaların 2.4-cü bəndi komissiyanın sədri üzrlü səbəblərlə əlaqədar komissiyanın iclaslarında iştirak edə bilmədikdə tətbiq edilmir.

6.12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş əsaslar olduqda tərəflər iş üzrə qərar qəbul olunanadək komissiyanın hər hansı üzvünə, ekspertə və ya tərcüməçiyə etiraz edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli şəxs öz-özünə etiraz etməyə borcludur.

6.13. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Komissiya üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə ərizəçiyə məlumat verilir.

6.14. İş üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün komissiya üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

6.15. Komissiyanın iclasının protokolu katib tərəfindən tərtib edilir.

6.16. Komissiyanın iclasının protokolunun mətni giriş hissəsindən və əsas hissədən ibarət olmaqla aşağıdakı məlumatları özündə əks etdirilməklə tərtib olunur:

6.16.1. rəqabət orqanının adı barədə;

6.16.2. iclasın keçirildiyi vaxt və yer barədə;

6.16.3. iclasın sədri və üzvləri haqqında (adı, soyadı, atasının adı və vəzifəsi);

6.16.4. iclasda iştirak edən ərizəçi, cavabdeh, maraqlı tərəflər haqqında (adı, soyadı, atasının adı;

6.16.5. iclasda iştirak edən digər şəxslər haqqında (adı, soyadı, atasının adı və vəzifəsi);

6.16.6. müzakirənin predmeti barədə;

6.16.7. komissiya sədrinin və üzvlərinin səsverməsinin nəticəsi haqqında;

6.16.8. qəbul edilmiş qərar barədə.

6.17. Komissiyanın qərarı ilə komissiya üzvü razılaşmadıqda, onun xüsusi rəyi müvafiq qeyd aparılmaqla protokola əlavə olunur.

6.18. Protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir.

6.19. İclasın protokolu komissiyanın sədri və katib tərəfindən imzalanır.

6.20. İşəbaxılma iclası zamanı iş saatı bitərsə, iclasa növbəti iş günü davam edilir. Bu halda protokolda qeyd aparılır.

7. Rəqabət qanunvericiliyinin pozulması haqqında qaldırılmış işlər üzrə komissiyanın qərarları

7.1. Rəqabət qanunvericiliyinin pozulması haqqında qaldırılmış işlər üzrə Komissiya Məcəllənin 66-cı maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir.

7.2. Rəqabət qanunvericiliyinin pozulması üzrə işə baxılmasının təxirə salınması, işlərin bir icraatda birləşdirilməsi, konkret hallar üzrə ayrı-ayrı işlərə ayrılması, işə baxılmasının dayandırılması, baxılması dayandırılmış işin bərpası, işə baxılmasına xitam verilməsi, rəqabət qanunvericiliyinin pozulması və tətbiq edilən məsuliyyət tədbirləri, iş üzrə materialların aidiyyəti dövlət orqanlarına göndərilməsi və işə yenidən baxılması haqqında qərarlar Məcəlləyə uyğun olaraq qəbul edilir.

8. Komissiya tərəfindən qərarların qəbul edilməsi

8.1. Məcəllənin 66.1-ci maddəsinə və bu Qaydalara uyğun olaraq komissiyanın qəbul etdiyi qərarlar yalnız komissiya üzvlərinin iştirakı və sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı komissiyanın sədri axırıncı səs verir. Qərarın “lehinə” və “əleyhinə” verilən səslərin sayı bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya sədri və üzvü səsvermədə iştirakdan imtina edə və ya səsvermə zamanı bitərəf qala bilməz.

8.2. Komissiyanın qəbul etdiyi qərarlar komissiya sədri tərəfindən imzalanır.

8.3. Komissiyanın üzvü qərardan razı deyildirsə, o bu barədə xüsusi rəyini yazılı şəkildə ifadə edir. Xüsusi rəy işin materiallarına əlavə edilir.

9. Rəqabət orqanı tərəfindən qərarların və göstərişlərin təqdim edilməsi

9.1. Qərarlar və göstərişlər (onların surətləri) rəqabət orqanı tərəfindən işin tərəflərinə sifarişli poçt rabitəsi, yaxud elektron vasitələrlə göndərilməli və ya təqdim edilməlidir.

9.2. Bu Qaydaların 9.1-ci bəndinə uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə göndərilmiş sənədləri işin tərəfləri qəbul etməkdən imtina etdikdə həmin sənədlər onlara “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çatdırılmış hesab edilir.

10. Rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətin verilməsi

10.1. Maraqlı şəxslər hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək məqsədilə rəqabət orqanının, onun vəzifəli şəxslərinin qərarlarından, göstərişlərindən, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna malikdirlər.

10.2. Rəqabət orqanının qərar və göstərişlərindən inzibati qaydada və məhkəməyə şikayət verilməsi həmin qərar və göstərişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla icrasını dayandırmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!