05 Dekabr 2024 08:00
1358
SİYASƏT
A- A+
QUYUYA SU TÖKƏNLƏR

QUYUYA SU TÖKƏNLƏR


SU QUYUSU İLƏ KİMƏSƏ TƏLƏ QURMAQ ÜÇÜN QAZILAN QUYUNUN FƏRQİ


Azərbaycan xalqının əsrlərin sınağından çıxaraq dəfələrlə təsdiqini tapan "atalar sözləri" adlı müdrik deyimləri var.

Onlardan bir neçəsi quyularla bağlıdır.

İkisini xatırladırıq:

Biri, "Quyuya su tökməklə quyu sulu olmaz".

Digəri "Gen qaz, dərin qaz, özün üçündür".

Bu misallarda "quyu" anlayışının da mahiyyəti açılır.

Birinci halda quyu dərin və şaquli çuxur qazmaqla yerin altından içməli, yaxud əkinləri suvarmaq üçün su əldə etmək anlamındadır.

İkinci halda isə quyu məcazi mənada işlədilir.

Yəni kiməsə tələ qurmaq, ona müxənnətlik, pislik etmək üçün hazırlıq görməkdir.

Həqiqi quyunun çox mühüm bir xüsusiyyəti var: yerindən və dərinliyindən asılı olaraq içərisindən su qaynayıb çıxa bilər.

Bu su şor da olar, şirin də.

Bu su içməli də ola bilər, suvarmaya yararlı da.

Quyunun ən əsas xüsusiyyəti odur ki, gərək su onun dibindən qaynayıb çıxa.

İkinci cəhəti isə belədir ki, quyu özü dəmir, yaxud plastik çən kimi su saxlamır.

Məsələn, qışda susuz quyuya aylarla su yığaraq, yayda onu qaytarıb işlətmək mümkün deyil.

Çünki hoparaq yerin təkinə gedəcəkdir.

Yəni quyunu su ilə doldurmaqla onu sulu quyuya çevirmək qeyri-mümkündür!

İkinci məqamdakı quyu da xətasız deyil!

Məsələn, qonşunu yıxmaqdan ötrü onun yolunun üstündə quyu qaza bilərsən.

Amma gecə vaxtı olar görməzsən, yaxud quyunun yerini unudarsan, ya da başqa səbəbdən özün qonşundan qabaq həmin quyuya düşə bilərsən.

Tarixə qısa bir ekskursiya etməklə "Ermənistan quyusu"nun bunlardan hansına oxşadığını asanlıqla müəyyən etmək mümkündür! 

***

Azərbaycan xalqı qonaqpərvərdir, çörəklidir!

Amma çörəyinin duzu yoxdur.

Yəni çörək verdiyinin bir qismi sonradan çönərək onunla düşmənçiliyə başlayır.

MƏSƏLƏN:

"Kürəkçay", "Gülüstan" və "Türkmənçay" sülh müqavilələrinə əsasən, Azərbaycan xəyanət üzündən Türkiyədən qovulmuş ermənilərə öz ərazisində yer verdi.

Onlar da azərbaycanlılara məxsus qədim İrəvan şəhərini özlərinə paytaxt edərək ərazimizdə dövlət qurmağa başladılar.

İrandan da bir edəcək xeyli erməni gəlib onlara qoşuldu.

Sovet hökuməti qurulanda hayların çiçəyi çırtladı: çünki bu hökumət əvvəldən axıradək onların istədiyini edəcək, çaldıqları bütün havalara oynayacaqdı.

MƏSƏLƏN:

1923-cü ildə heç bir zərurət olmadan Azərbaycan ərazisində "DQMV" adlı bir qurum yaradaraq ermənilərə muxtariyyət verdi.

İştah dişin altında olar, - demişlər.

Ermənilər saylarını süni şəkildə artırmaqdan ötrü bütün vasitələrdən istifadə etdilər.

Dünyanın hər yerindən erməniləri yığaraq əvvəlcə Ermənistana, sonra bir qismini də Azərbaycan ərazisindəki "DQMV"yə daşıdılar.

Gördülər yerləri darısqallıq edir.

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı ilə guya Azərbaycanın qeyri-qaratorpaq ərazilərində kənd təsərrüfatını inkişaf etdirmək üçün 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlını yük vaqonlarına dolduraraq Azərbaycana yola saldılar.

Onların boşalan kəndlərindəki boş qalan evlərinə, şəhərlərdəki mənzillərinə isə xaricdən gətirdikləri erməniləri yerləşdirdilər.

Ötən əsrin 80-ci illərinin sonlarında qırmızı imperiya laxlayaraq iflasa uğrayanda ermənilər yenə də fürsəti əldən vermədilər.

Bu dəfə onların arxalarında Stalin deyil, SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov və arvadı Raisa Maksimovna dayandı.

"Miatsum" - yəni Azərbaycandan qoparaq Ermənistana birləşmək tələbi ilə Xankəndidə mitinqlərə başlayan ermənilər Moskvadan tam dəstək gördülər.

* Ermənilərin bu qanunsuz və haqsız tələblərinə göz yumuldu.

* Onların özlərinə ordu qurmalarına və "fədai"lər adı altında terrorçu-quldur dəstələri təşkil etmələrinə şərait yaradıldı.

* Rusiya iki dəfə Ermənistana hər dəfə bir milyard dollar dəyərində havayı silah-sursat verdi.

* Ermənilərin nazı ilə oynayan Moskva "xüsusi idarəetmə komitəsi" adlı bir oyuncaq qurum yaradaraq "DQMV"ni Azərbaycanın tərkibindən çıxarmaqla guya öz nəzarətinə götürdü, əslində isə "DQMV"nin müstəqilliyinə şərait yaratdı.

* 1992-ci ilin 26 yanvarında 366-cı rus polkunun hərbi imkanlarından istifadə edən Ermənistan Xocalı soyqırımını törətdi.

Beləliklə, azərbaycanlıların dədə-baba torpaqlarından zorla, terror və silah gücünə qovularaq ərazilərimizin işğalına münbit şərait yaradıldı.

Nəticədə Azərbaycan dövlətinə məxsus ərazinin 20 faizi Ermənistan tərəfindən zəbt edilərək 30 ilədək müddətdə işğalda saxlanıldı.

BMT-nin Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etmələri barədə 4 qətnaməsi yerinə yetirilmədi!

Heç ermənilərin xətrinə dəyərək onlara təzyiq, təsir göstərilmədi, sanksiya qoyulmasından söhbət belə getmədi!

Münaqişənin sülh yolu ilə çözülməsi ilə bağlı yaradılan ATƏT-in Minsk qrupu isə "sülh danışıqları", "sülh yaratma missiyası" adı ilə sonradan lətifələrə çevrilən mənasız gediş-gəlişlər və danışıqlarla məşğul oldu, heç bir real nəticə yaratmadı.

Çünki ATƏT-in məqsədi heç də torpaqları danışıqlar vasitəsilə geri qaytarmaq yox, işğalı əbədiləşdirmək idi.

Ermənistan isə ona yaradılan bu riyakar şəraitdən istifadə edərək işğal etdiyi ərazilərimizi barbarcasına söküb daşıyaraq İran bazarlarında satdı, kənd və qəsəbələrimizi viran qoydu, tarixi, mədəni, dini abidə və məkanlarımızı təhqir edib xarabalıqlara çevirdi, qəbiristanlıqları düzlədi.

Beynəlxalq hüquqdan, beynəlxalq qurum və təşkilatlardan, ATƏT-in Minsk qrupundan bir şey çıxmayacağını görən Azərbaycan xalqı özünə güvənərək işğala son qoymaq üçün toparlana bildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət yaradıldı, güclü ordu qurularaq ən müasir silahlarla təchiz olundu, xalqın milli birliyi təmin edildi, torpaqların erməni vandallarından təmizlənməsi üçün zəruri tədbirlər görüldü.

44 günlük hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusu diz çökdürüldü, 12 min hərbçisi qorxaqcasına fərarilik etdi, Paşinyan Azərbaycanın bütün şərtlərini təmin edən kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzaladı.

Təkcə Ermənistan ordusunu deyil, Ermənistanın havadarlarını və müdafiəçilərini, dünya ermənilərini də biabırçı məğlubiyyətə uğradan Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini də təmin etməklə ölkə ərazisindəki separatizmə birdəfəlik son qoydu!

***

Müharibə Azərbaycan ərazisində getdiyindən Ermənistanın da daxil olduğu KTMT hərbi əməliyyata qarışmadı.

Bundan rəncidə düşən Ermənistan Rusiyadan incidi, onun işğal etdiyi Azərbaycan ərazilərində əbədi qalmasına kömək göstərmədiyinə görə özünə yeni ağa axtarmağa başladı.

İncik Ermənistan gah sərhədlərinə Avropa İttifaqının casuslarını toplayır, gah ABŞ-nin hərbçiləri ilə təlimlər keçir, gah da "böyük bacı"sı Fransanın vasitəsilə yenidən silahlanaraq qisas almağa hazırlaşır.

Onu revanşizmə təhrik edənlər ABŞ, Fransa, Aİ müxtəlif adlar altında maliyyə vəsaitləri ayıraraq Ermənistanın güclənməsinə şərait yaradırlar.

Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınan Paşinyan isə Hindistandan, indi də Yunanıstandan yeni silahlar alaraq darmadağın edilmiş ordusunu ayağa qaldırmaq eşqinə düşüb.

ABŞ-ni və Fransanı Cənubi Qafqaza gətirərək köhnə ağası Rusiyanı buradan çıxarmaq xülyasına düşən Ermənistan odla oynamağa başlayıb!

Bütün parametrlərlə Azərbaycandan qat-qat aşağıda dayanan Ermənistan, görəsən, hansı imkan və ağılla revanşizm niyyətinə düşüb?

İqtisadi gücü heç zaman bizə çatmaz!

* Dalanda qalan forpost ölkə ianələr hesabına yaşayır, bütün beynəlxalq layihələrdən kənardadır.

* Əhalisinin sayı Azərbaycandan 3 dəfədən də azdır və dilənçi vəziyyətinə düşən vətəndaşları dayanmadan ölkəni tərk edirlər.

* Ordusu qırılaraq məğlub edilib, hərbi texnikası və silahları Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.

"Dəmir yumruğ"un dadını görərək silah-sursatını atıb İrəvanacan qaçan erməni əsgər və zabitləri çətin ki, Azərbaycana üstün gələ biləcəklərini ağıllarına gətirərlər.

Ermənistan özünə yenidən ordu qurmadan, onu silah-sursatla təchiz etmədən, revanşizmə uyğun addımlar atmadan əvvəl dərindən düşünməli, 44 günlük müharibədəkindən daha ağır və daha ciddi nəticələr doğuracaq yeni müharibədə də məğlubiyyətə məhkumluğuna şübhə etməməlidir!

İnanmırlarsa, yoxlasınlar!

Amma bu dəfə vassal dövlətlərini və "dövlətçilik"lərini də itirəcəklərini hökmən nəzərə alsınlar!

***

"Avropa çoxdan dünyanın mərkəzi deyil" - bu sözlərin müəllifi Aİ-nın ali nümayəndəsi C.Borel Avropanın bu statusunu itirməsində nədənsə öz "xidmət"lərini xatırlatmır.

Məgər Aİ beynəlxalq hüququ tapdalayanda, korrupsiya və rüşvətxorluq yuvasına çevriləndə, qərəzli, qeyri-obyektiv qərarlar qəbul edəndə, dünya erməniliyinin əlində alətə çevriləndə bilmirdi ki, özünün itirəcəyi daha çox olacaqdır?!

Hələ bu harasıdır...

Maraqlıdır ki, dünyanın gözündən düşən Avropa İttifaqı indi özünə daha bir "fəaliyyət sahəsi" tapıb:

Ermənistan sərhədinə adamlar göndərərək binoklla Azərbaycan tərəfinə baxdırmaq!

"Mülki"lər adı altında keçmiş polis və jandarmlarını casus kimi sərhədimizə göndərmələrini başa düşürük.

Anlaşılmayan odur ki, bütün günü gözündə durbin bizə baxanda nə olur?

Bəlkə bu "üsul"la Azərbaycan sərhədçilərini hipnoz etmək istəyirlər?

Amma anlamırlar ki, onların "hipnoz"u nə sərhədçilərimizə, nə də ordumuza təsir etmək qabiliyyətindədir!

"Dəmir yumruq" hipnoza, filana baxmır, qalxıb enən kimi əzib diz çökdürür!

Heç Polşa Prezidenti Dudanın da "durbinçi"lərə qoşulmasının faydası olmadı.

Sabah pensiyaçı Cozep Borel, yaxud Ursula fon der Lyayen də gəlib durbinlə biz tərəfə boylansa, çətin ki, nəsə dəyişə.

Necə deyərlər, olan olub, torba dolub!

***

Sonda daha bir atalar sözünü xatırlatmaq istərdik:

"Özünə umac ova bilmir, başqasına əriştə kəsmək istəyir".

Avropa artıq "dünyanın mərkəzi" funksiyasını itirib...

Makron, Şolts, Ursula fon der Lyayen, Cozep Borel kimilərinin "fəaliyyəti" sayəsində iqtisadi, mənəvi və hərbi böhran keçirməkdədir.

Ukraynanı qızışdırıb Rusiyanın üstünə  saldılar.

İndi nə müharibəni davam etdirə bilirlər, nə də qurtara.

Gürcüstanı Aİ-yə qəbulla aldadaraq yarıyolda qoydular, üstəlik, Avropaya inanan Gürcüstan bir xeyli ərazi də itirdi.

İndi Avropaya arxa çevirir.

Əslində, Gürcüstanı və Ermənistanı öz tərəfinə çəkərək Azərbaycanı Cənubi Qafqazda təkləmək istəyən Avropa və Qərb fiaskoya uğradı!

Öz müstəqilliyini və ənənəvi dəyərlərini daha yüksək tutan Gürcüstan Azərbaycan kimi müstəqil, milli maraqlarına xidmət edən siyasət yürütməyi üstün tutdu!

Nəticədə bölgədə Azərbaycan yox, Ermənistan təklənmiş vəziyyətdə qaldı!

İndi isə tək qalmış Ermənistanı olmayan dövlətçiliyindən də məhrum etmələrinə az qalıb.

Sən öz saydığını say...

44 gündə Ermənistanı diz üstə çökdürən Azərbaycana yeni müharibənin başlanacağı halda daha az vaxt gərək olacaqdır!

Ölkəni tərk edən haylar isə bu dəfə Rusiyaya yox, Avropaya üz tutacaqlar.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub FOTO

15:14
23 Dekabr

Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərindən bəhs edilib  

15:10
23 Dekabr

Fəxri ad alan məşqçi: Prezident İlham Əliyev idmanı daim diqqətdə saxlayır və uğurları qiymətləndirir

15:00
23 Dekabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

14:58
23 Dekabr

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

14:25
23 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

14:23
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub 

13:51
23 Dekabr

ANAMA: Ötən həftə 770,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

13:50
23 Dekabr

Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutulub

13:49
23 Dekabr

Dekabrın ötən dövründə maksimal temperatur Sabirabad, Bakı və Abşeron yarımadasında qeydə alınıb  

13:48
23 Dekabr

Stolüstü tennis üzrə ölkə çempionatı başa çatdı

13:27
23 Dekabr

Tramp yenidən Qrenlandiyanı almaq zərurətini açıqlayıb

13:25
23 Dekabr

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması müzakirə olunub  

13:22
23 Dekabr

ABŞ-də Starbucks işçilərinin tətili genişlənir

13:16
23 Dekabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək - PROQNOZ

13:12
23 Dekabr

Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM

12:53
23 Dekabr

Braziliyada zəncirvari qəzada ölənlərin sayı 41-ə çatıb

12:40
23 Dekabr

Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında

12:37
23 Dekabr

İcraçı direktor: TƏBİB-in tabeli tibb müəssisələrində 93 mindən çox işçi çalışır

12:37
23 Dekabr

Firudin Qurbanov: Dini maarifləndirmə olduqca vacib məsələlərdəndir

12:36
23 Dekabr

Bahar Muradova: Azərbaycan ailə modeli milli identikliyin və dini dəyərlərin üzərində qurulub

12:21
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!