11 Oktyabr 2023 09:00
2259
SİYASƏT
A- A+
Qüdrətli lider, cəsur xalq və labüd qələbə

Qüdrətli lider, cəsur xalq və labüd qələbə

 

Azərbaycan xalqının böyük ehtiram və məhəbbətlə qeyd etdiyi Heydər Əliyev İli tariximizə taleyüklü əhəmiyyətli hadisələrlə - möhtəşəm uğurlar, hərbi zəfərlər və strateji hədəflərin reallaşması ilə həkk olunur. Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin artıq həyata keçməsini də bütün dünya aydın görür. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam bərpası sevincini İlham Əliyevin prezidentliyinin 20-ci ildönümündə yaşamağımızın isə mühüm məntiqi əsasları, səbəbləri var.

 

İlham Əliyev fenomeni

 

Bu əsasları müxtəlif kontekslərdə izah və təsdiq etmək mümkündür. İstər qədim siyasi nəzəriyyələr, istər özünü əsrlərboyu doğrultmuş dövlətçilik fəlsəfələri, istərsə də müasir dövrün idarəçilik trendləri aspektlərində 20 illik bu mərhələ tariximizin möhtəşəm epopeyası kimi xarakterizə oluna bilər. 
Hesab edirəm ki, indi çoxsaylı xarici "beyin" mərkəzlərinin baş verən proseslərdə təhlil və qiymətləndirmə üçün paradiqma kimi qəbul etdikləri bir modelə istinad etsəm, daha dəqiq nəticələr əldə edərik. Məşhur analitik-tədqiqatçı Rey Klaynın müəllifi olduğu formulun müqayisə platformasında, yəni siyasi-hərbi-iqtisadi prosesləri riyazi tənliyin şkalasında araşdırsaq, bu dövrün əsl mahiyyətini daha konkret arqumentlərlə üzə çıxarda bilərik. Klayn formulu mövzusuna keçməmiş, öncə tarixi əhəmiyyətinə görə əsrlərə bərabər olan 20 ilin əsas strateji istiqamətlərinə nəzər salaq.
İlham Əliyevin prezidentlik fəaliyyəti tariximizin birmənalı olaraq, ən möhtəşəm dövrüdür. Azərbaycan heç vaxt indiki qədər qüdrətli dövlətə, güclü iqtisadiyyata, mübariz orduya, qlobal nüfuza, tam müstəqilliyə nail olmayıb. İlham Əliyev həm tarixi problemləri həll edib, həm də perspektiv yüksəlişin etibarlı təməllərini formalaşdırıb. Dünyanın coğrafi xəritəsində kiçik görünən Azərbaycan qüdrətli və nüfuzlu lideri sayəsində dünyanın siyasi xəritəsində böyük arealı əhatə edir, geniş miqyasda tanınır, qəbul olunur. 
Dahi intellektə, dərin və hərtərəfli biliyə, yüksək peşəkarlığa malik olan İlham Əliyev geosiyasət ustadı kimi qlobal platformada böyük hörmət qazanıb. Sürətlə dəyişən dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edib. 
Müasir Azərbaycan müstəqil, heç kimdən asılı olmayan, öz sözünü deyən dövlətdir. Bunu hamı bilir və hamı qəbul edir. Prezident İlham Əliyevin qətiyyəti ilə biz son illərdə xarici siyasətdə inanılmaz hədəflərə yetişmişik. Bu siyasətin əsasında milli maraqların gerçəkləşdirilməsi amalı hər şeydən öndə dayanır. Xalq olaraq bu bölgənin liderinə çevrilmişik. Proseslərin axarına təsir göstərən, onu dəyişməyi bacaran liderlik statusu bu gün İlham Əliyev missiyasının ən mühüm göstəricilərindən, ana xətlərindən biridir. 
Ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu davamlı artır. Milli məsələlərdə yalnız bir amili - xalqının və dövlətinin milli maraqlarını əsas tutan Prezident İlham Əliyev beynəlxalq güclərə boyun əymədən, xarici təzyiqlər qarşısında müvazinətini itirmədən xalqımızı milli hədəflərə doğru inamla aparır. İlham Əliyevin uğurla hazırlayıb, dahi intellektlə reallaşdırdığı "Güclü Lider - Güclü Dövlət - Güclü Vətəndaş" formulu əsasında Azərbaycan və onun Prezidenti dünyada tam müstəqil aktorlar - simvollar kimi qəbul olunur. 
İndi liderimiz və dövlətimiz kimi xalqımız da, vətəndaşımız da çox güclüdür, daha qürurludur, özünə tam güvənir. Bütün xarici təsirlər, təzyiqlər, antiazərbaycançı kampaniyalar İLHAM ƏLİYEV - XALQ həmrəyliyi, birliyi nəticəsində iflasa uğrayır. Müstəqilliyimizə qarşı hər hansı bir təhdid anındaca zərərsizləşdirilir.
İlham Əliyev fenomeni müstəqil Azərbaycan dövlətinin siyasi simasını müəyyən edir. Bu, Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə dünyada liderlər sırasına yüksəlməsi faktıdır. Ölkəmizin beynəlxalq aləmdə gündən-günə güclənən mövqeyidir. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan böyük addımlardır. 
Nəyahət, İlham Əliyev missiyası - torpaqlarımızın 30 illik işğaldan azad olunması, ikiəsrlik münaqişəyə son qoyulması, xalqımızın Zəfər, Şuşa qürurunu yaşamasıdır! 

 

Klayn formulu Azərbaycan reallığında

 

İlham Əliyevin 20 illik fəaliyyətində indi xalqımız üçün əsas göstərici Böyük Zəfər və onun yaratdığı reallıqlardır. Uzun onilliklər azərbaycanlıların ağır faciələrinin qara rəmzi olan müharibə məhz Qüdrətli Komandanımızın yüksək hərbi dühası nəticəsində artıq qürur mənbəyinə çevrildi. Məğlubiyyət savaşından Zəfər müharibəsinə keçid İlham Əliyev missiyasının əsas leytmotividir.
"Müharibə haqqında" traktatın müəllifi Karl fon Klauzevits yazırdı ki, "sərkərdə yekun döyüşə elə vəziyyət və qüvvələr balansında nail olmağa çalışmalıdır ki, bu savaş ona qəti qələbəni təmin etsin". Yuli Sezar isə deyirdi ki, sərkərdə güc ilə olduğu qədər ağlı ilə də qalib gəlməyi bacarmalıdır.
Tarixin çoxəsrlik hərbi-siyasi proseslərində təsdiqini tapmış bu ifadələr müasir dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun hərbi strategiyası barədə də dolğun təsəvvür yaradır. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və Konstitusiya quruluşunun bərpasını 44 gündə reallaşdıran, 23 saat ərzində isə tam yekunlaşdıran Prezident İlham Əliyevin Zəfər strategiyası həm də "müharibə əvvəl komandanın beynində, sonra isə döyüş meydanında qazanılır" məntiqini tam əsasda doğruldur.
Taleyin Azərbaycan xalqına İlham Əliyev kimi qüdrətli sərkərdə, dahi strateji düşüncə sahibi və qalib lider bəxş etməsi böyük şansdır. Məhz onun mahir rəhbərliyi altında Azərbaycan 17 il ərzində məqsədyönlü şəkildə hədəfə - Vətənin işğaldan azad edilməsinə doğru inamla irəlilədi. Bu prosesi, ümumilikdə isə İlham Əliyev missiyasının əsas dövlətçilik istiqamətlərini məqalənin girişində istinad etdiyim Rey Klayn formulu kontekstində  izah və təhlil etmək daha effektiv nəticə verər. 
Karib böhranı zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin aparıcı təhlilçisi olan Rey Klaynın müəllifi olduğu və xarici analitik mərkəzlər tərəfindən etibarlı mənbə sayılan bu formula əsasən ölkənin qüdrəti onun ərazisi/əhalisi, iqtisadi və hərbi imkanlarının cəminin dövlət strategiyasının və milli iradəsinin cəminə vurulan nəticəsinə bərabərdir. 
Riyazi tənliyə müraciət etməyimizin əsas səbəbi budur ki, Azərbaycanın və onun Müzəffər Liderinin qələbəsinin mahiyyəti və təfsilatı qələmə alınsaydı, nəzəri araşdırma materialları Azərbaycan Milli Kitabxanasında ən azı bütöv kitab rəfi divarını tutacaqdı. Riyazi formul isə bizə İlham Əliyevin yorulmaz, yüksək dəqiqliklə hesablanmış, məqsədyönlü addımlarını mətnin keyfiyyətini qurban vermədən yığcam şəkildə təsvir etməyə imkan verəcək. Azərbaycanın qüdrətini müəyyən etmək üçün mövcud çox saylı formullar içərisində məhz bu düstura üstünlük verməyimiz bununla əlaqədardır ki, Klayn tənliyində gücün kəmiyyət və keyfiyyət komponentləri ayrı-ayrılıqda qiymətləndirilib, yekunda bir-birinə vurulur. Əgər ölkənin dövlət strategiyası uğursuz, milli iradəsi isə aşağıdırsa, coğrafi, demoqrafik, iqtisadi və hərbi üstünlük ona yardımçı olmayacaq: heç bir qrossmeyster tək bir şahın köməyi ilə rəqibi məğlub edə bilməz.
Klayn formulunun prinsiplərinə görə təsnifatlaşdırsaq, Azərbaycan Prezidenti artıq ərazi bütövlüyü bərpa olunan bir ölkənin, bölgənin ən böyük əhalisinə malik xalqın, regionun şəriksiz iqtisadi gücünün mahir idarəçisidir. Böyük zəfərin təminatçısıdır və vətəndaşlarının alternativsiz etimad ünvanı olaraq milli iradənin rəmzidir. Yəni bütün kateqoriyalarda ən yüksək göstəricilərə sahibdir və onların hasili riyazi mənada maksimum rəqəmdir, siyasi kontekstdə isə qlobal liderliyin mükəmməl nümunəsidir.
Əslində, müasir Azərbaycan reallığında bu tənliyin bütün əmsallarının - göstəricilərinin yetərincə yüksək rəqəmlərlə əks olunduğunu elə cənab Prezidentin fəaliyyətinin iki əsas nəticəsində görə bilərik. İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının və tarixin ən möhtəşəm hərbi zəfərinin müəllifidir.
Bu nailiyyətlər yalnız bir tarixi mərhələ üçün, yəni bu dövr üçün uğur simvolu deyil. Əksinə, iki-üçəsrlik problemlərin həllinin və qarşıdakı əsrlərdə davamlı inkişafının möhkəm təməllərinin real təzahürüdür. Yəni Prezident həm tarixi problemləri aradan qaldırır, həm də uzunəsrlik perspektiv inkişafın və təhlükəsizliyin əsasını qoyur. Özü də onun bu fəaliyyəti bütün riyazi, hərbi, siyasi, iqtisadi tənlik-formullarda uğur nümunəsi kimi diqqəti cəlb edir.

 

Zəfər necə qazanıldı?

 

Faktlara məhz müqayisəli təhlillər aspektindən nəzər salaq. Müstəqilliyin ilk illəri Qarabağda hərbi əməliyyatlarla yanaşı, Azərbaycanın şimal və cənub bölgələrində separatçı qəsdlərlə də müşayiət olunurdu. Gənc respublikanın çiyninə ağır yük düşsə də, tale üzünü Azərbaycan xalqından döndərmədi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Qurtuluş missiyası ilə ölkəni dağılmaqdan xilas etdi, dövlətçiliyin bütün atributlarını yaratdı, onları işlək vəziyyətə gətirdi, həmçinin düzgün sosial rifah siyasəti ilə demoqrafik kursun inkişafına əsaslı təkan verdi. Başqa sözlə, itirilmiş ərazilərə baxmayaraq, Azərbaycan yenə də coğrafi və demoqrafik göstəricilər üzrə Ermənistandan öndə idi. Bu üstünlük İlham Əliyevin prezidentliyi dövründə artıq strateji hədəfə çatdı: ölkə əhalisi 10 milyonu ötdü. Bununla yanaşı, Azərbaycanın müxtəlif regionlarını bir-biri ilə birləşdirən və Silahlı Qüvvələrin yüksək hərəkətliliyini təmin edən geniş avtomobil və dəmir yolları şəbəkələri quruldu, ölkəni bütün dünya ilə birləşdirən dəniz və hava limanlarının modernləşdirilməsi həyata keçirildi. Azərbaycan qlobal nəqliyyat-logistika habının mühüm halqasına çevrildi. Azərbaycan kosmos ölkəsi oldu, fəzaya "Azerspace-1" və "Azersky" peykləri çıxarıldı. Xüsusi qeyd edək ki, 1,5 metr yüksək ayırdetmə qabiliyyətinə malik "Azersky" peyki Fransa ərazisindən on dəfə böyük 6 milyon km2 diametrli ərazini müşahidə edə bilirdi. Yeri gəlmişkən, bu günlərdə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində elan olundu ki, növbəti 2 süni peyki Azərbaycan öz ərazisində istehsal edəcək.
2016-cı ildə Davos Dünya İqtisadi Forumunun rəsmi saytı Prezident İlham Əliyevin "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsini dərc etdi. Məqaləyə əsasən, son 10 ildə Azərbaycan iqtisadiyyatı 300 faiz artmış, yoxsulluq və işsizlik isə kəskin şəkildə azalmış, 5 faiz təşkil etmişdir. Dördgünlük Aprel döyüşləri başlamazdan bir il əvvəl Dünya İqtisadi Forumu öz hesabatında Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünyada 40-cı, MDB məkanında isə birinci yerə çıxartmışdır. 
Digər bir nailiyyət isə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevrilməsi idi. 2016-cı ildə Azərbaycan 4 layihədən ibarət "Cənub qaz dəhlizi" konsepsiyasını dünyaya təqdim etdi: 1. "Şahdəniz-2"nin istismarı, 2. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz Qaz Kəmərinin genişləndirilməsi, 3. Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), 4. Yunanıstandan Albaniyaya və Adriatik dənizinin dibi ilə İtaliya sahillərinə qədər uzanan Trans-Adriatik Boru Kəməri (TAP). 10-dan artıq Avropa ölkəsi "Cənub qaz dəhlizi" layihəsində iştirak, yaxud ona qoşulmaq arzusunu bildirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələrlə yanaşı, "Cənub qaz dəhlizi" Azərbaycanı Qərbin etibarlı enerji və logistika tərəfdaşına çevirdi. Bu layihələr ölkəni Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrin gücləndirilməsinə uğurla yatırılmış böyük vəsaitlərlə və Azərbaycanı qərəzli siyasi təzyiqlərdən qorunmasına hesablanan lazımi diplomatik dəstəklə təmin etdi. Təsadüfi deyildi ki, N.Paşinyan 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktı imzalayandan sonra siyasi rəqiblərinin "niyə Azərbaycanın neftayırma zavodlarına və boru kəmərlərinə "İsgəndər"lərlə zərbə endirilmədi" "ittihamlar"ına cavab olaraq bildirmişdi ki, belə addım Qərbi qəzəbləndirə və onu Ermənistana qarşı səfərbər edə bilərdi.

 

İqtisadi gücdən hərbi qüdrətə doğru

 

Vətən müharibəsi ərəfəsində Dünya Bankı Azərbaycanı ən islahatçı 20 ölkə siyahısına daxil etmişdir. Azərbaycan TANAP layihəsini vaxtından əvvəl uğurla bitirmiş, TAP layihəsinin icra səviyyəsini isə yekunlaşdırmaq üzrə idi. Vurğulayaq ki, bu artım pandemiyanın aktiv mərhələsinə təsadüf edirdi. Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 milyard dollar idi, ölkənin valyuta ehtiyatları isə 51 milyard dollara çatmışdı. Dahi strateq İlham Əliyev vətən torpaqlarının azad edilməsinə kompleks şəkildə yanaşırdı. 
Müharibə ərəfəsində Azərbaycan və Ermənistanın iqtisadi göstəriciləri müqayisəolunmaz idi. Prezidentin qazandığı iqtisadi uğurlar istənilən döyüş tapşırığını yerinə yetirə bilən güclü ordunun əsası oldu. 
Azərbaycanın ordu quruculuğundakı uğurları diqqətsiz qalmadı. 2015-ci ildə "Global Firepower Index" Azərbaycanı dünyanın ən güclü 126 ölkəsi sırasında 64-cü yerdə qərarlaşdırdı. Beləliklə, Aprel döyüşlərindən bir il əvvəl Azərbaycan rəqib Ermənistanı hərbi güc baxımından 10 pillə qabaqlayırdı. Hərbi üstünlük və Ali Baş Komandanın mahir rəhbərliyi sayəsində Azərbaycan dördgünlük döyüşlər zamanı uğurlu əks-hücum əməliyyatı keçirərək hərbi əhəmiyyətli mühüm strateji məntəqələri azad etdi. İki il sonra Azərbaycan Naxçıvanda uğurlu Günnüt əməliyyatı keçirərək 10 min hektardan çox ərazini azad edib, strateji yüksəkliklərə yiyələnərək Ermənistanın o bölgədəki strateji kommunikasiyalarına nəzarət əldə etdi. Bu əməliyyatları şahmat terminologiyası ilə ifadə etsək, "Mittelşpil" (orta oyun) - şahmat lövhəsinin mərkəzi uğrunda, strateji üstünlüyə sahib olmaq naminə mübarizə idi. Dörd günlük döyüşlər və Naxçıvan əməliyyatı Böyük Zəfərin ilk təməli oldu.
Vətən müharibəsindən bir il əvvəl N.Paşinyan həyatının və dövlətinin ən böyük səhvini edib, "Qarabağ Ermənistandır və nöqtə" dedi. İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" bəyanatı isə yalnız siyasi ritorika daşımırdı, bu, artıq proseslərin hərbi müstəviyə keçməsinin və labüd qələbənin anonsu idi.
2020-ci ilin 27 sentyabrınadək Azərbaycanın hərbi üstünlüyü birmənalı şəkildə etiraf olunurdu. Zəka fakt qarşısında acizdir - sözsüz ki, əgər bu zəka Ermənistan rəhbərliyinə aid deyilsə: Ermənistan ordusunun "məğlubedilməzlik mifi"ni yaradan avantürist rəhbərlik, üstəlik, bu saxta mifə inanmağa başlamışdı. Müharibə başa çatdıqdan sonra yalnız üçüncü gün Ermənistanın müdafiə naziri D.Tonoyan etiraf etdi: "Biz nəhəng bir qüvvə ilə - fövqəl silahlı Azərbaycan Ordusu ilə qarşılaşmışdıq. Soruşa bilərsiz ki, bəs biz niyə silahlanmamışdıq? Cavab verirəm: biz də silahlanmışdıq, amma kəmiyyət və resurs baxımından imkanlar müqayisəolunmaz dərəcədə idi". 
Bunun üçün iki ölkənin Milli Təhlükəsizlik Strategiyalarını qarşılıqlı surətdə müqayisə etmək kifayətdir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, ölkənin əsas milli maraqları dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, xalqın birliyinin qorunub saxlanılmasının, demokratiyanın, iqtisadi rifahın yüksəldilməsinin və Azərbaycançılıq ideologiyasının təminatıdır. Bakı İrəvandan fərqli olaraq etnik-mədəni təmizləmə aparmayıb, R.Koçaryandan fərqli olaraq "ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğundan" danışmayıb, əksinə, hələ 2007-ci ildə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycanın yurisdiksiyası altında iki icmanın dinc birgəyaşayışının mümkünlüyünü elan etmişdi. Beləliklə, İlham Əliyevin daxili və xarici siyasət sahəsində məqsədyönlü, uzaqgörən addımları Ermənistanı diplomatiya arenasında tərk-silah etmiş, Azərbaycan diplomat və ekspertlərinə isə fərqli platformalarda ermənilərin ittihamlarını puç etmək üçün sarsılmaz arqumentlər vermişdir.

 

"Dəmir yumruğ"un reallığı

 

Bu kontekstdə elə son həftələrin prosesinə nəzər salaq. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və Konstitusiya quruluşunun tam bərqərarı prosesi Qarabağın erməni sakinlərinin qarşısında son seçim zərurəti yaradır. Ya Azərbaycan ərazisini tərk edirlər, yaxud da Azərbaycan vətəndaşlığını qəbul etməyə razılıq verirlər. Prezident İlham Əliyev onlara tam təminat verir ki, Azərbaycan mərkəzi hakimiyyətinin birbaşa yurisdiksiyasına keçməklə təhlükəsiz həyat, iş, çörək, firavanlıq əldə edə bilərlər. Erməni sakinlər anlamalıdırlar ki, avantürist rəhbərləri və Ermənistana bağlılıq onlara ancaq fəlakət, problem gətirir. Dövlət başçımızın reinteqrasiya ilə bağlı çağırışı onların xilası olacaq. Antiterror tədbirlərindən cəmi iki gün sonra Azərbaycanın humanitar yük karvanlarının, zəruri qida və yanacaq vasitələrinin erməni sakinlərinə çatdırılması və bu prosesin davam etməsi Prezidentimizin bu məsələdə tutduğu prinsipial mövqeyi aydın göstərir. Qarabağın erməni sakinlərinin nicatı yalnız Azərbaycanda və Prezident İlham Əliyevdədir. 
Realizmin banisi H.Morgentaunun uğurlu diplomatiya nəzəriyyəsinin ikinci qaydasına əsasən, "xarici siyasətin məqsədləri milli maraqlar kontekstində nəzərdən keçirilib, adekvat gücə əsaslanmalıdır". Başqa sözlə, dövlət milli maraqlarına və ya milli təhlükəsizliyinə zidd məqsədlər müəyyənləşdirməməli, xarici siyasət hədəflərini ölkəsinin real və potensial imkanlarına uyğun seçməlidir. İxtisasca diplomat olan, fəaliyyəti müddətində isə qlobal diplomatiyanın ən nüfuzlu üzvlərindən birinə çevrilən İlham Əliyev bu şərtləri, tələbləri şübhəsiz ki, hər kəsdən daha yaxşı bilirdi. Bu səbəbdən də Azərbaycan diplomatiyasının qarşısına yalnız milli maraq və milli gücə uyğun hədəflər qoyuldu. Lakin istisnasız olaraq bütün erməni liderləri Morgentaunun uğurlu diplomatiya qaydalarının hamısını təsadüfən və ya bilərəkdən pozurdu.
Ermənistanın milli təhlükəsizlik strategiyasında dövlətin əsas məqsədləri siyahısında - "Artsaxın öz müqəddəratını təyinetmə hüququnun heç bir məhdudiyyət olmadan beynəlxalq səviyyədə tanınması" və "erməni soyqırımının beynəlxalq səviyyədə tanınması" kimi hədəflər var idi. Ermənistan dövlətçiliyinin əsasında duran iki əsas sənəd - konstitusiyası və İstiqlaliyyət Bəyannaməsi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını irəli sürürdü. Destruktiv siyasət sayəsində Ermənistan iki ən böyük sərhədinin bağlanmasına nail olmaqla yanaşı, iqtisadi, siyasi və hərbi subyektivliyini itirərək böyük dövlətlərin regiondakı forpostuna çevrilmişdir. Ermənistan iqtisadiyyatının bütün mühüm sahələri bu və ya digər dərəcədə xarici dövlətlərə məxsusdur. 
Elə erməni rəhbərliyi, ictimaiyyəti də bilir və açıq şəkildə etiraf edir ki, bundan sonra sərhəd xəttində hansısa savaş avantürasına başlasalar, nəticədə İrəvanı tərk etmək məcburiyyətində qalacaqlar. Bu, təhdid deyil, "dəmir yumruğ"un reallığı, Prezident İlham Əliyevin qətiyyətidır! 

 

Xilaskar Komandan indi Qurucu Liderdir

 

Vətən müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıq beynəlxalq miqyasda qəbul olunur, ölkəmizin sivil və bərabərhüquqlu əməkdaşlıq təşəbbüsləri dəstək alır. Ötən üç ildə Azərbaycan Ermənistan üzərində təkcə hərbi-siyasi, diplomatik deyil, informasiya üstünlüyünü də təmin edib. Bu gün sülh gündəliyini birmənalı olaraq Azərbaycan dövləti və onun Prezidenti müəyyənləşdirir.
Ötən iki əsrə nəzər yetirdikdə, qazanılan Zəfərin əzəmətini, tariximizdə nə dərəcədə önəmli proses olduğunu daha aydın şəkildə görmək mümkündür. Prezident İlham Əliyev müdrik sərkərdə, hərbi strateq olaraq xalqımızı həsrətində olduğu Qələbəyə addım-addım yaxınlaşdırdı. Milli maraqları hər şeydən üstün tutması, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi Müzəffər Ali Baş Komandana Qarabağ yarasını əbədi olaraq sağaltmağa imkan verdi. Tarixi Zəfərin kökündə duran başlıca səbəb xalqımızın vahid amal uğrunda "dəmir yumruq" kimi birləşməsi, öz Liderinə sonsuz inamı, onun qərarlarını tərəddüdsüz dəstəkləməsi oldu. 
Unutmayaq ki, dünyanı təhdid edən etnik separatizm və terrorçuluq elementlərinə qarşı qlobal dəstək olmadan yalnız öz Silahlı Qüvvələri ilə uğurlu nəticə əldə etmək nümunəsi bu əsrdə ancaq Azərbaycana, onun Müzəffər Ali Baş Komandanına nəsib olub.
Prezident İlham Əliyevin "dəmir yumruq" əməliyyatı bir dövlətin kənar yardımlar olmadan məhz öz gücü ilə ərazi bütövlüyünü təmin etməsi baxımından dünya hərb tarixində az rastlanan, son onilliklərdə isə ümumiyyətlə, təsadüf edilməyən bir hadisədir. Uzun onilliklər boyu dünyaya sığmayan güclü dünya erməniliyi şəbəkəsini indi Prezident İlham Əliyev İrəvanda üç yüz insanın etiraz keçirtdiyi kiçik küçəyə - dalanədək küncə sıxışdırıb. 
İki əsrdir ermənilərin həyata keçirdikləri terrorçu-separatçı avantüranı Müzəffər Ali Baş Komandan 44 gündə məhv etdi, 23 saat ərzində isə tarixdən birdəfəlik sildi. Digər ölkələrdə də, - qonşu Gürcüstan da daxil, - mütəmadi baş qaldıran erməni separatizmi meyilləri Qarabağda başlarının əzilməsi nəticəsində böyük zərbə aldı və susduruldu. Bu zəfərin əsas mənəvi-psixoloji dəyəri isə əsrlərboyu üzləşdiyimiz soyqırımlarının, 105 il öncəki Bakı qətliamından Xocalı faciəsinədək bütün cinayətlərin qisasının Müzəffər Ali Baş Komandanımız və onun igid əsgər-zabitləri tərəfindən tam alınmasıdır. Qisasımız qiyamətə qalmadı, döyüş meydanında alındı!
Artıq geriyə yox, gələcəyə baxırıq. 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan yüz minlərlə insanın ümidsizliyinə son qoyan Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq məqsədini inamla gerçəkləşdirir. Xilaskar Komandan indi Qurucu Liderdir. O, hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağı və Şərqi Zəngəzuru kənd-kənd, məhəllə-məhəllə yenidən qurur. Mehriban xanımın tövsiyələri, sosialyönümlü təşəbbüsləri ilə bu bölgələr dünyanın ən müasir, ən zövqlü, ən komfort, ən "smart" səviyyəsinə uyğun tikilir. İşğaldan azad edilmiş məntəqələri Prezident və Mehriban xanım Əliyeva müasir şəhərçiliyin ən yeni qlobal trendləri əsasında - "ağıllı", "yaşıl", "insanyönümlü" konseptində formalaşdırırlar. Bu ərazilərdə başlamış genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük qayıdış prosesinə start verilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Qarabağ və Şərqi Zəngəzur çox tezliklə möhtərəm Prezidentimizin müəllifi olduğu növbəti möcüzə - reallaşan möcüzə kimi tanınacaq. 

Toxunduğumuz faktlara, məqamlara, proseslərə əsasən, yeganə mümkün nəticəyə gəlmək olar: Azərbaycanın Vətən müharibəsində qələbəsi labüd idi! Və bu zərurəti strateji və taktiki düşüncə dühası olan İlham Əliyevin qüdrətli liderliyi təmin etmişdir. Bəli, Azərbaycan lap əvvəldən gücün kəmiyyət göstəricilərində üstün idi və bu üstünlük Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin sayəsində davamlı olaraq artırılmışdı. Amma lap əvvəldə bildirdiyimiz kimi: əgər ölkənin dövlət strategiyası uğursuz, milli iradəsi isə aşağıdırsa, heç bir coğrafi, demoqrafik, iqtisadi və hərbi üstünlük bunu əvəzləyə bilməz. 
Yaşasın adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütöv Azərbaycan xalqı, Azərbaycan Ordusu! 

Eldar ƏZİZOV,
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!