01 Dekabr 2024 08:15
1056
SİYASƏT
A- A+
Qərb gürcü xalqının əmin-amanlıq şəraitində yaşamasına imkan vermir

Qərb gürcü xalqının əmin-amanlıq şəraitində yaşamasına imkan vermir


Gürcüstanda baş verən hadisələr bu günlər dünyanın diqqət mərkəzindədir. Qonşu ölkədə oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra siyasi vəziyyət xeyli gərginləşib. Kəskinləşən, tündləşən hadisələrin gedişindən aydın görünən odur ki, Qərb parlament seçkiləri zamanı hakim "Gürcü Arzusu"nun qələbə qazanmasını qəbul etmək istəmir.     

Qərb Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün resurslarını işə salaraq illərdən bəri durulmuş suları çirkli əlləri ilə bulandırır. Bütün iyrənc yollara əl ataraq məkrli məqsədlərinə çatmaq istəyirlər. Gürcü xalqının iradəsinin əleyhinə addımlar atırlar. Bu addımlar isə yalnız xaosa, qarşıdurmaya aparır. Bu günlər qarşıdurma çağırışları ölkənin paytaxtı Tbilisi şəhərini bürüyüb. Qərbin çalğısına züy tutan, yalan vədlərə aldanmış bəzi yerli qüvvələr hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirirlər, dövlətçilik əleyhinə xoşagəlməz addımlar atırlar. Ölkədəki sabitliyi pozmağa, qarşıdurma yaratmağa çalışırlar.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərindən sonra Qərbdən idarə olunan müxalifətin heç bir əsas olmadan nəticələrin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti ölkədə artıq qarşıdurma yaradıb, vəziyyəti gərginləşdirib. Bu onu göstərir ki, Qərb əvvəlcədən Gürcüstanda rəngli inqilab ssenarisi hazırlayıb. İndi də hansı yolla olursa-olsun, ssenarini həyata keçirməyə can atır. Gizlin deyil ki, bu qarşıdurmanın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda qərbyönlü, Qərbdən idarə olunan, bir növ ələbaxan bir iqtidar komandası formalaşdırmaqdır. Qərbin qan qoxulu bu planları gürcü xalqı tərəfindən qəti şəkildə rədd edilir. Çünki xalq oktyabrın 26-da parlament seçkilərində öz seçimini edib, sözünü deyib. Onun Qərbin fitnəkar planlarına, ssenarilərinə ehtiyacı yoxdur. Gürcü xalqı seçdiyi hakimiyyəti ilə dinclik və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Qərb isə buna imkan vermir, müxtəlif yollar və vasitələrlə xalqın haqq işinə mane olmağa, əngəl yaratmağa çalışır.   

Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari dünyaya çoxdan məlumdur. Yaxşı xatırlayırıq ki, 2004-cü il postsovet məkanında, o cümlədən Ukraynada və Gürcüstanda həyata keçirilmiş rəngli inqilablar, habelə 2014-cü ildə Ukraynada baş vermis "inqilab" xalqlara xaosdan, müharibələrdən, dəhşətli dağıntılardan, ölümdən, aclıqdan başqa heç nə vermədi. Yalnız öz maraqlarını güdən Qərb illər sonra yenidən Gürcüstanda "rəngli inqilab" etmək istəyir. Bu "rəngli inqilab"lardan isə müharibə və qan qoxusu gəlir. 

Özünü demokratiyanın carçısı kimi qələmə verməyə çalışan Qərb mediası və siyasi dairələr isə ənənələrinə sadiq qalaraq yenə də həqiqətdən uzaq olan informasiyalar yayır, sərsəm bəyanatlar verir, Gürcüstanın inqilabın astanasında olduğu fikirlərini qabardırlar. Gürcüstandakı sabitliyi pozmaq, xaos yaratmaq üçün son zamanlar ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq müxtəlif yollar və vasitələrlə Gürcüstana təzyiqlər göstərirlər. Bu təzyiqlərin nəticəsi olaraq illərdən bəri ölkəyə edilən yardımlar dayandırılıb. Bununla da kifayətlənməyən Qərb bütün giriş qapılarını Gürcüstanın hakimiyyət nümayəndələrinin üzünə bağlayıb. Amma Qərb nə qədər fitnəkarlıq etsə də, Gürcüstan hökuməti dövlətin və xalqın maraqlarını qoruyur. Ona göstərilən müxtəlif təzyiqlərə baxmayan rəsmi Tbilisi güclü iradə nümayiş etdirərək Qərbin diktələrinə boyun əymədən öz yolu ilə addımlayır.

Rəsmi Tbilisi ölkəsində xaos yaratmağa çalışan Aİ-yə üzvlük prosesini dayandırmaq barədə qərar qəbul edib. Baş nazir İrakli Kobaxidze çox aydın şəkildə deyib ki, 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar veriblər. O qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanmasından ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur. Təbiidir ki, Gürcüstanın bu düzgün addımı Qərb dairələrini daha da hiddətləndirib. Bu hiddətin nəticəsidir ki, Aİ Gürcüstanda xaos yaradır, "rəngli inqilab" şüarını ortalığa ataraq rəsmi Tbilisiyə təzyiqlər göstərir.

Qərbin bu çirkin planlarının Gürcüstanda reallaşdırılmasında USAID və buna bənzəyən təşkilatlar da fəal iştirak edirlər. Onlar məqsədlərinə çatmaq üçün hər sifətə düşürlər. Çünki bu təşkilatlar Aİ-nin və ABŞ-nin pul kisələrindən asılıdır. Əgər pulları kəsilsə, sahilə atılmış balıqlar kimi, çabalaya-çabalaya qalacaqlar. Ona görə də pulverənlərinin qarşısında necə lazımdırsa quyruq bulayır, atılıb-düşürlər. Hadisələrin gedişi göstərir ki, Qərb əvvəlcədən Gürcüstanda maliyyələşdirdiyi QHT-lər vasitəsilə dövlət içərisində dayaqlarını qurmuş və öz gündəliyini qəbul etdirmək üçün vətəndaş qarşıdırmasına və hətta prosesin vətəndaş müharibəsi həddinə qədər gətirilib çıxarılmasına nail olmuşdu. Qərbin vasitəçiliyi ilə qabaqcadan QHT-çilərdən ibarət manqurt dəstələrinin, LGBT və ifrat liberal sağçı düşərgələrin yaradılması hökümətin işini xeyli çətinləşdirib. Təəssüflər olsun ki, bu gün vacib müzakirə olunanların yerinə gürcü xalqı üçün yad LGBT və ifrat sağçı qüvvələr gündəmdə, ön planda görünür.

Bu günlər Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı - küçə döyüşləri ssenarisi, polisə qarşı zorakılıq göstərilməsi kimi qanunsuz hərəkətlər edilir. Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçı gətirilib və onların arasında silahlıların da olması istisna deyil. Etirazçıların həmin təxribatçı qüvvələr tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı da qaçılmazdır.

Hiddət doğuran odur ki, Avropa İttifaqının Gürcüstandakı səfiri özünü canişin kimi aparır. Qərb səfirləri və ölkələri Gürcüstanda demokratik prinsiplər əsasında seçilmiş hökumətə qarşı hibrid müharibəsi aparırlar. Qərb bu gün Çini, Rusiyanı və digər ölkələri belə müharibələr aparmaqda günahlandırır, özü isə açıq və gizli şəkildə Gürcüstanın daxili işlərinə qarışır.

Qərb dövlətləri anlamaq istəmirlər ki, bu ölkədə baş verən hadisələr Gürcüstanın daxili işidir. Kənar qüvvələr və ölkələr bu proseslərə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalı, gürcü xalqının iradəsinin əleyhinə addımlar atmamalıdırlar. 

Qərbin Gürcüstanı beynəlxalq hüquqa zidd  şəkildə, saxtakarcasına qeyri-sabitliyə sürükləməsini Azərbaycan da qəbul etmir. Gürcüstanda baş verən bu xoşagəlməz hadisələr ümumilikdə regionda sabitliyə, təhlükəsizliyə böyük zərbə vurur. Qərb çirkin niyyətindən, insanlara aclıq, səfalət, ölüm gətirən "rəngli inqilab"larından əl çəkməlidir.

Bütün dünya görür ki, neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir. Ona görə də bu ölkə indi, sözün əsl mənasında, həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üz-üzədir. Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların və başqa gözə görünən və görünməyən qüvvələrin Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu gün kimi aydın görünür. Bu qüvvələrin can atdığı müddətsiz etirazlar 2004-cü ildə sınaqdan çıxarılmış qəbuledilməz bir metoddur. Çünki bu metod xalqlara heç vaxt xoşbəxtlik gətirməyib və gətirməyəcək də. İğtişaşları törətməkdə əsas məqsəd Gürcüstanı zəiflətmək, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa təhrik etməkdir. Qərbin bu niyyəti, məqsədi  gücü xalqının gücü, qüdrəti və qətiyyəti ilə iflasa uğrayacaq. Bu çətin, keşməkeşli günlərdə gürcü xalqı müdriklik nümayiş etdirəcək, heç bir xarici qüvvənin əlində alətə çevrilməyəcək. Qərb unutmasın ki, həqiqətin üstünü yalanlarla ört-basdır etmək mümkün deyil. Haqq-ədalətə qarşı vuruşanlar həmişə məğlubiyyətə məhkumdurlar. Qərbi də Gürcüstanda bu aqibət gözləyir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!