14 Mart 2026 09:10
141
Oxucu məktubları
A- A+
"Qayıt, sahmana sal bu kainatı!"

"Qayıt, sahmana sal bu kainatı!"


Azərbaycan ədəbiyyatında elə görkəmli, parlaq, sevimli şair və yazıçılar var ki, adları çəkiləndə qəlbimizi kövrək hisslər bürüyür. Bu hiss əlimizdən tutub bizi nəsrimizin, poeziyamızın dərin qatlarına aparır. Belə parlaq simalardan biri də şeirləri, poemaları ilə ədəbiyyata gəldiyi gündən adı dillərdən düşməyən şair Əli Kərimdir. 

Əli Kərimin keçdiyi ömür və yaradıcılıq yolu, heç vaxt təravətini itirməyən bədii irsi, poetik düşüncələri poeziyamızı daha da zənginləşdirərək yeni bir səhifə açmışdır. Onun yaradıcılığında yer üzünün əşrəfi olan insanın daxili aləmi, qəlbini cuşə gətirən sevgi, ürəyini sıxan tənhalıq, könlünü kövrəldən kədər, vətənpərvərlik və azadlıq mövzuları aparıcı yer tutur. Şairin hələ sağlığında məşhurlaşması, şeirlərinin sevilməsi, sözlərinə mahnılar bəstələnməsi onun poeziyasının gücündən, istedadının qüdrətindən xəbər verir.

Yaradıcılığı ilə ədəbiyyat tariximizdə heç vaxt pozulmayacaq dərin izlər qoymuş Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il martın 18-də Göyçay şəhərində dünyaya göz açmışdı. Atası Paşa kişi fəhlə işləmiş, ailəsini alın təri ilə dolandırmışdı. Yeniyetməliyindən ədəbiyyata maraq göstərən Əli kiçik yaşlarından şeir yazmağa başlamışdı. Onun "Təzə müəllim" adlı ilk şeiri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdu. 

Orta təhsilini uğurla başa vurduqdan sonra 1948-ci ildə Əli Kərim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub. Amma bu ali təhsil ocağında tələbələr üçün yataqxana olmadığına görə Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsinə keçmək məcburiyyətində qalıb. III kursdan sonra təhsilini Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda davam etdirib. Bununla onun qarşısında həmişə arzusunda olduğu ədəbiyyat dünyasına qapı açılıb. 1955-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək ürəyində tumurcuqlayan arzularla doğma vətənə qayıdıb, "Azərbaycan" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri işləyib. Və beləliklə, Əli Kərimin yaradıcılığının və həyatının ən gözəl dövrü başlayıb.

Ədəbiyyata özünəməxsus üslubu, fərqli deyim tərzi ilə gəlmiş Əli Kərim ilk şeirlərindən başlayaraq, istedadı ilə şeçilmişdir. Təsadüfi deyil ki, 1957-ci ildə onun Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. Şairin ilk kitabı da 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" əsəri olmuşdur.

Əli Kərimin yazdığı şeirlər elə ilk misralarından oxucuların diqqətini özünə cəlb edir. Şeirlərindəki axıcılıq, sözlərindəki dərin məna çalarları şeirsevərləri sehirləyir. Buna görə də "Babəkin qolları", "Atamın xatirəsi", "Metronun yaylı qapıları", "Gəl, Azərim", "Habil", "Van-Qoqun günəşi", "Kürə yağış yağırdı", "Daş", "Həmişə səfərdə", "Bəzən haqq qazanır insan öləndə", "Analar ağlar", "Xirosimada məktəbsiz uşaq", "Şəhidliyin zirvəsi", "Qayıt", "Nə xoşbəxt imişəm bir zaman, Allah" və onlarla başqa şeirləri indi də sevə-sevə oxunur. 

Görkəmli şairin şeirlərində məqamında işlənmiş təsvirlər, bənzətmələr, rənglər, naxışlar ahənrüba kimi oxucunu özünə çəkir. Ona görə də Əli Kərimin şeirlərini oxuyanda sanki dünyanın ən məşhur rəssamının çəkdiyi tabloya, bu tablodakı gözəl mənzərəyə baxırsan. Bir anlıq özünü təbiətin qoynunda hiss edirsən. 

Əli Kərimin sevilən şeirlərdən biri də "Qayıt"dır. Bu şeir yazıldığı andan bu günəcən sevilə-sevilə oxunur. Bu şeirin sözlərinə bəstələnmiş mahnını isə adam dinləməkdən bezmir.


Həsrətin araya atdı dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə

Ey mənim istəyim, nə gəlməz oldun.


Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim.


Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.


Qayıt, yerinə qoy Ayı, Günəşi -

Yenə olduğutək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı!


Görkəmli şairlər, yazıçılar və ədəbiyyatşünaslar da zaman-zaman Əli Kərimin yaradıcılığına yüksək dəyər vermişlər. Rəsul Rza onun yaradıcılığından bəhs edərək yazmışdır: "Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə yarışda, hər əsərində bir pillə qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi". Professor Tofiq Hacıyev isə şairin yaradıcılığı haqqında demişdir: "Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş - Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır - qəhrəmanın özü yox, heykəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir".

Şairin "İki sevgi", "Həmişə səfərdə", "Qızıl qanad", "Qaytar ana borcunu", "Uşaqlar və ulduzlar", "Səfərdən sonra", "Pillələr", "Gül və çörək", "Seçilmiş əsərləri", "Qayıt" , "Mavi nəğmənin sahilində", "Neyləyim, şeirlə dərd söyləyirəm" və başqa kitabları işıq üzü görmüşdür. Amma Əli Kərimin özü haqqında ölümündən sonra müxtəlif illərdə bir-birindən dəyərli kitablar yazılmışdır. Feyzi Mustafayevin "Dinmə, ey kədər", Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları dövründə oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Yalnız xatirə kitabları deyil, şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş onlarla monoqrafiya və məqalələr də yazılmışdır. Tənqidçi Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi", "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış", Sona Xəyalın "Əli Kərim" və başqa monoqrafiya və məqalələrdə Əli Kərimin yaradıcılığından ətraflı bəhs olunur. Oqtay Kazımi, Adil Gəray və başqa bəstəkarlar isə Əli Kərimin sözlərinə onlarla mahnılar bəstələyiblər. "Yar gəldi", "Azərbaycanım mənim", "Nə gəlməz oldun" və başqa mahnıları xalqımız uzun illərdir ki, tanınmış müğənnilərin ifasında sevə-sevə dinləyir.

Əli Kərim 1969-cu il iyunun 30-da 38 yaşında dünyasını dəyişmiş, Göyçay şəhərində dəfn edilmişdir. Dəfn edildiyi yerdə şairin adını daşıyan park salınmışdır. Uzun illərdir ki, Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Bunlar o deməkdir ki, Azərbaycan xalqı şair oğlunu unutmur, daim ehtiramla yad edir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!