Noyabrın 28-30-da Tiflisdə Beynəlxalq Nevrologiya Konqresi (NEURO-2024) keçirilib.
Konqresə dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Yaponiya, Yunanıstan, İngiltərə, Malayziya, Almaniya, Pakistan, Hindistan, Serbiya, Fransa və digər yerlərdən mütəxəssislər qatılıblar.
Tədbirdə ölkəmizi Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik-psixoloq Narınc Rüstəmova təmsil ediblər.
Elnur Rüstəmov və Narınc Rüstəmova konqresdə çıxış edərək “Uşaqlarda Neurofeedback terapiyasından əvvəl və sonra Amerika Diaqnostik Qiymətləndirmə Şkalasının Qiymətləndirilməsi” (“Assessment of the American Diagnostic Rating Scale before and after Neurofeedback Therapy in children with ADHD”) mövzusunda Azərbaycanda aparılan araşdırma ilə bağlı ətraflı danışıblar. Qeyd ediblər ki, tədqiqat 18 ay müddətində (fevral 2023-avqust 2024) 2-18 yaşlı 3978 uşaq və yeniyetmə arasında aparılıb. Bildiribər ki, ağır hiperaktivlik-DEHB ilk doğulan uşaqların 23%-i, ikinci doğulanların 19%-i, üçüncü doğulanların 16%-i və tək uşaqların 23% -ində müşahidə olunub.
Mütəxəssislərimiz məruzələrində vurğulayıblar ki, keysəriyyə əməliyyatı ilə doğulan uşaqların 22%-ində ağır hiperaktivlik və DƏHB sindromu, 47%- ində isə orta səviyyələr müşahidə edilib. Təbii yolla doğulan uşaqlar arasında 21% ağır DƏHB simptomları var və 46% isə orta səviyyədədir.
Bu statistikaya əsaslanaraq psıxoloqlarımız istər keysəriyyə, istərsə də təbii doğuş üsulunun uşaqlarda hiperaktivlik və ya DƏHB inkişaf ehtimalına əhəmiyyətli təsir göstərmədiyini nəzərə çatdırıblar. Həmçinin deyiblər ki, tədqiqat nəticəsində şəhərlərdə yaşayan uşaqların 46%-ində ağır hiperaktivlik-DƏHB, 21%-ində isə çox ağır simptomlar izlənib. Rayonlarda bu göstəricilər müvafiq olaraq 50% və 23%, kəndlərdə isə 52% və 21%-dir.
Təmsilçilərimiz çıxışlarında ailə tipi (kiçik ailə, geniş ailə, himayədarlıq) ilə uşaqlarda hiperaktivlik arasındakı əlaqənin tədqiqat nəticələrini də iştirakçılarla bölüşüblər.
Məruzənin sonunda bildirilib ki, psixoloji dəstək və dərman müalicəsi ilə birlikdə 20 seans NFB terapiyası sayəsində ağır hiperaktivliyi olan 11-18 yaşlı uşaqlarda 55%, orta dərəcədə şiddətli hiperaktivlikdə isə 49% azalma müşahidə olunub, uşaqların 13%-ində isə hiperaktivlik əlamətləri tamamilə aradan qaldırılıb.
Əlavə edək ki, tədbirdən sonra f.ü.f.d Elnur Rüstəmov və uzman klinik-psixoloq Narınc Rüstəmova növbəti Beynəlxalq Nevrologiya Konqresinin (NEURO-2025) Azərbaycanda - Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilməsi ilə bağlı rəsmi görüşdə iştirak ediblər və bu istiqamətdə danışıqlar aparılıb.