Tarixi mənbələrdə
qaraçıların vətənləri Hindistanın Pəncab vilayəti göstərilir. Amma onların Hindistandan
nə üçün çıxdıqları haqqında dəqiq məlumat yoxdur və bir neçə versiya irəli sürülür.
Versiyalardan
birinə görə, müsəlmanlar hindlilərin bu etnik qrupunu əsir alıb öz ölkələrinə götürüblər.
Digərinə görə isə, ən aşağı kasta sayılan qaraçılar pul qarşılığında müsəlmanlara
qarşı döyüşmək üçün ölkənin qərb sərhədlərinə göndərilib, məğlubiyyətdən sonra isə
köçmək məcburiyyətində qalıblar.
Tayfaların
XII əsrdəki köçündə onlar əsasən Ön və Orta Asiyada məskunlaşıblar. İlkin olaraq
qaraçılar İran, Türkiyə və Qazaxıstan ərazilərinə daxil olmağa başlayıblar. XV əsrdə
isə artıq onlar Avropada-Yunanıstan, Rumıniya, Fransa, İspaniya, Rusiya, Macarıstanda
görünməyə başlayıblar. Daha dəqiq desək, qaraçıların Avropaya yayılması 1453-cü
ildən başlayır. Ümumiyyətlə Şarl de Koster və Valter Skottun yazılı mənbələrində
qaraçı tayfalarının dünyaya yayılmağa başlanması prosesi XV əsrlərə aid edilir.
İstanbulun osmanlılar tərəfindən fəth olunması hindəsilli millətin qərbə sarı ayaq
açmasına təkan verib. Qaraçıların Rusiyaya gəlmələri XVI əsrdə qeydə alınıb.
Köçmə prosesinin
sonrakı mərhələsində qaraçılar Latın Amerikası - Meksika, Braziliya və Amerika Birləşmiş
Ştatlarına gediblər. Köçəri xalqın okeanın o tayına əsasən müstəmləkəçi ölkələrin
təsiri və zor yolu ilə aparıldığı məlumdur. Portuqaliya, Fransa, İngiltərə, İspaniya
qaraçı tayfalarının Amerika qitəsinə aparılmasında xüsusi rol oynayıblar. Məskən
saldığı ölkələrdə onları müxtəlif adlarla çağırırlar. İspaniyada qitanos, Türkiyədə
çingənə, Rusiyada sıqan, İtaliyada sınqari, İranda lülü kimi adları var.
Təxmini rəqəmlərə
əsasən, dünyada 10 milyona yaxın qaraçı yaşayır. Çünki Hind-Avropa mənşəli xalq
dünyanın heç bir ölkəsində siyahıya alınmır.
Ən çox ABŞ-da (1 milyon) yaşayırlar. Avropada isə bu millət nümayəndələrinin əksəriyyəti (535 min) Rumıniyada məskunlaşıb. Bolqarıstan və Rusiyada da onların sayı 200 mindən yuxarıdır.