COP29 iqlim sammitinin uğurla keçirilməsi, iştirakçı dövlətlərin Azərbaycanın yanaşmalarına dəstəyi ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir olunduğunu göstərdi və konfrans əhəmiyyətli nəticələrlə tamamlandı. Tədbirə evsahibliyi edən Azərbaycanın əzmkar fəaliyyəti nəticəsində COP29-da bəşəriyyətin bu günü və gələcəyi üçün tarixi qərarlar qəbul olundu. Konfrans çərçivəsində müxtəlif müzakirələrdə ölkəmizin sülh, təhlükəsizlik, əməkdaşlıq, dinc yanaşı yaşamaq çağırışları da beynəlxalq aləmdə böyük əks-səda doğurdu. COP29 Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Ölkəmizi daha da gücləndirəcək Bakı Maliyyə Məqsədi
İlk növbədə Bakı Maliyyə Məqsədi barədə razılıq əldə edildi. Bu, COP29 çərçivəsində qəbul olunan ən əhəmiyyətli qərarlardan biridir. Bakı Maliyyə Məqsədi hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlikdir. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyən edir. Müqayisə üçün yada salaq ki, iqlim maliyyəsi ilə bağlı bundan əvvəlki rəqəm 100 milyard dollar idi. Aradakı böyük fərq COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunmuş uğurun miqyasını göstərir. Bakı Maliyyə Məqsədi bu məqsəd üzrə müəyyən edilmiş hədəf nəzərdə tutulan istiqamətə böyük həcmdə qlobal investisiyaların yönəldilməsinə yol açacaq.
Bakı Maliyyə Məqsədinin əhəmiyyəti təkcə bununla məhdudlaşmır. Bu, qlobal miqyasda "yaşıl maliyyə təşəbbüsləri"nin daha təsirli şəkildə həyata keçirilməsinə yönəlmiş mühüm platformadır və iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək.
Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə uyğunlaşma və emissiyaların azaldılmasından ötrü daha əlçatan və effektiv maliyyə mexanizmləri təklif etməkdən əlavə, qlobal maliyyə sistemində iqlim risklərinin azaldılması və dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün yeni alət və strategiyalar müəyyənləşdirir. Xüsusilə bankların və sərmayə qurumlarının "yaşıl maliyyə"yə daha çox yönəlməsini təşviq edir. Bundan başqa, karbon kredit ticarətinin qlobal səviyyədə inkişafını sürətləndirir ki, bu da ölkələrin emissiyalarını azaltmaq üçün əlavə maliyyə mənbələrindən istifadə etməsinə imkan yaradır. Bununla yanaşı həm də inkişaf etməkdə olan ölkələrə əlavə gəlir əldə etmək üçün böyük potensial formalaşdırır.
Bakı Maliyyə Məqsədi maliyyə bazarlarında dayanıqlılığın artırılmasına da töhfə verəcək. Belə ki, iqlim risklərinin maliyyə sisteminə inteqrasiyasını, həmçinin investisiyaların dayanıqlılığını təmin edəcək. İqlim dostu layihələrə yönəlmiş uzunmüddətli investisiyaları yüksəldəcək.
Eyni zamanda sosial və ekoloji təsirləri də artıracaq. Çünki Bakı Maliyyə Məqsədi qlobal istiləşmənin 1,5°C səviyyəsində saxlanılması üçün konkret addımları dəstəkləməklə yanaşı, sosial və ekoloji təsirləri də nəzərə alır. Meşələrin mühafizəsi, bərpaolunan enerji mənbələrinin inkişafı və iqlimə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi bu məqsədin əsas elementləridir.
Bizim üçün ən mühüm imkanlardan biri kimi, Bakı Maliyyə Məqsədi Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə regional lider kimi mövqeyini daha da gücləndirəcək. Ölkəmiz bu təşəbbüs vasitəsilə dayanıqlı maliyyə mexanizmlərinin qlobal səviyyədə tətbiqində aparıcı rol oynayacaq.
Paris Sazişinin 6-cı maddəsi işlək vəziyyətə gətirildi
COP29-un ən əhəmiyyətli nəticələrindən biri də Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bu, 2015-ci ildən bəri baş verən tarixi bir ilkdir. Qeyd edək ki, sözügedən maddə karbon emissiyalarını azaltmaq üçün beynəlxalq karbon bazarlarının yaradılmasına imkan verir. Bu bazarlar vasitəsilə bir ölkə başqa bir ölkədə həyata keçirilən emissiya azaldıcı layihələrdən karbon kreditləri ala bilər. Bu sistem ölkələrin dayanıqlı inkişafla bağlı milli məqsədlərinə daha sürətlə və sərfəli şərtlərlə çatmasına kömək göstərir.
Paris Sazişinin 6-cı maddəsinin düzgün tətbiqi emissiyaların azalmasına töhfə verməklə yanaşı, sosial və iqtisadi inkişafı da dəstəkləyəcək. Ən çox ehtiyac duyulan inkişaf etməkdə olan ölkələrdə "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün əlavə resurslar yaradacaq.
Bu maddənin tətbiqi çərçivəsində karbon kreditlərinin beynəlxalq ticarətini tənzimləmək üçün şəffaflıq və hesabatlılıq qaydaları təyin olunacaq. Beləliklə, karbon bazarlarında pozuntuların, qeyri-müəyyənliklərin qarşısı alınacaq, bazarlara olan inam artacaq və qlobal səviyyədə emissiyaların azaldılması dəstəklənəcək.
COP29 nəticəsində 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsi beynəlxalq karbon bazarları vasitəsilə zəngin ölkələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə axınlarını artıracaq. Bu, xüsusilə kiçik ada ölkələri və iqlim dəyişmələrindən ciddi təsirlənən digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Müvafiq maddənin işə düşməsi karbon bazarlarından istifadə etməklə qlobal istiləşməni 1,5°C-də saxlamaq üçün zəruri olan emissiya azalmalarını daha ucuz və sürətli şəkildə həyata keçirməyə imkan verəcək. Bu, xüsusilə yüksək emissiyalı ölkələr üçün vacib bir mexanizmdir.
Azərbaycanın rəhbərliyi ilə əldə edilmiş belə bir uğur ölkələr arasında iqlim əməkdaşlığını genişləndirəcək, qarşılıqlı münasibətlərin hüquqi və əməliyyat çərçivəsini təmin edəcək. Qlobal səviyyədə kollektiv iqlim tədbirlərini gücləndirəcək və bütün ölkələrin faydalana biləcəyi bir mexanizm ortaya qoyacaq.
Paris Sazişinin 6-cı maddəsinin tam tətbiqi iqlim dəyişmələri ilə mübarizədə qlobal səyləri daha yaxşı əlaqələndirmək və gücləndirmək üçün zəruri mexanizmdir. Bu həm emissiyaların azaldılmasını iqtisadi cəhətdən daha səmərəli edir, həm də davamlı inkişafın dəstəklənməsinə töhfə verir. COP29-da bu maddənin işlək vəziyyətə gətirilməsi beynəlxalq əməkdaşlığın və maliyyə mexanizmlərinin inkişafı baxımından tarixi bir addım hesab olunur.
2015-ci ildən bəri Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsinə həm texniki, həm də siyasi amillər maneə törədirdi. Azərbaycan isə bununla bağlı bütün mövqeləri bir araya gətirib qızıl ortanı tapmaqla belə bir tarixi nəticənin əldə edilməsinə nail oldu. Mövcud maneələrin aradan qaldırılması, daha şəffaf, effektiv karbon bazarlarının yaradılması üçün beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad mühiti yaratmağı bacardı.
İtki və Zərər Fondunun missiyası iqlim dəyişmələrinə məruz qalan ölkələrə maliyyə yardımı etməkdir
Azərbaycanın səyləri sayəsində COP29 zamanı İtki və Zərər Fondu da tam şəkildə institutlaşdırıldı. 2022-ci ildən təşəbbüs kimi irəli sürülmüş bu fondun əsas missiyası iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımının təmin olunmasıdır. İtki və Zərər Fondunun COP29 zamanı tam şəkildə institutlaşdırılması onun 2025-ci ildən əməli fəaliyyətə başlamasına, layihələri maliyyələşdirə bilməsinə geniş şərait yaradacaq. Xatırladaq ki, COP29 nəticəsində İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həllini Azərbaycan Prezidenti İlham Əliyev COP29 sədrliyinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdi. Bu baxımdan İtki və Zərər Fondunun fəaliyyətə başlaması, vəd edilən maliyyə vəsaitinin yüksək həcmi ilə COP29 sədrliyi bu strateji hədəfinə də çatmış oldu.
Bundan başqa, COP29-un yekun qərarı ilə Qlobal Adaptasiya Hədəfi sənədi əsasında Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirəsinə şərait yaradacaq.
Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul olundu. Yada salaq ki, belə bir proqramın qəbulu üzrə danışıqlar uzun müddətdən bəri davam etməkdə idi. COP29 sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.
Bütün bu nailiyyətlər COP29-un öz məqsədlərinə necə böyük uğurla çatdığını, Azərbaycanın gələcək COP tədbirlərinin bəşəriyyət üçün yeni perspektivlərinə parlaq örnəklər formalaşdırdığını nümayiş etdirir.
Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan bu uğurlara heç də rahat şəraitdə, qlobal dəstək mühitində nail olmadı, əksinə, dünyamızın bu günü və gələcəyi naminə məqsədlərə doğru səylə çalışmaqla yanaşı, bir çox süni maneəni də aşmaq, onlara zaman və resurslar sərf etmək məcburiyyətində qaldı. Hələ COP29 ərəfəsində ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirməsi, yeni maliyyə hədəfinin müəyyən edilməməsindən ötrü müxtəlif oyunlar qurmağa çalışması bu süni maneələrin bariz nümunəsi idi.
Ancaq bütün maneələrə baxmayaraq, ölkəmizin evsahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi nailiyyət kimi yadda qaldı. Bu qlobal tədbirin beynəlxalq əhəmiyyəti onun iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə davam edəcək.
İradə ƏLİYEVA,
"Azərbaycan"