Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bazar iqtisadiyyatına keçidlə bağlı radikal islahatların aparılmasına qərar verdi. Bu istiqamətdə sahibkarlığın inkişafı ilə bağlı 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu oldu. Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.
Ulu Öndərin 2002-ci ilin aprel ayında yerli və may ayında xarici iş adamları ilə keçirdiyi görüşlər ölkədə sahibkarlığın inkişafı üçün yeni səhifə açdı. Bir sözlə, 1993-2003-cü illərdə sahibkarlığın inkişafı istiqamətində aparılan uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı əhəmiyyətli dərəcədə artdı.
"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur," - deyirdi Ulu Öndər. Daha sonra Prezident İlham Əliyevin "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı sistemli tədbirlər həyata keçirildi. O cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildi.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında" 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Bu günün təsis olunması da ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymət, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Azərbaycanda dövlət-sahibkar münasibətləri artıq inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. 2008-ci il yanvarın 1-dən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsinə başlanılmışdır.
Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili həyata keçirilmişdir. Bu baxımdan yaradılmış mexanizmlər (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynayır.
Sahibkarlıq sahəsində qarşıda duran vəzifələrin reallaşmasında İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsi də önəmli addımlardandır. Fondun yaradılması həm də sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində mühüm əhəmiyyət daşıyır. Bundan başqa, İpoteka və Kredit Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən böyük məbləğdə ipoteka kreditlərini yenidən maliyyələşdirir, fond kreditlərlə bağlı zəmanət dəstəyi göstərir.
Real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi öz müsbət nəticəsini verir. Artıq Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirliklərində (Dubay) Azərbaycan Ticarət evləri fəaliyyət göstərir. Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan Şərab Evi" açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində "Azərbaycan nemətləri" mağazası fəaliyyətə başlayıb. Moskvanın tanınmış hipermarketlər şəbəkəsində "Azərbaycan nemətləri" guşəsi açılıb. "Made in Azerbaijan" brendi artıq dünyada özünü göstərir.
30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi həmin ərazilərdə də biznesin təşkili üçün əlverişli imkanlar açmışdır. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" bu istiqamətdə işlərin daha da sistemli aparılmasına təminat yaradır. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin dirçəldilməsi, əlverişli biznes və sərmayə mühitinin formalaşdırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq şəxslərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, resursların maya dəyərinin azaldılması, əhalinin bank, sığorta və maliyyə xidmətləri ilə təmini və digər mühüm tədbirlər Dövlət Proqramının əhəmiyyətini daha da artırır. Davamlı şəkildə aparılan işlərin nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda səmərəli və iqtisadi işgüzar fəaliyyətin mühüm vəsilələrindən birinə çevrilməkdədir.
Flora SADIQLI,
"Azərbaycan"