Beynəlxalq sərgilər, innovasiya, "qara qızıl" və qiymətli metalların dəyişən qiymətləri
Azərbaycan ötən həftə iqtisadiyyat, aqrobiznes, sənaye, nəqliyyat sahələrində intensiv fəaliyyət göstərdi və beynəlxalq əməkdaşlıqda addımlar atdı. Paytaxtda keçirilən beynəlxalq sərgilər, forumlar və yüksəksəviyyəli görüşlər ölkənin regional biznes platforması kimi rolunu daha da gücləndirdi. Eyni zamanda yerli istehsalın artırılması, dayanıqlı nəqliyyat və infrastruktur layihələri üzrə verilən mesajlar gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi.
Həftə Azərbaycanın əczaçılıq sənayesinin inkişaf perspektivlərinin müzakirəsi ilə başladı. "Azərbaycan Əczaçılıq Sənayesi: dünən, bu gün və sabah" II Beynəlxalq Konfransında bu sahənin mövcud vəziyyəti, yerli istehsal imkanları və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə əczaçılıq sənayesində idxaldan asılılığın azaldılması, investisiyaların artırılması və ixrac potensialının genişləndirilməsinin vacibliyi vurğulanıb. Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu sahənin ölkə üçün strateji prioritet olduğunu qeyd edərək, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən layihələrdən danışıb.
***
Əczaçılıq sənayesindəki inkişaf perspektivləri müzakirə edilərkən, iqtisadi əməkdaşlıq sahəsində də mühüm addımlar atılıb: mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, Prezident İlham Əliyevlə təkbətək görüşərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə edib. Görüş zamanı tərəflər qarşılıqlı investisiya imkanları, sənaye və energetika sahələrində əməkdaşlıq, həmçinin regional iqtisadi layihələrdə birgə iştirak məsələlərinə diqqət yetiriblər.
***
Həftənin əsas diqqət çəkən hadisəsi mayın 5-də "Bakı-Ekspo" Mərkəzində "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin açılışı olub. Sərgilər aqrar və qida sahələrində yeni texnologiyaların təqdimatı, ölkədaxili və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əlverişli platforma rolunu oynayıb. Həmin gün 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi işə başlayıb. Sərgilər mayın 8-də yekunlaşıb.
Qeyd edək ki, bu il sərgilər bir sıra yeniliklərlə yadda qalıb. Əvvəllər "Caspian Agro" adlanan sərgi 2026-cı ildən etibarən "Caspian Agro Week" adı ilə keçirilib və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu kimi daha geniş konsepsiya ilə təşkil olunub. Yenilənmiş sərgi həm iştirakçılar, həm də ziyarətçilər üçün sektorlararası əməkdaşlıq, geniş netvörkinq və effektiv biznes dialoqu üçün şərait yaradıb. Sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edib. Bu ölkələr sırasında Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kamerun, Meksika, Nigeriya, Polşa, Qazaxıstan, Rusiya, Türkiyə, Yaponiya, Vyetnam və digər ölkələr yer alıb.
Unutmadan qeyd edək ki, sərgilərdə AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edib. Burada Benin, Cənubi Sudan, Efiopiya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiya şirkətləri təmsil olunub. AFAZ və Braziliya sərgilərə ilk dəfə qatılıb.
***
Həftənin digər önəmli tədbiri V Aqrobiznesin İnkişafı Forumu oldu. Tədbir kənd təsərrüfatı və aqrobiznes sahəsində ölkənin gələcək inkişaf perspektivlərini müzakirə etmək üçün geniş imkan yaradıb. Forumda texnologiyalar, investisiya imkanları və dayanıqlı inkişaf modelləri ilə bağlı fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı siyasətinin gələcək prioritetləri müəyyənləşdirilib. Forumun əsas məqsədi dəyər zənciri olan istehsal, emal, logistika, maliyyə və bazara çıxış imkanlarını bir platformada birləşdirərək, aqrobiznesin dayanıqlı inkişafını təmin etmək olub. Belə yanaşma təbii ki, ölkədə aqrar sahənin rəqabətqabiliyyətini artırmaq, əlavə dəyər yaradan məhsullar istehsal etmək və beynəlxalq bazarlarda mövqeləri gücləndirmək üçün mühüm rol oynayır.
***
Ötən həftə beynəlxalq əməkdaşlıq sahəsində də diqqətçəkən hadisələr baş verib. Belə ki, Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) İllik Sammiti işə başlayıb. Məqsəd nəqliyyat sistemlərinin səmərəliliyi, etibarlılığı və uzunmüddətli dayanıqlılığını artırmaq idi. Sammit bu il "Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi" mövzusuna həsr olunub və iqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda böyük əhəmiyyət kəsb edib. Açılış mərasimində çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BNF-nin 20 illik fəaliyyətini qeyd edərək, Azərbaycanın sədrliyi dövründə forumun fəaliyyətinə verdiyi töhfələrdən və təşkilatın daha inklüziv platformaya çevrilməsi istiqamətindəki səylərdən danışıb.
***
Mayın 9-da faşizm üzərində qələbənin 81-ci ildönümü və mayın 10-da Ulu Öndər Heydər Əliyevin 103-cü doğum gününün qeyd edilməsi ötən həftənin mühüm tarixi və mənəvi hadisələri kimi yaddaşlara hopdu. Həmin günlər ölkəmizdə tarixi yaddaşın yad edilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından geniş tədbirlərlə qeyd olundu. Prezident İlham Əliyev dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimlərdə həm qəhrəmanlıq salnamələri, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr bir daha vurğulandı.
***
Dünya bazarında qiymətli metalların bahalaşması ilə müşayiət olunan ötən həftə Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 20,3 dollar artaraq 4 714,6 dollar təşkil edib. Gümüş isə 1,14 dollar artaraq 78,45 dollara bərabər olub.
"Qara qızıl"a gəlincə, xəbər verilir ki, dünya birjalarında neft bahalaşıb. Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 101,09 dollar olub. Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,57 dollar artaraq 95,38 dollar təşkil edib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"