19 Yanvar 2025 08:55
417
CƏMİYYƏT
A- A+
O gecə biz də şəhid ola bilərdik

O gecə biz də şəhid ola bilərdik


Zaman o zaman, aylar o aylar idi ki, hər gün Azadlıq meydanında mitinq keçirilirdi. İnsanlar işdən sonra meydana toplaşır, hərəkat üzvləri tribunadan xalqı milli azadlıq mübarizəsinə, bu mübarizədə fəal iştirak etməyə çağırırdılar. Hamı kimi mən də həmin mitinqlərdə iştirak edirdim.

1990-cı il yanvar ayının 19-u idi. Şəhərdə demək olar ki, iş dayanmışdı. Sovet qoşunları Bakını mühasirəyə almışdı. Mərkəzi Komitənin qabağında iki-üç gün idi ki, izdihamlı mitinq keçirilirdi. Xalq sovet qoşunlarının geri çəkilməsini tələb edirdi. Danışırdılar ki, qoşun şəhərə daxil olacaq. Respublika rəhbərliyi isə bu deyilənləri təkzib edərək şayiə olduğunu bildirirdi. 

Həmin gün yenə də işdən çıxıb Mərkəzi Komitənin qabağına getmişdim. "Baksovet" (indiki "İçərişəhər" metrosunun ətrafı)  izdiham içində idi. Tribunada mitinqi idarə edən şəxs toplaşanları dəstə-dəstə Bakının ətrafına - tankların qabağına getməyə səsləyirdi. Çox dayanmadım, bir qədər sonra  evə döndüm. Az sonra nişanlım gəldi. Ona şəhərdəki vəziyyətdən, Mərkəzi Komitənin qabağındakı mitinqdən,  aparıcının çağırışlarından danışdım. Söylədim ki, vəziyyət ciddidir, nəsə baş verəcək. Bu vaxt küçədən səs eşitdik. Səsgücləndirici ilə əhalini Mərkəzi Komitənin qabağına çağırırdılar. Bunu eşidən nişanlım paltosunu geyinib qapıya tərəf getdi, dalınca mən də çıxdım. 

Mərkəzi Komitənin qarşısında  izdiham on dəfə, yüz dəfə çox artmışdı. İnsanlar keçmiş Kommunist küçəsi boyu səpələnmişdilər. Mitinqin aparıcısı tribunada öz missiyasını yerinə yetirirdi: "20 nəfər "Əzizbəyov" metrosunun ətrafına... 15 nəfər Sabunçu dairəsinə... 25 nəfər Salyanski kazarmanın yanına...10-15 nəfər Biləcəri tərəfə..." 

Saat 24 tamamda avtovağzal tərəfdən güllə səsləri eşidilməyə başladı. Elə bildik ki, havaya güllə atırlar. Bu vaxt bir avtomobil izdihama yaxınlaşdı. İçindəkilər düşüb həyəcanla dedilər: "Dağılışın, ruslar gəlirlər". Camaat inanmadı, yerbəyerdən etiraz etdilər: "Ola bilməz, əliyalın, günahsız insanları niyə öldürsünlər ki?! Qoy gəlsinlər, tərpənmyəcəyik".

Mitinqi idarə edən tribunadan səsləndi: " İnanmayın, camaat, təxribatdır, onların dediyinə uymayın,  heç yana getməyin". Biz özümüzdə deyildik, o baş-bu başa var-gəl edirdik. Soyuq havanın belə fərqində deyildik. Bilmirdik neyniyək, deyilənlərə inanaq, yoxsa inanmayaq. Hər halda mən inanmırdım. Saat biri keçmişdi. Nazimə dedim:

- Gəl gedək evə, artıq dura bilmirəm. Yalan danışırlar, inanma onlara, əliyalın, günahsız adamlara güllə atmazlar. 

Nazim baxdı ki, mən titrəyirəm:

- Qorxursan?

- Yox, niyə qorxuram ki?!

- Üşüyürsənmi?

- Hə, üşüyürəm, - deyə tələsik cavab verdim. 

Əslində, titrəməyim üşüdüyümdən deyil, qorxumdan idi. Nazimdən dolayı qorxurdum. Qorxurdum ki, gələn xəbərlərin təsiri altında güllələr atılan tərəfə gedər. Ona görə də hər vəchlə çalışırdım ki, onu buraxmayım. Narazı-narazı dilləndi: "Yaxşı, gedək, sən mənə mane oldun..."

Biz metronun "Bakı soveti" stansiyasına tərəf getdik. Qatarlar işləyirdi, özü də pulsuz.  Dinməz-söyləməz eskalatorla aşağı düşdük. Fikirləşirdim: "Nazim olmasaydı mən də gedərdim, bəlkə yalan danışırlar. Nə də razı olmur ki, birlikdə gedək görək nə var, nə yox". Əmin idim ki, o da eynilə mənim kimi düşünür. Sonralar biz o gecəni müzakirə edəndə Nazim yanılmadığımı, mənim kimi düşündüyünü söylədi. 

Perronda seyrək adam var idi. Qatar gəldi. Vaqona daxil olanda  gənc bir oğlanın ağladığını gördük. Nazim  ondan ağlamağının səbəbini  soruşanda oğlan  göz yaşlarını yumruğu ilə silərək dedi: "Avtovağzalın qabağında camaatı qırdılar.  Qıza, gəlinə, uşağa, qocaya, cavana belə baxmadılar, hamısını gülləbəran etdilər. Güclə qaçıb canımı qurtarmışam". 

Mən yenə də inanmadım. Nazim dönüb mənə baxdı. Mən o an nişanlımın gözlərindən çıxan acı bir təəssüf, həyəcan, nifrət və intiqam hissini gördüm. Üstəlik, gözləri məni də məzəmmət edirdi, sanki günahkar mən idim. "Axx, sən qoymadın məni", - deyə dişlərini qıcadı. 

O gecə biz də şəhid ola bilərdik. Lakin Tanrı bizi bu taledən yan qaçırdı... 

***

Yuxudan oyananda eşitdim ki, gecə qırğın olub. Nazimgilə zəng vurdum, evdə yox idi, şübhələndim.  Sanki sinəmdə ürəyim qırıldı. Ayağa durub "Baksovet"ə yollandım. Onu Mərkəzi Komitənin qabağında tapacağım ümidilə metroya mindim. Çıxanda gözlərimə inanmadım. Kommunist (indiki İstiqlaliyyət) küçəsinin başlanğıcından düz Mərkəzi Komitənin qabağınadək tanklar düzülmüşdü. Hər tankın üstündə əli avtomatlı dörd əsgər var idi. İlk dəfə idi ki, gerçək tank görürdüm.  Vahimə məni bürüdü. Mərkəzi Komitənin qarşısına getdim. Axşamkı aparıcı hələ də tribunada idi. Bu dəfə də durmadan, dünənkindən fərqli - axtarış elanları verirdi...

Metronun yanına  döndüm. Burada iş yoldaşımı  gördüm. Yenicə söhbətə başlamışdıq  ki, birdən güllə səsləri ətrafı başına aldı. Tanklardan metroya tərəf güllə yağırdı. Metronun qabağına toplaşanlar İçərişəhərə tərəf qaçmağa başladılar. Sağımdan, solumdan, başımın üstündən uçan güllələrdən yayınaraq yeraltı keçidin yanındakı iri ağacın arxasında gizlənməyə macal tapa bildim. Atəş səsləri kəsiləndən sonra dönüb arxaya baxanda  gördüm ki,  bir-iki addım aralıda bir nəfər yerdə qan içindədir. Bu, mənim müəllimim idi. Jurnalistika fakültəsində dərs deyən Əliş Nəbiliyə güllə dəymişdi. Qışqırmaq istədim, səsim çıxmadı. Məndən ötən güllə müəllimimə dəymişdi. İnsanlar Əliş müəllimin başına toplaşdılar. Təcili yardım maşını gəlib onu apardı. Xoşbəxtlikdən Əliş müəllim həmin güllədən sağaldı, hələ bir müddət işlədi də...

Yenidən Mərkəzi Komitənin qabağına döndüm. Gözlərim hər yanda Nazimi axtarırdı. Bir qədər mitinqdə iştirak etdikdən sonra evə qayıtmaq qərarına gəldim. Fikirləşdim ki, Nazim evdə olacaq, onu burada axtarmağım əbəsdir. Filarmoniyanın qabağındakı izdihamın arasından yol açıb kecmək istəyirdim ki, gördüm sürətlə gələn BMP (piydaların döyüş maşını)  düz izdihamın üstünə yeriyir. İnsanlar qaçmağa başladılar. Lakin qaça bilməyib BMP-nin təkərlərinin altında qalanlar da çox oldu.

Evə necə çatdığımı bilmədim. Oturub başımı əllərimin arasına alaraq nə baş verdiyini fikirləşəndə yadıma düşdü ki, həmin an metroya tərəf qaçan insanların basabasında  metroya düşə bilməmişdim. Piyada "28 May" metrosuna tərəf  gedənlərə qoşulmuşdum. Bir də onu xatırladım ki, yolu itirmişdim, bir nəfər oğlan əlimdən tutub metroya düşürmüşdü. Sonrası yadımda deyildi... 

Nazim axşam gəldi. Demə, gecəni yata bilməyib, zəng vurub, cavab verməmişəm. Sonra da evə gəlib qapını döyüb, açmamışam. Əmin olub ki, "Baksovet"ə getmişəm, dalımca ora yollanıb. Və biz bir-birimizdən xəbərsiz Kommunist küçəsi boyu adamların arasından axtarışa çıxmışıq. 

Hər ikimiz baş verən faciənin təsiri altında idik. Gördüklərimizi, eşitdiklərimizi danışır, bir-birimizə təsəlli verirdik. Lakin heç birimiz şokdan  ayıla bilmirdik. Hələ faciə baş verməmişdən əvvəl televiziyanın enerji bloku partladığı üçün informasiya qıtlığı idi. Radiosu olanlar "Azadlıq", "Bi-Bi-Si", "Amerikanın səsi" radiostansiyalarına qulaq asır, baş vermiş hadisə barədə birtəhər məlumat əldə edirdilər. 

Gecəni yata bilmədim. Gözümü yuman kimi səhər gördüyüm tanklar, avtomatlardan açılan güllələr, BMP-nin təkərləri altında qalan günahsız insanların qışqırtısı, bağırtısı göz qapaqlarımı açmağa vadar edirdi. Özümdən asılı olmayaraq hönkür-hönkür ağlayırdım...

 O vaxtdan 35 il keçib. Hələ də o günlərin ağrısı ürəyimdən asılıb. Yadıma düşəndə hadisənin fəlakətində qıvrılıram.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!