Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.
Tədbirlər planı çərçivəsində dekabrın 5-də Salyan rayonunda, 6-da isə Lənkəran şəhərində tədbirlər təşkil olunub.
Tədbirlərdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Salyan rayonunda "Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!" mövzusunda keçirilən tədbirdə YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Rəşad Cəbrayılov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Lənkəran şəhərində "İctimai sağlamlıq və təhlükəsizlik: mənfi təsirlərdən özünü və ətrafını qoru!" mövzusunda keçirilən tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər icra hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mikayıl Cəfərzadə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxışlarda Azərbaycanda narkomaniyaya qarşı aparılan qətiyyətli mübarizədən, cəmiyyətdə, xüsusilə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə maarifləndirmənin əhəmiyyətindən bəhs olunub. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda maarifləndirmə məsələlərinə xüsusi yer və önəm verildiyi diqqətə çatdırılıb.
Gənclərin çoxsaylı sualları cavablandırılıb, tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə əyani vəsaitlər paylanıb.
Elçin CƏFƏROV,
"Azərbaycan"