Ölkəmiz yeni yüksəliş dövrünə qədəm qoyub
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək olan zaman kəsiyi Azərbaycanın tarixinə hərtərəfli, sürətli və davamlı inkişaf dövrü kimi daxil olub. Bu dövr tariximizin ən şərəfli səhifələridir.
Dövlət başçısının inkişafa, tərəqqiyə hesablanmış, məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti tarixin sınaqlarından üzüağ çıxmış müasirlik, daim yenilənmə prinsipləri üzərində qurulmuşdur. İndiyə qədər bütün sahələrdə həyata keçirilmiş islahatlar ölkəmizin tarixində yeni bir inkişaf mərhələsi olan İlham Əliyev erasını ortaya qoymuşdur. Bu, Azərbaycan xalqının tarixində xüsusi dəyəri olan bir mərhələdir. Bu, Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi, inkişaf etdiyi, daim uğurlar qazandığı bir dövrdür. Sevincini yaşadığımız bu mərhələdə dövlət başçısının rəhbərliyi altında görülən işlər, həyata keçirilən islahatlar Azərbaycan xalqına böyük uğurlar qazandırmışdır. Tarixi əhəmiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 21 ilin hər ili xalqımız üçün tərəqqi, inkişaf və misilsiz uğur deməkdir. Qəbul edilən dövlət proqramları əsasında ölkəmizin regionları dinamik inkişaf etmişdir. Beynəlxalq və yerli müşahidəçilər bu inkişafa və tərəqqiyə əsaslanıb çox haqlı olaraq bildirirlər ki, dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və sürətlə inkişaf etmir. Belə sürətli inkişaf tempinə, aparılan quruculuq işlərinin sürətinə əsaslanıb demək olar ki, bu, indiyə qədər dünyanın heç bir yerində olmayan regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir.
Prezident İlham Əliyevin 21 illik hakimiyyəti dövründə xalqımızın tarixində ən qüdrətli Azərbaycan formalaşıb. Bu günlər xalqımız tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Azərbaycan heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Dövlət başçısı yüksək idarəçiliyi, həyata keçirdiyi uğurlu və çevik siyasəti ilə respublikamızı dünyanın inkişaf etmiş böyük nüfuza malik olan ölkələri sırasına çıxarıb. Prezidentin həm daxili, həm də xarici siyasətinin mərkəzində Azərbaycan xalqı, onun əmin-amanlığı dayanır. Azərbaycan Prezidentinin başlıca amalı və məqsədi daim qurub-yaratmaq, dövlətçiliyimizi möhkəmləndirmək və xalqımızı xoş günə, firavan həyata qovuşdurmaqdır. Həyata keçirilən uğurlu islahatlar nəticəsində bütün sahələrdə sürətli inkişafa nail olunub, nailiyyətlər qazanılıb. Bu, insanların rifah halını, sosial vəziyyətini daha da yaxşılaşdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır, ölkəmiz dünyada söz sahibinə çevrilir. Buna görə də regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Qürurla deyə bilərik ki, dövlət başçımız daim xalqımızı sevindirən layihələrə imza atır. Bunu Azərbaycanın iqtisadiyyatında, elmində, təhsilində, səhiyyəsində və başqa sahələrdə çalışan vətəndaşlarımız öz həyatlarında aydın şəkildə hiss edirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik qabiliyyəti sayəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dövlətimizin gücünü, qüdrətini dünyaya bir daha göstərdi. Qısa müddət ərzində düşmən üzərində qazanılmış bu Zəfər nəinki ərazilərimizin 30 illik işğalına son qoydu, həm də son 100 ildə xalqımıza qarşı törədilən etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini birdəfəlik dayandırdı. Şəhidlərin qanı, zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə olunmuş bu Zəfər ermənilərin və onların dünyadakı havadarlarının regionda addım-addım həyata keçirdikləri 200 illik işğal strategiyasını darmadağın etdi. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər 200 illik tariximizdə ilk dəfə olaraq, Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı üçün əlverişli zəmin yaratdı.
Bu gün ölkəmiz sosial-iqtisadi cəhətdən kimsədən asılı olmadan öz inkişaf yolu ilə inamla addımlayır. Azərbaycanın rəyi, mövqeyi ilə dünyanın aparıcı dövlətləri də hesablaşırlar. Daim inkişafda, tərəqqidə və güclənməkdə olan Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı rolunu oynayır. Azərbaycanı inamla uğurlu gələcəyə aparan Prezident İlham Əliyevin hakimiyyət illəri birmənalı olaraq ölkənin dayanıqlı inkişafı, daim güclənməsi, dünyada söz sahibinə çevrilməsi ilə tarixə yazılıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan başqa sahələrdə olduğu kimi, iqtisadi sahədə də böyük uğurlar qazanıb. Ölkəmizin iqtisadi-siyasi uğurlarını əsaslandıran başlıca amillərdən biri də möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə zəruri islahatların uğurla həyata keçirilməsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini, tərəqqisini təmin edir. Bir-birinin ardınca uğurlar qazanılır. Getdikcə ölkəmizin iqtisadi gücü və qüdrəti daha da artır.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurları sırasında xarici KİV və beynəlxalq analitiklər, bir qayda olaraq, milli səviyyədə siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirilməsini, eləcə də milli iqtisadiyyatın keyfiyyətcə yüksəlişini və Azərbaycan xalqının mənəvi irsinin qorunub saxlanmasını, dirçəldilməsini və başqa amilləri xüsusi ilə vurğulayırlar. Bütün bunlar isə uğurla həyata keçirilən islahatların nəticəsində əldə olunub.
Bu il ölkəmiz COP29-a da evsahibliyi etdi. Noyabrın 11-dən 23-dək Bakı şəhərində bu mötəbər tədbir yüksək səviyyədə reallaşdırıldı. Konfransda qəbul edilmiş qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha dünyaya göstərdi. Dünya Azərbaycanda birləşdi, bütün diqqətlər ölkəmizə yönəldi. Dünyamız üçün vacib olan konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini, Azərbaycanın mövqeyini COP29 tribunasından bəyan etdi. Azərbaycan dövləti dünya ölkələrini bir məkana yığaraq bəşəriyyət üçün vacib olan iqlim dəyişikliyi məsələsinin müzakirəsini keçirdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi sadəcə bir toplantı deyildi. Bu, hər şeydən öncə dünyanın Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə bir daha yüksək etimadını, inam və hörmətinı göstərdi. Dövlət başçısı bu yüksək etimadı illərdən bəri yürütdüyü uğurlu xarici siyasət nəticəsində qazanıb. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev Azərbaycanın dinamik inkişafını təmin edən strategiya yaradıb. Bu inkişaf strategiyası Azərbaycan xalqının əmin-amanlığına, dayanıqlı inkişafına, yüksəlişinə, sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, gücünün artırılmasına hesablanıb. Həm uğurla, həm də zamanında həyata keçirilən məqsədyönlü islahatlar gündən-günə müsbət nəticələr verir. Dövlət başçısının yaratdığı dayanıqlı, dinamik inkişaf modeli fasiləsiz olaraq Azərbaycan iqtisadiyyatının tərəqqisini təmin edir, ölkəmizin qarşısında yeni perspektivlər açır. Bu perspektivlər isə yeni güc, yeni qüdrət, yeni inkişaf, yeni yüksəliş vəd edir. Deməli, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqını qarşıda daha böyük uğurlar gözləyir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"