Azərbaycanın müasir diplomatiya və hərb tarixini həm də dünya miqyaslı ədalətsizliyə, ikili standartlara və "dondurulmuş münaqişə" stereotiplərinə qarşı təkbaşına mübarizənin salnaməsi kimi xarakterizə etməliyik. Ötən müddətdə ölkəmiz sübut etdi ki, milli maraqlar naminə nümayiş etdirilən sarsılmaz iradə və hərbi-siyasi güc, ən mürəkkəb beynəlxalq təzyiq mexanizmlərindən belə daha üstündür. Uzun illər boyu ATƏT-in Minsk qrupu (MQ) vasitəsilə Azərbaycan xalqının iradəsinin əksinə olaraq torpaqlarımızın işğalının əbədiləşdirilməsinə cəhd edilsə də, prezident İlham Əliyevin qətiyyətli siyasəti bu çirkin planları alt-üst etdi.
Dövlətimizin rəhbəri cari il mayın 10-da - Ulu Öndərin doğum günündə Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə keçmiş Minsk qrupunun riyakarlığını bir daha xatırlatdı: "İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi".
Azərbaycan Prezidenti əlavə etdi ki, o ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: "Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər".
28 il fəaliyyət, "0" nəticə
1992-ci ildən fəaliyyətə başlayan Minsk qrupu, münaqişəni həll etmək mandatına sahib olsa da, 28 il ərzində onun fəaliyyəti "sıfır" nəticə ilə yadda qaldı. Həmsədrlər Ermənistanın təcavüzkar siyasətinə göz yumurdu. BMT TŞ-nin məlum dörd qətnaməsinin icrasını təmin etmirdilər.
Onların fəaliyyət fəlsəfəsi münaqişəni ədalətli həll etmək yox, Azərbaycanı mövcud vəziyyətlə, yəni işğal faktı ilə barışdırmaq idi. Tez-tez təkrarlanan "münaqişənin hərbi həlli yoxdur" tezisi, əslində, Ermənistanın işğalçılıq siyasətinə verilən diplomatik zəmanət idi. Həmsədrlərin gözü qarşısında məscidlərimiz dağıdılır, qeyri-qanuni məskunlaşma aparılır və milli sərvətlərimiz talanırdı. Lakin MQ-nin həmsədrləri sadəcə bölgəyə "turist səfərləri" ilə kifayətlənir, müstəmləkə təfəkkürü ilə Azərbaycanı güzəştə sövq etməyə çalışırdılar. Hətta bir vaxtlar "Şimali Qarabağ" terminini ortaya atmaqla işğalı leqallaşdırmağa cəhd etmələri bu qurumun əsl çirkin niyyətini üzə çıxarırdı.
Azərbaycan tərəfi illərlə səbir nümayiş etdirərək münaqişənin sülh yolu ilə həll olunmasına çalışdı, ancaq Minsk qrupunun fəaliyyətsizliyi savaşı qaçılmaz etdi. Nəticədə Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran ölkəmiz bütün ərazilərində bayrağını dalğalandırdı, suverenliyini təmin etdi. Tarixin, ədalətin, beynəlxalq hüququn öz yerini tapması kimi də tövsif olunacaq qələbələri ilə Azərbaycan bütün bu sadalananlarla bağlı üzərinə götürdüyü missiyanı onilliklər ərzində həyata keçirməyən Minsk qrupunun da fəaliyyətinə de-fakto son qoydu.
İkinci Qarabağ müharibəsindən sonra 12 dekabr 2020-ci ildə Bakıya gələn həmsədrləri qəbul edərkən dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər, əslində, diplomatik şillə idi: "BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır... ...Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksəkrütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim".
Daha sonra Prezident İlham Əliyev onlara 28 illik imitasiyanın başa çatdığını və Azərbaycanın öz taleyini öz əlinə aldığını bu sözlərlə bir daha elan etdi: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var".
Bakının diplomatik uğuru
Azərbaycanın hərbi zəfəri Minsk qrupunu de-fakto ləğv etmişdisə, 2025-ci ilin tarixi qərarları bu prosesi de-yure də tamamladı. Vətən müharibəsi bitdikdən sonra Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşı tərəfə beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən 5 baza prinsip təqdim etdi. Ancaq Ermənistanın qeyri-konstruktivlik sərgiləməsi və üçüncü tərəflərin müdaxiləsi sülh istiqamətində hansısa irəliləyişlərin əldə olunmasına mane oldu. Bunun başlıca səbəblərindən biri İrəvanın Bakı ilə birgə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətdən yayınması idi. Ermənistan hətta sülh müqaviləsi bağlansa belə adıçəkilən qrupun mövcudluğunu qoruyub saxlamaq, bununla gələcəkdə ölkəmizə qarşı yenidən ərazi iddiaları və digər təxribatlar üçün, belə deyək ki, siyasi zəmin hazırlamaq istəyirdi.
2025-ci il avqustun 8-də Vaşinqton sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə əlaqədar birgə müraciəti imzaladılar.
Həmin il dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi. Müvafiq qərar Ermənistan və Azərbaycanın ATƏT-ə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olundu. Bununla əlaqədar ATƏT-in bəyanatında bildirilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi.
Minsk qrupunun de-yure ləğv edilməsi və Qarabağ məsələsinin beynəlxalq müstəvidə də tamamilə bağlanması Azərbaycan diplomatiyasının böyük uğuru oldu.
Bir sözlə, Azərbaycan 44 günlük müharibədə təkcə işğalçını deyil, həm də dünya erməniliyini, onun lobbisini və ikili standartlar üzərində qurulmuş beynəlxalq sistemi məğlub etdi. Minsk qrupu diplomatiya tarixinə riyakarlıq, utanc və müstəmləkə təfəkkürünün nümunəsi kimi keçdi.
Azərbaycan sübut etdi ki, ədalət və beynəlxalq hüquq kağız üzərində deyil, güclü dövlət iradəsi ilə bərpa olunur.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"