19 Iyul 2024 08:50
225
Mədəniyyət
A- A+

Məşhur heykəltaraş Cəlal Qaryağdının yaradıcılıq yolu

 

Azərbaycan heykəltaraşlıq məktəbinin formalaşmasında və inkişafında onun əvəzsiz xidmətləri olub. O, bədii yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan təsviri sənət tarixinə əbədi daxil edib. Bu görkəmli tişə ustası Xalq rəssamı Cəlal Qaryağdıdır (1914-2001). Bu il heykəltaraşın anadan olmasının 110 illiyi qeyd olunur.

Cəlal Məhərrəm oğlu Qaryağdı Azərbaycanın qədim incəsənət beşiyi və füsunkar təbii gözəllikləri ilə insanları valeh edən Şuşa şəhərində dünyaya göz açıb. O, əvvəlcə ixtisas təhsilinə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1928-1932), daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1932-1935) yiyələnib. Gənc heykəltaraş sənətin xüsusi incəliklərini müəllimi Gürcüstanın Xalq rəssamı, professor Y.İ.Nikoladzedən əxz edib. C.Qaryağdı yaradıcılığının lap erkən dövrlərindən sərgi və müsabiqələrdə uğurla iştirak edib. Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

C.Qaryağdı heykəltaraşlığın müxtəlif sahələrində - monumental heykəl, portret, büst, qorelyef, barelyef və digər bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltaraşın özünə qarşı ciddi yaradıcılıq tələbkarlığını və digər xüsusiyyətləri qeyd etmək olar.

C.Qaryağdının monumental heykəltaraşlıq əsərləri ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı, bölgələri də bəzəyir və tamaşaçıların bədii-estetik zövqünün formalaşmasına müsbət təsir göstərir. Onun monumental heykəltaraşlıq əsərlərinə nümunə olaraq Molla PənahVaqifin heykəli (1939-40, Bakı, Nizami adına Ədəbiyyat Muzeyinin qərb fasadının lojası), Mirzə Ələkbər Sabirin heykəli (tunc, qranit, 1958, memarlar Ənvər İsmayılov və Qəzənfər Əlizadə, Bakı), Nəriman Nərimanovun heykəli (tunc, qranit, 1966-68, memar Tahir Abdullayev, Bakı, açılışı 1972-ci ildə olmuşdur), həmçinin Qazaxda Səməd Vurğunun heykəli (1966), Ordubadda akademik Yusif Məmmədəliyevin abidəsi (1977), Lənkəranda Həzi Aslanovun heykəli (1983) və başqalarını göstərmək olar.

Bakı şəhərinin mərkəzində ucaldılmış Azərbaycanın satirik şeirinin ən görkəmli nümayəndələrindən olan M.Ə.Sabirin heykəlini həmin məkandan kənar təsəvvür etmək mümkünsüzdür. Oturmuş halda, başında buxara papaq, sağ əlində dillər əzbərinə çevrilmiş "Hophopnamə"sini tutmuş vəziyyətdə təsvir edilmişdir.

Abidənin ətraf aləmlə və heykəlin postamenti ilə üzvi bağlılığı ustalıqla tapılıb və son dərəcə uğurlu həll edilib. Azərbaycanın görkəmli maarifçisi və dövlət xadimi N.Nərimanovun əzəmətli heykəli C.Qaryağdının cəlbedici əsərlərindəndir. Lakin bu nəhəng abidənin postamentlə uyğunsuzluğu gözə çarpır. Heykəltaraşın həyat yoldaşı Firəngiz Hüseynova abidə barədə deyirdi: "Hələ o vaxt, abidənin açılışına az qalmış Moskvaya məktub göndərib, azərbaycanlıların Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istədiklərini xəbər verdilər. Heykəl hazır idi. Tuncdan tökülmüş abidənin kiçildilməsi mümkün deyildi. Ancaq sovet hökuməti Nərimanovun öz xalqına Kirovdan uca nöqtədən baxmasına yol vermədi. Heykəlin postamenti kiçildildi. Cəlal o zaman bundan çox narazı qaldı". Məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin Ordubad rayonunun mərkəzində ucaldılmış abidəsi şəhərə xüsusi yaraşıq verir və bu abidə həmyerlilərinin qürur mənbəyinə çevirilib.

C.Qaryağdı həmçinin tanınmış incəsənət xadimlərinin və hərbçi qəhrəmanların büst-portretlərinin müəllifidir. Bunlara misal olaraq Sövet İttifaqı qəhrəmanları Adil Quliyevin (1945) və Həzi Aslanovun (1948-49), snayperçi qadın Ziba Qəniyevanın (1948), rəssam Bəhruz Kəngərlinin (1947), vokalçı Bülbülün (1948), şairə Xurşid Banu Natəvanın (1949), şair Mirzə Ələkbər Sabirin (1962), bəstəkar Qara Qarayevin (1963), bəstəkar Fikrət Əmirovun (1964) büstlərini və həmçinin "Tarzən", "Kamançaçı", "Xanəndə" (hamısı 1967) fiqurlarını qeyd etmək olar. Tişə ustasının yaradıcılığında hərbçilərə və qəhrəmanlara xüsusi yer ayırması təqdirəlayiqdir və bu tendensiyanın digər sənət adamlarının da yaradıcılığına sirayət etməsi arzu ediləndir. Heykəltaraşın dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının motivləri əsasında yaratmış olduğu "Fərhad Bisütun dağını yararkən" adlı barelyefi (1947) diqqətçəkəndir. Əsər barəsində sənətşünaslıq doktoru Nurəddin Həbibov yazır: "Qabartma heykəli dərin ekspressiya qüvvəsinə malikdir. Gərgin dramatik vəziyyətdə verilən Fərhadın fiquru Bisütun dağının sərt cizgiləri fonunda möhtəşəm və əzəmətli görünür".

Azərbaycan təsviri sənətinin inkişafına özünün bədii yaradıcılıq nümunələri ilə töhfələr bəxş etmiş Cəlal Qaryağdı kimi sənət ustaları xalqımız və dövlətimiz tərəfindən həmişə xüsusi ehtiramla anılır.

 

Əsəd QULİYEV,

Aəzəpbaycan Rəssamlar

İttifaqının üzvü, sənətşünas

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video