Zirvə görüşünün əsas nəticəsi NATO-nun qəbul edilmiş qərarları həyata keçirmək qabiliyyətinin təsdiqlənməsi olub
NATO-nun baş katibi Mark Rutte, Ankarada keçirilmiş Alyans dövlət və hökumət başçılarının 36-cı zirvə görüşünün "son dərəcə uğurlu" olduğunu və bir il əvvəl Haaqadakı sammidə qəbul edilmiş qərarların icra olunmağa başladığını bildirib.
Zirvə görüşünün ardından keçirilən mətbuat konfransında Rutte görüşün əsas nəticəsi NATO-nun qəbul edilmiş qərarları həyata keçirmək qabiliyyətinin təsdiqlənməsi olduğunu qeyd edib.
"Ankarada çox uğurlu bir sammiti başa vurduq. Bu zirvə görüşünün mesajı sadədir: NATO nəticəyə nail olur. Prezident Rəcəb Tayyib Ərdoğanın əla qonaqpərvərlik göstərdiyi Ankarada, bir il əvvəl Haaqa görüşündə qəbul olunmuş öhdəliklər artıq həyata keçirilir", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, Alyans olkələri müdafiə investisiyalarını artırmağa, yeni hərbi imkanlar inkişaf etdirməyə və müdafiə sənayesi məhsullarının istehsalını artırmağa davam edir.
Rutte vurğulayıb ki, Avropa müttəfiqləri və Kanada kollektiv təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətli məsuliyyət daşıyırlar.
O, həmçinin NATO üzv dövlətlərinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq məqsədinə çatmaq üçün əhəmiyyətli irəliləyişlər əldə etdiklərini, həm əsas hərbi xərcləri, həm də təhlükəsizliyin gücləndirilməsinə qoyulan investisiyaları artırmağa davam etdiklərini bildirib.
Eyni zamanda, Rutte qeyd edib ki, söhbət təkcə xərclərin artırılmasından deyil, həm də silahlı qüvvələrin getdikcə təhlükəli beynəlxalq mühitdə lazımi imkanlara malik olmasının təmin edilməsindən gedir.
Onun sözlərinə görə, əsas prioritetlər müdafiə istehsalını sürətləndirmək, müdafiə sənayesindəki maneələri aradan qaldırmaq, dayanıqlığı artırmaq və innovasiyanı təşviq etmək olaraq qalır.
Baş katib bildirib ki, sammit zamanı keçirilən NATO Müdafiə Sənayesi Forumunda cəmi bir gündə 50 milyard dollardan çox dəyərində yeni satınalma müqavilələri imzalanıb.
Bundan əlavə, müttəfiqlər növbəti beş il ərzində pilotsuz sistemlərin inkişafına 40 milyard dollarlıq investisiya nəzərdə tutan NATO Dron Edge təşəbbüsünü irəli sürüblər.
Rutte həmçinin NATO-nun alyansın yanacaq logistika infrastrukturunun inkişafı üçün 27 milyard avro ayıracağını açıqlayıb.
O, əlavə edib ki, müttəfiqlər süni intellekt və hərbi ehtiyaclar üçün qarşılıqlı fəaliyyət göstərən transatlantik bulud infrastrukturunun yaradılması sahələrində yeni addımlar atırlar.
Rutte vurğulayıb ki, NATO-nun Ukraynaya dəstəyi sarsılmaz qalacaq. Onun dediyinə görə, müttəfiqlər bu il və gələn il Kiyevə ən azı 70 milyard avroluq hərbi texnika, yardım və təlim verməyi öhdələrinə götürüblər.
Baş katib həmçinin NATO ölkələrinin kollektiv müdafiə prinsipinə sadiqliklərini bir daha təsdiqlədiklərini açıqlayıb.
"Ankarada müttəfiqlər kollektiv müdafiəyə və Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə sarsılmaz sadiqliklərini bir daha təsdiqlədilər", - deyə o bildirib.
Rutte qeyd edib ki, ittifaq liderləri həmçinin NATO-nun daha da modernləşdirilməsi və təşkilatın gələcək çağırışlara hazırlanması barədə razılığa gəliblər.
Onun sözlərinə görə, Avropa müttəfiqləri və Kanada, ABŞ ilə birlikdə, Alyansın müdafiəsi üçün daha böyük məsuliyyət daşıyacaqlar.
"Bu, bir milyard insanın təhlükəsizliyini təmin etməyə və uyğunlaşmağa davam edən NATO 3.0-un mahiyyətidir", - deyə baş katib yekunlaşdırıb.
Baş katib NATO zirvə görüşündə misli görünməmiş birlik atmosferinin hökm sürdüyünü və müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq məqsədinə doğru irəlilədiyini bildirib.
Ruttenin sözlərinə görə, liderlər arasında qızğın müzakirələrə baxmayaraq, Alyansı daha güclü edən açıq fikir mübadiləsidir. Alyans rəhbəri həmçinin ABŞ prezidenti Donald Trampın NATO-ya sadiqliyinə həmişə əmin olduğunu vurğulayıb. O, Vaşinqtonun çağırışlarının Avropa müttəfiqlərinin müdafiə xərclərinin artmasına səbəb olduğunu qeyd edib.
Baş katib NATO-nun İrana qarşı sarsılmaz mövqeyini bir daha təsdiqləyib. O, Alyansın Tehranın nüvə silahına sahib olmasını qəbuledilməz hesab etdiyini bildirib və qeyd edib ki, İran blokun məsuliyyət zonasından kənarda olsa da, NATO lazım olduqda töhfə verməyə hazırdır.
Arktikadan danışan Rutte Trampın Rusiya və Çinin regionda artan fəallığına işarə edən açıqlamalarının doğruluğunu etiraf edib. O, NATO-nun artıq Arktika təhlükəsizliyini gücləndirmək üçün addımlar atdığını bildirib. Qrenlandiya ətrafındakı vəziyyətə münasibət bildirən Rutte qeyd edib ki, ABŞ, Qrenlandiya və Danimarka üçtərəfli məsləhətləşmələr aparır. Baş katib hazırda Arctic Sentry təşəbbüsünün həyata keçirilməsinə diqqət yetirdiyini bildirib.
Türkiyədə Rusiyanın S-400 zenit-raket sistemlərinin mövcudluğu ilə bağlı Rutte bildirib ki, bu, ilk növbədə Ankara ilə Vaşinqton arasında həll edilməli olan ikitərəfli məsələdir.
Müttəfiqlər arasındakı fikir ayrılıqlarını şərh edən baş katib qeyd edib ki, bu cür müzakirələr 32 üzvdən ibarət Alyans üçün təbiidir və onun əsas vəzifəsi NATO birliyini təşviq etmək və zərurət yarandıqda qapalı qapılar arxasında dialoqu asanlaşdırmaqdır.
Mark Rutte həmçinin növbəti NATO sammitinin Albaniyada keçiriləcəyini açıqlayıb. dəqiq tarix hələ müəyyən edilməyib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"