Qubadlı rayonunun işğaldan azad olunmuş Mahruzlu kəndində həyat yenidən canlanır. Uzun illər boş qalan bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Mahruzlunu müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanına çevirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətin diqqət və qayğısı nəticəsində kənddə təkcə evlər deyil, eyni zamanda sosial həyat, infrastruktur və gələcəyə inam da yenidən formalaşır.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva açıqlaması zamanı bildirib ki, Qubadlı rayonunun Mahruzlu kəndi Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun sol tərəfində yerləşir və Baş plana əsasən kəndin 197 hektar ərazidə yenidən qurulması nəzərdə tutulub.
“Tikinti işləri mərhələli şəkildə aparılır və ilkin mərhələdə 43,5 hektar ərazidə 190 fərdi yaşayış evi inşa olunur. Dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə kənddə qeyri-yaşayış binaları inzibati bina, çoxfunksiyalı bina, məktəb və məktəbəqədər təhsil müəssisəsi də tikilir. Hazırda Mahruzlu kəndində inşa olunan fərdi yaşayış evlərində işlərin 70 faizi icra edilib. Qaba tikinti işləri, dam örtüyü, fasad izolyasiyası və daxili kommunikasiya xətləri başa çatdırılıb, hazırda sahədaxili kommunikasiya və daxili bəzək işləri davam etdirilir.
Fərdi evlər 2, 3, 4 və 5 otaqlı olmaqla layihələndirilib. Hər bir evin 12 sot həyətyanı sahəsi var və həyətdə təsərrüfat binası nəzərdə tutulub. Evlərdə alternativ enerji mənbələrindən istifadə məqsədilə artıq damlarda günəş panelləri quraşdırılıb, istilik sistemi isə kombi üsulu ilə təmin ediləcək. Xüsusi izolyasiya materialları evlərin yayda sərin, qışda isə isti olmasına şərait yaradaraq enerji səmərəliliyini artırır. Kənddə 264 şagird yerlik məktəb binası və 80 yerlik uşaq bağçasının tikintisi davam edir və bu obyektlər ilkin mərhələ üzrə yekunlaşmaq üzrədir. Coğrafi mövqeyinə görə bir tərəfi Həkəri çayı, digər tərəfi dağlıq ərazilərlə əhatə olunan Mahruzlu kəndində sel, yağıntı və çay sularının idarə olunması və yaşayış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi mühəndis layihəsinin icrası da nəzərdə tutulub. Mahruzlu kəndinə əhalinin növbəti ildən etibarən mərhələli şəkildə köçü planlaşdırılır”, - deyə şöbə müdiri bildirib.