Luvrun baş direktoru Lorans de Kar Fransa Mədəniyyət Nazirliyinə muzeyin vəziyyətinin pisləşməsi, sökük strukturları və bununla bağlı eksponatlar üçün təhlükə ilə bağlı şikayət edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazır.
Nəşrin istinad etdiyi çıxarışlar bəzi binalarda “narahatedici köhnəlmə dərəcələri”ndən bəhs edir, burada binalara dəyən ziyan bəzən ciddi şəkildə artır. Bəzi otaqlar artıq su keçirir, onların bir neçəsində isə sənət əsərlərinin təhlükəsizliyini təhdid edən həyəcanverici temperatur dalğalanmaları qeydə alınır. Luvrun direktorunun sözlərinə görə, sarayın qarşısındakı meydanda fəvvarənin yerinə quraşdırılan şüşə piramida struktur cəhətdən köhnəlib.
Nəşr yazır: “Piramida dizaynı bir sıra ciddi çatışmazlıqlara gətirib çıxardı: çox isti günlərdə şüşə damın yaratdığı istixana effekti həmin məkanı oradan keçən insanlar və ərazidə işləyən işçilər üçün olduqca əlverişsiz edir. Üstəlik, bu məkanın səs izolyasiyası çox zəif olaraq qalır”.
Direktor bəzi zalların bərbad vəziyyətdə olması ilə yanaşı, ziyarətçilərin qarşılaşdıqları problemləri də diqqətə çatdırır. “Ziyarətçilərin istirahət etməyə yeri yoxdur. Yemək və tualet beynəlxalq standartlara cavab vermir. İşarələr sisteminin əsaslı təmirə ehtiyacı var”, -deyə məktubda diqqətə çatdırılır.
Ayrı-ayrılıqda de Kar əsas eksponatlardan birinin - Leonardo da Vinçinin “La Gioconda” (“Mona Liza”) tablosunun yersiz təqdimatını qeyd edir. “Fövqəltəbii statusa yüksəldilmiş “Mona Liza” onilliklər ərzində heyranlıq hissi doğurub. Bu populyarlığın nəticəsidir ki, çoxlu sayda insan əsəri və rəssamın özünü dərk etmək üçün açarları almadan zala axışır ki, bu da muzeyin yerinə yetirdiyi missiyanı şübhə altına alır”, - deyə Luvrun direktoru yazır.
Bu, ilk növbədə, muzeyin özünün əvvəlcə ildə 4 milyon ziyarətçi üçün nəzərdə tutulduğu halda, 2024-cü ildə 8,7 milyon insanı qəbul etməsi ilə əlaqədardır. Loran de Kar artıq “rekordların arxasınca düşməmək” və muzeyə səfəri daha rahat etmək üçün ziyarətçilərin sayını gündəlik 30.000 nəfərlə məhdudlaşdırmaq qərarına gəlib.
“Le Parisien” qeyd edir ki, dövlət son vaxtlar muzeylərə ayrılan maliyyəni kəsir, halbuki Luvr onu artırmaqda israrlıdır.