Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova dekabrın 20-də Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, qışlaqdakı təsərrüfatların su ilə təmin olunmasındakı çətinliklər, torpağın təyinatının dəyişdirilməsi, üzüm bağlarının salınmasına görə birdəfəlik əkin subsidiyasının verilməsi reqlamentinə təkliflər və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
İ.Qədimova vətəndaş qəbulu başa çatdıqdan sonra Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, tövsiyə və göstərişlərini verib.
Daha sonra Tovuz rayonunun Aşağı Quşçu kəndində fermer İbrahim Məmmədovun intensiv üzüm bağına baş çəkən nazir müavini rayonda üzümçülüklə məşğul olan fermerlərlə görüşüb.
Görüşdə Aqrar Subsidiya Şurasının 2025-ci təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, bağçılığın inkişafına dövlət dəstəyi mexanizmləri, suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.