15 Aprel 2026 09:00
558
Mədəniyyət
A- A+
Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə


Beynəlxalq Mədəniyyət Günü bəşəriyyətin mənəvi irsini, dəyərlərini təcəssüm etdirən əlamətdar bir gündür. Bu gün insanların yaratdığı incəsənət nümunələrinin, adət-ənənələrin və mədəni irsin qorunmasının vacibliyini bir daha diqqətə çatdırır.

Mədəniyyət xalqları bir-birinə bağlayan, onları daha yaxşı anlaşmağa və bir-birinə hörmət etməyə çağıran ən güclü körpülərdən biridir. Ona görə də bu gün yalnız keçmişin yad edilməsi deyil, həm də gələcək nəsillərə zəngin mədəni mirasın ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Beynəlxalq Mədəniyyət Günü 1935-ci il aprelin 15-də Vaşinqtonda imzalanan "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında" müqavilə ilə əlaqədar təsis olunub. Həmin günün Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilməsi təşəbbüsü "Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası" adlı ictimai təşkilat tərəfindən 1998-ci ildə irəli sürülüb. O zamandan dünyanın bir çox ölkəsində 15 Aprel Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

Beynəlxalq hüquq təcrübəsində bu günün Rerix paktı kimi də tanınmasına gəlincə, ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix Dünya Mədəniyyət Gününün keçirilməsi təklifini irəli sürüb. 2008-ci ilin dekabırında isə Dünya bayrağı altında aprelin 15-nin Dünya Mədəniyyət Günü kimi təsdiqi üçün Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə beynəlxalq hərəkat yaradılıb. Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanda da hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu münasibətlə ölkəmizdə müxtəlif tərbirlər düzənlənir. 

Azərbaycanın qədimliyi, zənginliyi və özünəməxsusluğu ilə seçilən mədəniyyəti bəşəriyyətin ümumi irsinə dəyərli töhfələr verən nadir mədəniyyətlərdən biridir. Minilliklər boyu formalaşmış bu zəngin irs xalqımızın tarixi yaddaşını, mənəvi dəyərlərini, həyat tərzini və dünyagörüşünü özündə əks etdirir. Bu gün Azərbaycan mədəniyyəti yalnız milli sərvət kimi deyil, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilən mədəni dəyər kimi diqqət mərkəzindədir. Məhz bu səbəbdən də ölkəmizin mədəni irsi müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qorunur, öyrənilir və təbliğ olunur.

Ölkəmiz dünyanın nüfuzlu qurumları, o cümlədən ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə əməkdaşlıq edir. Azərbaycan 1992-ci il iyunun 3-də UNESCO-ya üzv qəbul olunub, 1996-cı ildən etibarən isə təşkilatla fəal əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın zəngin mədəni irsi beynəlxalq səviyyədə tanıdılıb, bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO siyahılarına daxil edilib. Bu fakt bir daha göstərir ki, Azərbaycan mədəniyyəti yalnız regional deyil, qlobal əhəmiyyətə malikdir.

Eyni zamanda Azərbaycan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının ən fəal üzvlərindəndir. Bu təşkilatın həyata keçirdiyi layihələr türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. TDT-nin "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində 2016-cı ildə Şəkinin, 2023-cü ildə isə Şuşanın bu ada layiq görülməsi Azərbaycanın mədəni həyatında mühüm hadisələrə çevrilib. Xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşa Qarabağın digər əraziləri kimi 30 ilə yaxın Ermənistanın işğalında qalmışdı. Şuşada keçirilən tədbirlər, o cümlədən "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi bu qədim şəhərin yenidən regionun mədəni mərkəzinə çevrildiyini bir daha nümayiş etdirib.

Azərbaycanın zəngin mədəni irsi tarixboyu müxtəlif sınaqlarla üzləşib. 1980-ci illərin axırları, 1990-cı illərin əvvəllərində də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri təcavüzkar ermənilərin hücumlarına məruz qalıb. XX əsrin sonlarında respublikamızın ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Həmin bölgələr - Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ən qədim və zəngin mədəniyyət ocaqlarından idi. Həmin ərazilərdə yüzlərlə dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələr, muzeylər, kitabxanalar, teatrlar və digər mədəniyyət müəssisələri fəaliyyət göstərirdi. İşğal nəticəsində Azərbaycanın bu mühüm və zəngin irsi erməni vandalları tərəfinfən böyük dağıntılara məruz qalıb, maddi-mədəniyyət nümunələri talanıb, qarət olunub, abidələr məqsədli şəkildə məhv edilib və ya təhqir olunub. Bu vandalizm aktları beynəlxalq hüquq normalarının, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq sənədlərinin kobud şəkildə pozulması idi.

Vətən müharibəsindən sonra Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində dağıdılmış şəhər və kəndlərlə yanaşı, tarixi-mədəni abidələrin bərpası da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Hazırda bu ərazilərdə yüzlərlə abidənin bərpası, konservasiyası və yenidən istifadəyə verilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə 2600-dən çox tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan 706-sı dövlət qeydiyyatındadır. Xudafərin körpüləri,  Şuşa qalası, Azıx mağarası, Gəncəsər, Xudavəng monastrları, Qutlu Musa  türbəsi, Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Artıq onların bir çoxu bərpa edilib.  Eyni zamanda Üzeyir Hacıbəylinin ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi və bir sıra tarixi məscidlər artıq bərpa edilərək istifadəyə verilib. Bu işlər yalnız tarixi abidələrin bərpası deyil, həm də milli kimliyimizin, mədəni yaddaşımızın bərpası deməkdir.

Müasir dövrdə Azərbaycan yalnız mədəni irsini qoruyan ölkə deyil, həm də beynəlxalq mədəniyyət tədbirlərinin keçirildiyi mühüm mərkəzlərdən biridir. Ölkəmizdə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar, konfranslar və sərgilər mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Şəki "İpək yolu" Beynəlxalq Musiqi Festivalı və Bakı Beynəlxalq Caz Festivalı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dünyaca məşhur incəsənət xadimləri uzun illərdir ki, davamlı olaraq ölkəmizdə həyata keçirilən beynəlxalq festivallarda, rəngarəng mədəni tədbirlərdə, maraqlı layihələrdə iştirak edirlər. Bu tədbirlər dünyanın müxtəlif ölkələrindən tanınmış incəsənət xadimlərini bir araya gətirərək Azərbaycanı beynəlxalq mədəniyyət məkanında daha da tanıdır.

Azərbaycan mədəniyyətinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə qəbul edilmiş "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyası milli mədəniyyətin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2026-2030-cu illər, ikinci mərhələ 2031-2035-ci illər, üçüncü mərhələ isə 2036-2040-cı illəri əhatə edəcək.

Mədəni irsin qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Bu prosesdə alimlərin, tarixçilərin, mədəniyyət xadimlərinin, jurnalistlərin və ümumilikdə ictimaiyyətin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda milli mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılması, onun saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi də vacib məsələlərdəndir.

Bu gün Azərbaycan mədəniyyəti qədim köklərə söykənərək müasir inkişaf mərhələsinə qədəm qoyub. Zəngin tarixi irsimiz olan mədəniyyətimiz güclü dövlət siyasəti və beynəlxalq əməkdaşlıq sayəsində daha geniş coğrafiyada tanınır və bəşəriyyətin ümumi mədəni xəzinəsinə töhfə verməyə davam edir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

10:16
26 May

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

10:14
26 May

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

Ağdam şəhərinə növbəti köç yola salınıb

08:12
26 May

Müstəqilliyimiz güclü və əbədidir

08:05
26 May

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi 

08:00
26 May

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!