Qədim ağa Bədirbəyli bölgənin tanınmış mülkədarlarından olub. O, 1855-ci ildə Yelizavetpol (Gəncə) quberniyası Şəmkir dairəsinin Morul kəndində doğulub. 1882-ci ildə, 27 yaşındaykən adlı-sanlı nəsildən olan Güllü xanımla ailə qurub. Bu izdivacdan cütlüyün 11 övladı - beş oğlu (Xəlil ağa, Zeynal ağa, Hadı bəy, Həni bəy, İslam bəy), 6 qızı (Əsli, Xanım, Yəmən, Səlfinaz, Nisə, Həmayə) olmuşdur.
Hündürboy, dolubədən, pəhləvan cüssəli Qədim ağanın 80 desyatindən (87,2 hektar) çox torpağı, əkin-biçin və örüş yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi. Qoçaq, təəssübkeş və haqq yolunda olan adam kimi tanınan Qədim ağa 1900-1919-cu illərdə ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa - yerli əhaliyə hücum edən daşnak-erməni silahlılarına qarşı vuruşmuşdu. Çünki çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər həmin yerlərin həqiqi sahiblərini hər cür vasitələrlə sıxışdırır, yerli müsəlman əhalini terrora məruz qoyur, öz evlərindən didərgin salır, qəfil hücumlar edərək uşaqdan-böyüyə hamını vəhşicəsinə qətlə yetirərək əlavə torpaqlar ələ keçirirdilər.
Qədim ağa Gəncədə yaradılan "Müdafiə" və "Qeyrət" özünümüdafiə təşkilatlarının, habelə Ələkbər bəy Rəfibəylinin və Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında fəaliyyət göstərən "Difai"nin vuran əli idi. Əmisi oğlu Hüseyn bəyin təşkilatçılığı ilə "Müsavat"ın Şəmkirdə özəyi yaradılanda müsavata üzv yazılmışdı.
...İmperiya qüvvələri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan və qəddarlıqla qarşısı alınan Gəncə üsyanından sonra bolşevik Əliheydər Qarayev və İbrahim Əliyev yerli əhalinin onlara asanlıqla tabe olmayacağını bilib rus ordusunun Gürcüstanın Rustavi yaşayış massivi ətrafında yerləşən hərbi bazasından böyük bir hissəni bölgəyə gətirmək, dörd il bundan əvvəl Qədim ağanın, Səməndər ağanın və Süleyman ağanın gücünə Şəmkirdən qovulan çar ordusunun saxlandığı ərazidə yerləşdirmək istəyirdilər.
Rus əsgərlərinin Qazaxı keçib, Tovuz tərəfdən Şəmkirə doğru irəlilədiyini eşidən əhali daha da vahimələnmişdi. Gəncə üsyanından salamat və yaralı dönən bəzi şəmkirlilər, ilk növbədə "Müsavat"ın yerli özəyinin başçısı Hüseyn bəy, böyük nüfuz sahibi Səməndər ağa, Qədim ağa, Süleyman ağa və başqaları qabağa düşüb camaatı səfərbər edərək rus ordusunu Şəmkirə buraxmamağa söz vermişdilər. Silahı olanlar silahlanmış, olmayanlar da əlinə bel, yaba götürüb qiyamçılara qoşulub son nəfəsədək vuruşacaqlarını bildirmişdilər. Xəbərdən xəbəri olanlar - Zəyəmətrafı kəndlərdən, Qaranüydən, Dəllərdən, Keçilidən, Qaracəmirlidən, Qapanlıdan, Koltəhnəlidən, Təzəkənddən və digər yerlərdən buraya gəlmişdilər. Onların bir hissəsinə Süleyman ağanın oğlu İsfəndiyar ağa Bədirbəyli rəhbərlik etmişdi.
... Zəyəmdən çıxan hərbçilər atlı-arabalı magistral yolda xeyli irəlilədilər, elə ki, kolonun sonu göründü, yolun sağında və solunda pusquda duran əhali dörd bir yandan hücuma keçdi. Güllə səsindən, at kişnərtisindən qulaq batırdı, barıt iyindən nəfəs almaq olmurdu. Atışmanın şiddətli vaxtı günortaya yaxın Şiştəpə yolunun üstündə Daşdəmirli mülkünə düşən mərmi tikilini xarabazarlığa çevirdi. Əhalinin sıx yaşadığı ərazilərə atılan top mərmiləri böyük dağıntıya və yanğına səbəb oldu. Ot və saman tayalarının alovu göylərə dirənirdi. Şəhərə böyük ziyan dəydi, xeyli insan yaralandı və öldü. Təəssüflər olsun ki, rus ordusuna qarşı çıxan silahlı camaata rəhbərlik edən Qədim ağa, İsfəndiyar ağa və çoxsaylı tərəfdaşları bolşevik ordusunun qabağında duruş gətirə bilmədilər, şər qarışanda geri çəkilməyə məcbur oldular. Ordu rəhbərləri qarşıdurmanın gecə yenidən baş qaldıracağından ehtiyat edərək Şəmkirə dönməyib, birbaşa Gəncəyə getdilər.
Qiyamdan sonra qəzəbi birə-iki artan bolşeviklər əvvəlcə satqınlar vasitəsilə qiyamın təşkilatçılarını və qiyamda iştirak edən tanınmışların kimliyini öyrəndilər, yerli əhaliyə qarşı cəza tədbirlərini gücləndirdilər.
Qara siyahıya salınmış Qədim ağanın ailəsinin başı üzərində qara buludlar dolaşırdı. Odur ki, ailə üzvləri gözə görünməmək üçün eldən-obadan uzaq gəzir, tez-tez yerlərini dəyişir, dost-tanış yanında gizlənirdilər.
1920-ci ilin payızında Qədim ağa və oğlanları Şura hökuməti tərəfindən həbs edilərək, Morul qəbiristanlığının yaxınlığında kənd Şurası yerləşən binanın zirzəmisinə salınırlar. Bu zaman Qədim ağanın uşaqlıq dostu, Şura sədri işləyən Piri oğlu Əli gecə idarədə yerli bolşeviklərdən heç kim olmayanda əsgərlərə Qədim ağanı göstərərək "Bunu səhv gətiriblər, bu muzdurdur " deyir, çiynindən itələyə-itələyə oğlanları ilə birlikdə çölə çıxarır və işarə edir ki, qaçın, canınızı qurtarın.
Qədim ağa gizlin sığınacaq üçün hansı qapıya gedirsə alınmır, nəinki dost-tanış, heç qohumlar belə qorxudan ona yaxın durmurlar. Əli hər yerdən üzülən Qədim ağa məcbur olub qışın qarlı-şaxtalı gecəsində Moruldan xeyli aralıda yerləşən Dağ İrmaşlı kəndinə, uzaq tanışı, məşhur qaçaq, sonradan yeni quruluşun tərəfdarına çevrilən Kor Atakişinin üstünə gedir. Onun köməyi ilə ailəsini hamıdan gizlin kənddən-kəsəkdən aralı almanlardan qalma mal tövləsində yerləşdirir. Bundan iki gün sonra Kor Atakişinin himayədarlığı sayəsində Moruldan adlı-sanlı mülkədar Məşədi Zalın beşnəfərlik ailəsi də burada gizlənməli olur.
Qədim ağa hərdən gecələr Morula gedib rəncbər və çobanlarla gizlin görüşür, haqq-hesab edirdi, onlara dükan-bazardan müəyyən ərzaq aldırırdı. Bu minvalla Məşədi Zalın ailəsi dörd il, Qədim ağanın ailəsi isə beş il Dağ İrmaşlıda gizlin qaçaq həyatı yaşadı. Bu illər ərzində elə bir gün olmadı ki, NKVD Qədim ağa və onun ailəsinin axtarışında olmasın.
Nəhayət, NKVD-çilər illərlə axtardıqlarını tapdılar. Qədim ağanın oğlu Xəlil ağa 1927-ci ildə sürgünə göndəriləndən bir ay sonra Qədim ağanı da həbs etdilər. Onu bu tutqudan yenə də uşaqlıq dostu - kənd Şurası sədrliyindən Şamxor Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Piri oğlu Əlı qurtardı.
Banditləri, qolçomaqları, yeni quruluşun şübhəli bilinən qatı düşmənlərini şər qarışandan sonra yığıb milis idarəsinə gətirəndə Piri oğlu Əli dostu Qədim ağanı onların arasında görür, tez üzünü ordu əsgərlərinə tutub uca səslə: "Bu köpək oğlunu cütlə yer əkməyə göndərmişəm" deyib, acıqlı-acıqlı çönür Qədim ağaya sarı: "A kişi, ökuzlər itəcək, rədd ol, get işinə!" deyib sinəsindən geri itələyə-itələyə gətirilən dəstənin içərisindən çölə çıxarır. Onu gətirən əsgərlərə Qədim ağanın kolxozçu olduğunu bildirir.
1937-ci ilin yayında - Siyasi İdarənin əməkdaşları ermənilərin vasitəsilə Qədim ağanı Morul yolunun üstündə yeznəsi Şöhlə oğlu Süleymanla bir yerdə tutub həbs edirlər. Onları günlərlə ac saxlayır, möhkəm döyüb və işgəncə verirdilər. Bunu bilən oğlu Hadı bəy, eləcə də ailəyə yaxın bir neçə adam bir az da yemək götürüb gəlirlər Şəmkir NKVD-si kimi tanınan binanın yaxınlığına, böyürdə-başda hərlənirlər ki, kiməsə xahiş-minnət edib Qədim ağanı görə bilənlərlə heç olmasa yemək ötürə bilsinlər. Bundan xəbər tutan erməniəsilli NKVD rəisi Vasili Yakofidi hər iki dustağı - Qədim ağa ilə Süleymanı camaatın gözü qarşısında qol-qola bağlatdırır, günortanın cırhacırında başıaçıq, ayaqyalın, ac-susuz əsgərlərin qabağına qatıb atdöşü, payı-piyada Şəmkirdən birbaşa Zəyəmə göndərir. Əsgərlər yarımcan olan hər iki "cinayətkarı" günün qızmarında dayanmadan ac-susuz Zəyəmə aparır, heç hara, heç yerə dəymədən geri qaytarır.
82 yaşlı Qədim ağa Şəmkirə çatanda gah zorla yeriyir, gah yıxılırdı, yıxılanda isə atın belindəki əsgər əlindəki qamçı ilə onu ayağa qalxmağa məcbur edirdi. Bunu görən Hadı bəy gecəynən banditizmə qarşı dəstə rəisi Nəcəfovun üstünə minnətə gedir, məsələni açıb ona danışır.
Nəcəfov bu məsələdə kimin düz, kimin səhv olduğunun fərqinə varmadan deyir:
- Bu, mənlikdir, sən arxayın get, amma bu barədə heç kim, heç nə bilməsin.
Doğrudan da, dəstə rəisinin köməyi ilə bir neçə gündən sonra Qədim ağa ilə Şöhlə oğlu Süleymanı Şəmkir NKVD-sinin zirzəmisindən gecə ikən buraxırlar.
Həbsdə olduqları günlərdə onları elə döymüşdülər, ki, nə Qədim ağa, nə də qızı Xanımın həyat yoldaşı Süleyman kişi nəfəs ala bilmirdi, ciyərləri sözlərinə baxmırdı. Evə gələndən iki həftə sonra, 1937-ci ilin avqustunda 82 yaşlı Qədim ağa dünyasını dəyişir.
Şöhlə oğlu Süleyman isə qorxusundan Morulda qalmayıb, birbaşa dağa - Gədəbəyin Çətindərə yaylağındakı alaçığına gedir, Qədim ağanın üçü verilən günü o da həyatla vidalaşmalı olur.
Rəhman SALMANLI,
"Azərbaycan"