Paşinyan hökuməti siyasi məsuliyyətini dərk etməli, dayanıqlı sülh və əməkdaşlıq üçün yaranmış tarixi fürsəti əldən verməməlidir
Cənubi Qafqaz regionu öz tarixinin taleyüklü mərhələlərindən birini yaşayır. Uzun illər davam edən hərbi-siyasi qarşıdurma mərhələsi artıq geridə qalıb və regional sabitliyin, əməkdaşlığın bərqərar olunması üçün tarixi imkanlar yaranıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi və sülh müqaviləsi üzrə irəliləyişlər bölgədə sülhün təməlini qoyub. Lakin bu tarixi fürsətin real nəticəyə çevrilməsi üçün həlledici məqam rəsmi İrəvanın nümayiş etdirəcəyi siyasi iradə, dürüstlük və səmimiyyətdir. Fərqli bəhanələrlə zaman qazanmaq və ya sülh prosesini süni şəkildə uzatmaq cəhdləri Ermənistana xeyir gətirə bilməz.
Birmənalı qəbul etmək lazımdır ki, bölgədə mövcud hərbi-siyasi reallıqlar qəti şəkildə dəyişib və bu reallıqların geriyə dönüşü yoxdur. Yəni sülh və regional əməkdaşlıq xəttinin hər hansı başqa alternativi mövcud deyil. Bu baxımdan, rəsmi İrəvan, xüsusən də Paşinyan hökuməti Bakının sülh gündəliyindən qətiyyən yayınmamalı, prosesi süni şəkildə yubatmaq, dalana dirəmək taktikasına üstünlük verməməlidir.
Paşinyan hökuməti dərk etməlidir ki, danışıqlar prosesinin hansısa siyasi məqsədlər naminə ləngidilməsi ilk növbədə Ermənistanın özünü dərin böhrana və fəlakətə sürükləyən təhlükəli bir yoldur. Hansısa geosiyasi dəyişikliyə və ya xarici havadarların vədlərinə bel bağlamaq Ermənistanı daha böyük təcridə sürükləyir. Regional təhlükəsizliyi təmin etməyin yolu qonşularla normal münasibət qurmaq və beynəlxalq hüququn təməl prinsiplərinə riayət etməkdir.
Sülh prosesinin uğurla başa çatması üçün Ermənistan rəhbərliyi ikili oynamaqdan çəkinməli, birmənalı siyasət yürütməlidir. Bu çərçivədə ən mühüm vəzifələrdən biri daxildəki revanşist qüvvələrin fəaliyyətinə imkan yaradılmaması, ölkə daxilində və xaricdə sülhə qarşı yönəlmiş təxribatların qarşısının alınmasıdır. Erməni diasporunun pozucu müdaxilələrinə və təhrikçi çağırışlarına sərhəd qoyulmalı, xaricdəki dairələrin diktəsi ilə hərəkət etmək təcrübəsindən birdəfəlik imtina edilməlidir.
Əlbəttə, həqiqi barışıq yalnız beynəlxalq sənədin imzalanması ilə bitmir. Bu, Ermənistanın ərazi iddialarından şüurlu şəkildə imtina etməsini və bunun dövlət siyasətinin fundamental prinsipinə çevrilməsini tələb edir. Ermənistan konstitusiyasında və hüquq sistemində qonşu ölkələrin ərazi bütövlüyünə kölgə salan müddəaların aradan qaldırılması keçmişin təhlükəli ideoloji irsindən təmizlənmə siyasətidir.
Eyni zamanda, “təhlükəsizlik” adı altında silahlanma cəhdləri və revanşist xəyalpərəstlik bölgədə etimad mühitini sarsıdır. Ermənistanın təhlükəsizliyinin ən böyük təminatı güc nisbətinin dəyişməsini gözləmək deyil, qonşularla beynəlxalq hüquq çərçivəsində sağlam münasibətlər qurmaqdır. Ermənistanda təhsil və media sahəsində də köklü dəyişikliklər aparılmalı, gələcək nəsillər düşmənçilik ruhunda deyil, sülh və əməkdaşlıq mühitində tərbiyə olunmalıdır.
Azərbaycan Cənubi Qafqazda geniş iqtisadi və nəqliyyat imkanları təqdim edən yeni mühit formalaşdırır. Ermənistanın bu layihələrə inteqrasiyası uzunillik təcriddən çıxmaq və əhalinin rifahını yüksəltmək üçün yeganə çıxış yoludur. Lakin regional inteqrasiyadan bəhrələnmək istəyi ilə köhnə iddiaları gizli şəkildə yaşatmaq cəhdləri bir-biri ilə kökündən ziddiyyət təşkil edir. Sülh imzalanmış sənədlərlə yanaşı, Ermənistan cəmiyyətinin və siyasi sisteminin tam qəbul etdiyi dönməz seçim olmalıdır. Əgər İrəvan həqiqətən də iqtisadi dirçəliş və inkişaf niyyətindədirsə, ilk növbədə üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməli, kommunikasiyaların açılmasına və nəqliyyat xətlərinin bərpasına maneə yaratmamalıdır.
Regionun gələcəyi keçmişin səhvlərinin təkrar olunmasından yox, həmin səhvlərdən düzgün nəticə çıxarılmasından asılıdır. Ermənistan hökuməti tarixi məsuliyyətini dərk etməli, tarixi razılaşmalara sadiq qalmalıdır. Sülh gələcək qarşıdurmalar üçün müvəqqəti fasilə deyil, suverenliyə hörmət və qonşuluq əsasında qurulan yeni eranın təməli olmalıdır. Hazırda İrəvanın qarşısında duran əsas sınaq regional sülh və əməkdaşlıq imkanlarını düzgün dəyərləndirmək və tarixi fürsəti qaçırmamaqdır.
İsmayıl QOCAYEV,
“Azərbaycan”