Klinik və Eksperimental Limfologiya Elmi-Tədqiqat İnstitutunun alimləri orqanizmdə bütün bioloji mayelərin hərəkət balansını təsvir edən riyazi model hazırlayıblar. Yeni model ödəm zamanı maye axınının pozulmasını daha dəqiq müəyyənləşdirməyə və müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.
Limfatik sistemin xroniki və proqressiv xəstəliklərindən biri limfedemadır. Bu xəstəlik zamanı limfanın axını pozulur, nəticədə davamlı şişkinlik yaranır, zədələnmiş toxumaların, əsasən də qol və ayaqların həcmi artır və deformasiyaya uğrayır. Hazırda həkimlər bu xəstəliyin müalicəsi üçün effektiv dərman vasitələrinin çatışmazlığı ilə üzləşirlər. Bundan əlavə, sarğı və ya masaj nəticəsində şişkinlik azaldıqda artıq mayenin hara yönəldiyi indiyədək tam aydın deyildi.
“Əvvəllər mayenin əsasən venoz və limfatik sistemlər vasitəsilə xaric olduğu düşünülürdü. Lakin yeni məlumatlar göstərir ki, mayenin böyük hissəsi birləşdirici toxumanın içərisindən keçən, damarların xaricində yerləşən interstisial yollarla hərəkət edir”, – deyə nəşr institutun direktor müavini Andrey Letyaqinin sözlərini sitat gətirib.
Novosibirsk alimlərinin hazırladığı riyazi model orqanizmdə mayenin daşınmasını təmin edən ənənəvi sistemlərlə — arterial, venoz və limfatik sistemlərlə yanaşı, dördüncü sistem olan interstisial sistemi də nəzərə alır. Bu sistem birləşdirici toxumada yerləşən və mayenin aktiv hərəkətini təmin edən kanallardan ibarətdir. Yeni yanaşma sayəsində əvvəllər nəzərə alınmayan yollar da daxil olmaqla, orqanizmdə mayelərin ümumi hərəkət balansını ilk dəfə kompleks şəkildə təsvir etmək mümkün olub.
Praktik baxımdan bu model limfedema kimi xəstəliklər zamanı şişkinliyin yaranma və azalma səbəblərini daha yaxşı anlamağa, müxtəlif damar xəstəliklərini bir-birindən daha dəqiq fərqləndirməyə, həmçinin müalicənin maye axınına təsirini izləməyə kömək edir. Yeni model təkcə damarları və limfatik sistemi deyil, həm də interstisial kanalları hədəf alan yeni dərman vasitələrinin hazırlanması üçün imkanlar yaradır. Gələcəkdə süni intellekt dəstəyi ilə bu texnologiyanın diaqnostika prosesini və pasiyentlərin vəziyyətinə nəzarəti avtomatlaşdıracağı gözlənilir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”