MM-in deputatı Kamran Bayramov: "Bakı Parisin cəhdlərini iflasa uğradır"
Fransa hakimiyyətinin Azərbaycana qarşı geniş spektrli hibrid təhdidləri ehtiva edən fəaliyyəti artıq sistemli xarakter alıb. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının qəbul etdiyi bəyanatın ana xəttini məhz bu tezis təşkil edir.
İyunun 16-da dərc edilmiş sənəddə diqqətçəkən məqam təkcə Parisin anti-Azərbaycan addımlarının siyahısı deyil, bu məcmunun necə yekunlaşmasıdır. Yelisey sarayının Azərbaycana qarşı çoxşaxəli təzyiq kampaniyasını təsvir edən bəndlərdən sonra bəyanat diplomatik janr üçün gözlənilməz bir dönüş edir: sənəd Fransa rəsmilərinə deyil, birbaşa Fransa xalqına ünvanlanır. Milli Məclisin deputatı Kamran BAYRAMOV deyir ki, bu, sadəcə, ritorik gediş və ya nəzakət xatirinə deyil, düşünülmüş strateji addımdır: "Burada Beşinci respublika iki fərqli vektora bölünür: erməni lobbisinin təsiri altında öz dar qrup maraqları naminə hərəkət edən dövlət maşını və bu aparatın ölkənin beynəlxalq imicini necə məhv etdiyini kənardan izləməyə dəvət olunan cəmiyyət. Sənədin əsl mahiyyəti də məhz bu bölgüdədir və onu adi diplomatik nota mübadiləsindən fərqləndirən əsas amil də budur. Komissiya Parisin anti-Azərbaycan addımlarını pərakəndə epizodlar kimi deyil, vahid bir texnologiya kimi təqdim edir və bu fəaliyyət bir neçə səviyyədən ibarətdir. Belə ki, istiqamətlərdən biri hüquqdan silah kimi istifadədir. 2020-ci ilin noyabrından bəri Fransa parlamentinin hər iki palatası Azərbaycana qarşı bir sıra qətnamələr qəbul edib. Real hüquqi qüvvəyə malik olmasalar da, bu sənədlər siyasi təzyiq aləti və digər ölkələr üçün şablon rolu oynayır. Belçika parlamenti ilə bağlı nümunə bu mexanizmi tam çılpaqlığı ilə göstərir: qətnamə layihəsi sülh prosesinə neytral dəstəklə başlasa da, yekun səsverməyə qədər sənədə Azərbaycana qarşı sərt sanksiya tələbləri əlavə edilib. Bu, ortada işlənmiş bir texnologiyanın olduğunu sübut edir".
Deputat bildirib ki, digər bir istiqamət rəsmi Parisin diplomatik təcrid cəhdləridir: "Fransa diplomatları və ictimai xadimləri Bakının maraqlarına zərbə vurmaq, ölkəni beynəlxalq formatlardan sıxışdırıb çıxarmaq və təcrid etmək üçün BMT, Avropa İttifaqı təsisatları, Avropa Şurası, AŞPA, ATƏT və Beynəlxalq Frankofoniya Təşkilatının tribunalarından sistemli şəkildə istifadə etməyə çalışırlar". Prosesin ən intensiv istiqamətlərindən birinin media təzyiqi olduğunu deyən K.Bayramov diqqətə çatdırıb ki, təkcə may və iyun ayları ərzində Fransa mətbuatında Azərbaycana qarşı 40-a yaxın material və onlarca teleaktivlik nümayiş olunub: "Hətta Fransada baş vermiş sıravi bir kriminal hadisə belə birtərəfli və qərəzli şəkildə Bakının əleyhinə yönəldilib. Bu proqram xəbər istehsalı deyil, məqsədyönlü şəkildə mənfi fonun yaradılmasıdır. Bununla yanaşı, Paris özünü "Azərbaycan müxalifəti" adlandıran marginal fiqurlardan fəal istifadə edir. Ölkə daxilində və xaricində heç bir siyasi çəkisi olmayan bu şəxslərə Fransa mediasında mütəmadi olaraq tribuna verilir və onların çıxışları "demokratik dəyərlər" pərdəsi altında təqdim edilir. Bununla belə, Bakının rəsmi mövqeyi və ya alternativ fikirlər tamamilə bloklanır. Beləliklə, "repressiv rejim və təqib olunan haqsevərlər" kimi saxta bir obraz formalaşdırılır, bu isə sosial şəbəkələrdəki bot şəbəkələri vasitəsilə süni şəkildə tirajlanır".
K.Bayramov onu da qeyd edib ki, Parisin destruktiv kursu maddi faktlar və real addımlarla da təsdiqlənir və bura Fransanın Ermənistanla açıq şəkildə müdafiə müqavilələrini imzalaması və onu silahlandırması, Azərbaycana qarşı casusluq fəaliyyətini həyata keçirməsi, Avropa İttifaqının Ermənistandakı missiyasını Azərbaycanla sərhəddə casusluq platformasına çevirməsi aiddir. "Komissiya baş verənlərə dəqiq siyasi diaqnoz qoyur: Azərbaycandan "xarici düşmən" obrazının yaradılması Fransa hökumətinin daxili problemlərini həll etmək üçün tapdığı bir vasitədir. Yelisey sarayı bu yolla öz cəmiyyətini ölkədəki sosial-iqtisadi böhrandan və hakimiyyətə qarşı inamsızlıqdan yayındırmağa çalışır. Bu, politologiyada çoxdan məlum olan klassik fənddir: daxili legitimliyi qorumaq üçün süni xarici təhlükə ətrafında cəmiyyəti konsolidasiya etmək. Məhz bu səbəbdən Bakı Fransa hökumətindən yan keçərək birbaşa onun xalqına müraciət edir. Paris ilə diplomatik müstəvidə mübahisə etmək bürokratik prosedurlarda vaxt itirmək deməkdir. Cəmiyyətə yönələn müraciət isə müzakirəni reputasiya müstəvisinə keçirir. Bakı fransızlara ən sadə həqiqəti göstərir: Parisin anti-Azərbaycan kursu Fransaya nə siyasi, nə də iqtisadi dividend gətirir, sadəcə, onun beynəlxalq nüfuzuna zərbə vurur" deyən K.Bayramov vurğulayıb ki, bu, ultimatum və ya alver predmeti deyil, Fransa strategiyasının elə fransızların özləri üçün zərərli olduğunun praqmatik göstəricisidir: "Azərbaycan tərəfi bu məsələdə xalqı və hakimiyyəti kəskin şəkildə ayırır, Fransa xalqını dost hesab etdiyini və münasibətləri qarşılıqlı hörmət əsasında qurmağa hazır olduğunu xüsusi vurğulayır. Rəqib burada Fransa milləti deyil, lobbi ilə qeyri-şəffaf əlaqədə olan konkret siyasi qrupdur. Beləliklə, Azərbaycan Fransa ilə münasibətlərdə müdafiə mövqeyindən tamamilə çıxaraq öz hücum strategiyasına keçib və bura rəsmi Parisin dənizaşırı ərazilərində dekolonizasiya platformasının dəstəklənməsindən tutmuş Fransa cəmiyyətinə birbaşa müraciətlərə qədər bir çox addım daxildir. Komissiyanın bəyanatı da bu xəttin mühüm halqasıdır və Bakının Parisin təzyiqlərinə onun qaydaları ilə cavab vermək niyyətində olmadığını, artıq oyunun qaydalarını özünün dəyişdiyini təsdiq edir".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"