19 Iyul 2024 08:15
191
SİYASƏT
A- A+

Fransanın müstəmləkəçilik siyasətinə etirazlar güclənir

 

Demokratiyadan, haqdan, ədalətdən uzaq olduğunu Fransa hökuməti istər daxili, istərsə də xarici siyasəti ilə açıq şəkildə nümayiş etdirir. Bu ölkə illərdir ki, beynəlxalq prinsiplərə riayət etməyi başqalarından tələb edir, özü isə saya salmır.

Emmanuel Makron hökumətinin bədnam, məkrli əməllərindən biri Cənubi Qafqazla bağlıdır. Siyasi maraqlarına görə ölkəsinə uzaq olan bu regionda münaqişələrin aradan qalxmasını, problemlərin həllini tapmasını əngəlləməyə cəhdlər göstərir. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmaqda, sülh müqaviləsinin imzalanması yaxınlaşmaqdadır. Fransa hökuməti isə bundan pəjmürdə olur, Ermənistan vasitəsilə vəziyyəti yenidən gərginləşdirməyə can atır. Prezident İlham Əliyevin bildirdiyi kimi, qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır: "Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".

Bu, rəsmi Parisin yaramaz siyasəti və xislətidir. XXI əsrdə də müstəmləkəçilik siyasətini davam etdirən rəsmi Paris əsarəti altında saxladığı xalqlara öz ölkələrində azad yaşamağa, rahat işləməyə imkan vermir. Ancaq son zamanlar həmin ölkələrin əhalisi dövlət müstəqilliyini bərpa etmək, milli azadlığa nail olmaq uğrunda daha qətiyyətlə mübarizə aparırlar.

Son hadisələr göstərir ki, Fransa hökuməti məkrli əməllərindən əl çəkməməkdə, müstəmləkəçilik siyasətini sürdürməkdə israrlıdır. Ancaq bütün bunlar düşdüyü girdabı daha da dərinləşdirməkdən, daha çox uğursuzluğa düçar olmaqdan başqa heç nəyə yaramır. Bu ölkənin müstəmləkəçilik siyasətindən əziyyət çəkən, zülmlər, işgəncələr, qətllər, qarətlər, qırğınlar görən xalqlar bu gün müstəmləkə zəncirlərini qırıb atmağa, azadlığa çıxmağa, öz haqq səslərini bütün dünyaya eşitdirməyə çalışırlar.

Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə iyulun 17-18-də Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən Birinci Qurultay bu baxımdan əhəmiyyətli oldu. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və San-Martin adalarından 3 təşkilat qurultayın işində fəxri qonaq qismində iştirak etdi.

Qurultayda açılış nitqi ilə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvlərinin qanunsuz həbs olunduğunu vurğuladı. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələr verilib. Aralarında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan etdi.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru tədbirdə həmin siyasi məhbusların bəzilərinin ailə üzvlərinin qurulyatda iştirak etdiklərini də diqqətə çatdırdı: "Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü elan edib. Artıq bu ildən başlayaraq həmin ərazilərdən olan gənclər bu təqaüddən yararlana bilərlər".

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Bakıda belə bir qurultayın keçirilməsinə dəstək göstərdiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib: "Azərbaycan cəsarətli addımlar atır. BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə biz ilk dəfə Bakıda belə bir tədbir keçiririk".

Jan-Jakob Bisep qurultayın tarixi xarakter daşıdığını qeyd edib: "Biz kolonializmə qarşı birlikdə mübarizə apara bilərik. Bizim məqsədimiz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməkdir. Biz əlimizdən gələni edəcəyik ki, həmrəyliyimizi möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir. Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir".

Tədbir "Yeni Kaledoniyanın müstəqillik yolu və yeni çağırışlar" mövzusunda müzakirələrlə davam etdi. Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest bildirdi ki, Fransanın koloniyaları ilə bağlı bu qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq: "Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq".

Yeni Kaledoniya Konqresinin üzvü İzabella Kaloi vətənində baş verən hadisələri diqqətə çatdırdı. O söylədi ki, mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir: "Azərbaycana gəlib bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Burada əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyətdə regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır". O, qeyd etdi ki, bununla bağlı keçirilən tədbirlər, əlbəttə, məsələni kökündən həll etmir. "Demək istərdim ki, biz repressiyaya məruz qalmışıq. Bütün bunların yaranma səbəbi çox təəssüf ki, bizim səsvermə hüquqlarımızın ləğv edilməsidir. Bunu Fransa dövləti edib, hüquqlarımızın tapdalanması yolverilməz və qəbuledilməzdir. Biz bununla bağlı məlumat verdik, təkliflər hazırladıq və əksəriyyət də bu təklifə müsbət yanaşdı. Amma Fransa dövləti bizi dinləmək istəmədi. Ümumiyyətlə, səsvermə hüququnun dondurulması qərarı seçicilərə, mədəniyyətimizə və müqəddəratımıza qarşı olmaq deməkdir".

Yeni Kaledoniya parlamentinin üzvü Maria Saliqa bildirdi ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır, Makron Fransası bütün demokratiya qaydalarından üz çevirib. Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini, həmin ərazilərdəki xalqların bundan uzun müddət əziyyət çəkdiklərini xatırladan Maria Saliqa diqqətə çatdırdı ki, Fransa terrorçu dövlətdir: "Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür".

İki gün davam edən tədbirdə müzakirələr zamanı çıxış edən digər iştirakçılar bildirdilər ki, Fransa hakimiyyəti onların öz müqəddəratını təyinetmə hüququnu tanımalı və müstəqillik proseslərini dəstəkləməlidir. Onlar müstəmləkə siyasəti nəticəsində iqtisadi və mədəni zərərlərdən bəhs edərək yerli əhalinin hüquqlarının qorunmasının və inkişafının təmin olunmasının vacibliyini vurğuladılar.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video