Formula-1" Azərbaycan Qran-prisi Bakının ən böyük beynəlxalq idman tədbirlərindən biridir. Yarış ilk dəfə 2016-cı ildə Bakıda keçirilib və həmin vaxt Avropa Qran-prisi adlandırılıb. 2017-ci ildən etibarən isə yarış "Azərbaycan Qran-prisi" adı ilə "Formula-1" təqviminin daimi mərhələlərindən birinə çevrilib.
Yarışın keçirildiyi Bakı Şəhər Halqası (Baku City Circuit) 6,003 kilometr uzunluğundadır və 51 dövrədən ibarətdir. Trasın əsas xüsusiyyəti onun şəhərin mərkəzindən keçməsidir. Bolidlər Xəzər dənizinin sahili boyunca uzanan uzun və sürətli düzlüklərdən keçdikdən sonra İçərişəhərin dar küçələrinə daxil olurlar.
Bakı trasını digər "Formula-1" traslarından fərqləndirən əsas cəhətlərdən biri sürət və texniki dəqiqliyin eyni yarışda tələb olunmasıdır. Start-finiş düzündə yüksək sürət və ötmə imkanları yaranır, İçərişəhər ərazisində isə dar döngələr sürücülərdən maksimum diqqətli olmağı tələb edir. Xüsusilə 8-9-cu döngələr arasındakı dar hissə trasın ən çətin bölmələrindən hesab olunur.
Azərbaycan Qran-prisi artıq bir sıra yaddaqalan yarışlarla diqqət çəkib. 2017-ci ildə Daniel Rikkardo, 2018-ci ildə isə Lyuis Hemilton qalib gəlib. 2021-ci ildə Serxio Peres, 2024-cü ildə isə Oskar Piastri Bakıda finiş xəttini birinci keçib. 2025-ci il yarışında isə Maks Verstappen qalib olub.
2026-cı il Azərbaycan Qran-prisi Bakı Şəhər Halqasında 24-26 sentyabr tarixlərində keçiriləcək. Bu yarış Bakıdakı "Formula-1" tarixinin 10-cu Qran-prisi olacaq. Bundan əlavə, "Formula-1" Azərbaycanla müqaviləni 2030-cu ilin sonuna qədər uzadıb.
Azərbaycan Qran-prisi təkcə avtomobil yarışı deyil, həm də Bakının tarixi və müasir simasını dünyaya nümayiş etdirən böyük beynəlxalq tədbirdir. Müasir şəhər panoraması, İçərişəhərin tarixi ab-havası və Xəzər sahili boyunca yüksəksürətli yarış trası Bakını "Formula-1" təqvimində özünəməxsus məkanlardan birinə çevirir.
"Formula-1" Azərbaycan Qran-prisinin rəsmi saytında yayılan xəbərə görə, yarış zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Həmçinin, Üzeyir bəy Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
Son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Belə ki, 22 sentyabrda aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M. Lermontov küçəsindən BMT-nin 50 illiyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
- Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
- Ü.Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
- Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.
Dönməz ABBASOV