Amerika və Çin mediasının məlumatına görə, ABŞ maliyyə naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifen iki ölkə liderləri arasında keçiriləcək zirvə görüşündən əvvəl ticarət və süni intellekt məsələləri üzrə uğurlu məsləhətləşmələr aparıblar.
Bessent Nyu-Yorkda səkkiz saatlıq danışıqlardan sonra jurnalistlərə bildirib ki, "Çin tərəfi ilə ticarət və süni intellekt mövzusunda çox uğurlu görüş keçirdik".
Sinxua agentliyi müzakirələri "səmimi, dərin və konstruktiv" adlandırıb.
Çin agentliyinin məlumatına görə, əvvəlki məsləhətləşmələr zamanı əldə edilən konsensusun həyata keçirilməsi, eləcə də ticarət və investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb və süni intellekt məsələləri də müzakirə olunub.
Öz növbəsində, Honq-Konqda çıxan gündəlik "South China Morning Post" qəzeti yazır ki, görüşdə ticarət və süni intellektin inkişafı sahələrində konkret təşəbbüslər müzakirə olunub.
Bessent qeyd edib ki, tərəflər məqsədlər və təhdidlər barədə ortaq bir anlayışa nail olmağa yönəlmiş süni intellekt mövzusunda dialoq qurmaq barədə razılığa gəliblər. İşçi qrupların məsləhətləşmələri davam etdirməsi gözlənilir.
Məsləhətləşmələr zamanı süni intellekt əsas mövzu olaraq qalacaq. "Bloomberg" qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında bu ilin may ayında keçirilən son görüşdən bəri məhz süni intellekt iki ölkə arasında "münasibətlərdə yeni bir qaynar nöqtə"yə çevrilib.
Bundan əlavə, agentliyin mənbələrinə görə, ABŞ və Çin Amerika enerji və kənd təsərrüfatı məhsullarına tarifləri aşağı salmaq üçün çalışırlar.
Bundan əvvəl Bessent "X" sosial media platformasında D. Tramp və Si Cinpin arasında qarşıdan gələn görüşdən əvvəl He Lifen ilə ABŞ-Çin iqtisadi və ticarət münasibətlərini müzakirə etmək barədə yazmışdı.
Si Cinpinin sentyabrın 24-də Vaşinqtona səfəri gözlənilir.