19 Iyul 2024 15:02
114
İDMAN
A- A+

Faiq Həsənov: “Nəticələrin təhlilindən sonra heyətdə dəyişiklik olundu”


Nəticələr təhlil olunduqdan sonra heyətdə dəyişikliyin olması barədə qərar qəbul edildi. “Report” xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) birinci vitse-prezidenti Faiq Həsənov sentyabrda Macarıstanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətinin formalaşması ilə bağlı müsahibəsində bildirib.
Cari il kişi şahmatçılardan ibarət milliyə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçıların yığmasında isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Milli komandanın heyəti formalaşarkən ehtiyat şahmatçılar da seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq, Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə ediliblər. Mütəxəssis heyətin il ərzində ölkənin aparıcı şahmatçılarının nüfuzlu turnirlərdə, o cümlədən Azərbaycan çempionatında iştirakına əsasən seçildiyini qeyd edib:"Heyət Azərbaycan Şahmat Federasiyası tərəfindən müəyyənləşir. Bu zaman şahmatçının nəticələri və digər amillər də nəzərə alınır. Son illər kişi şahmatçılardan ibarət milli komandanın nəticələri bizi qane etmir. Hamıya məlumdur ki, AŞF mütəmadi olaraq gənc və perspektivli şahmatçılara dəstək olmağa çalışır. Federasiya daim milli komanda ilə işləyən məşqçilərlə ünsiyyətdədir. Hər bir şahmatçının iştirak etdiyi yarışlar təhlil olunur və qərar qəbul edilərkən nəzərə alınır".
F.Həsənov Aydın Süleymanlı və Məhəmməd Muradlının ilk dəfə milliyə dəvət alması haqda da danışıb: "2022-ci ildə Özbəkistanın kişi şahmatçılardan ibarət komandası olimpiadanın qızıl medalını qazandı. Heyətdə yüksək reytinqli bəzi şahmatçılar olmadığı halda gənclərlə böyük uğur qazandılar. Bizdə heç vaxt əvvəlcədən şahmatçıya “sən millidə oynayacaqsan” kimi vəd verilmir. Federasiya üçün önəmli Azərbaycan çempionatında, eləcə də ölkədə təşkil edilən yarışlarda iştirak və beynəlxalq turnirlərdə qazanılan nəticələrdir. Onu da qeyd edim ki, son illər AŞF gənc istedadlı şahmatçılar üçün ən yaxşı şəraiti yaradıb. Onların istədikləri turnirlərdə iştirakı təmin olunur, yüksək səviyyəli məşqçilərlə işləməsinə kömək edilir. Ötən il dünya çempionatının finalçısı, tanınmış qrossmeyster Boris Gelfand gənc istedadlara təlim-məşq toplanışında rəhbərlik etmək üçün Bakıya dəvət olundu. Eyni zamanda, Vladimir Çuçelov kimi dünya səviyyəli mütəxəssis şahmatçılarla mütəmadi hazırlıq keçir. Bunun nəticəsidir ki, Azərbaycanda yeni istedadlı gənc nəsil yetişir və biz onları da milli komandaya cəlb etməliyik".
Birinci vitse-prezident heyətdəki dəyişikliklərin məqsədi barədə məlumat verib: “Cari heyətdə AŞF-nin qərarı ilə dəyişiklik edilib və gəncləşdirmə istiqamətində ilk addımlar atılıb. Məqsəd milli komandada təcrübəli və gənc şahmatçılardan ibarət mübariz heyət formalaşdırmaqdır. Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbov kimi şahmatçı heyətdən kənarda qalıb. Olimpiadada Teymur Azərbaycan komandasına kapitan kimi kömək olacaq. Biz, həmçinin gənc şahmatçıları da yoxlamaq qərarına gəldik. Aydın Süleymanlı və Məhəmməd Muradlının nümayiş etdirdiyi inamlı oyunu qiymətləndirməmək mümkün deyil. Aydın 2024-cü il Azərbaycan çempionatının qalibidir. Məhəmməd Muradlı isə ölkə çempionatında ikinci yeri tutdu. Eyni zamanda, Məhəmməd BƏƏ-də təşkil edilən güclü beynəlxalq open yarışında birinci yerə layiq görüldü”.
O, ölkə çempionatının nəticələrinin həmişə federasiya üçün prioritet sayıldığını vurğulayıb: "18 il əvvəl - 2006-cı ildə Turində keçirilən olimpiada ərəfəsində heyətdə dəyişiklik edildi. O vaxt Azərbaycan çempionatında ikinci yeri tutan FIDE reytinqi 2300-ə yaxın olan 14 yaşlı Vasif Durarbəyli komandaya dəvət olundu. Çox təcrübəli qrossmeysterlər isə heyətə daxil edilmədilər. İndi isə Azərbaycan çempionatında ikinci yeri tutan Məhəmməd Muradlıya şans vermək istəyirik. Yeri gəlmişkən, 2022-ci ildə Naxçıvanda təşkil edilən Azərbaycan çempionatının finalında Məhəmməd Muradlı Vasif Durarbəyliyə qalib gələrək birinci yeri tutdu. Hamı bilir ki, Azərbaycan milli komandasının qapıları bütün şahmatçılar üçün açıqdır. FIDE reytinqi vacibdir, amma həlledici deyil. Reytinqi əsas götürmək olmaz. Millidə gənc istedadlara yer verilməlidir. Əsas məqsəd olimpiadada yaxşı nəticə qazanmaqdır. 2000-ci ildə də biz ölkə çempionunu birbaşa milliyə dəvət etmişdik. Həmin il Azərbaycan çempionu Şəhriyar Məmmədyarov komandaya cəlb olundu. Olimpiada ərəfəsində Zeynəb Məmmədyarova İspaniyada 18 yaşlıların dünya çempionatında qızıl medal qazandı və biz heyətdə dəyişiklik etməyə məcbur olduq. Son anda Zeynəb Məmmədyarova yığmaya dəvət olundu və olimpiadada iştirak etdi. Olimpiada şahmat üzrə ən nüfuzlu yarışlardan biridir. Şahmatçılar komanda mübarizəsi nümayiş etdirməklə uğur qazanmaq imkanı qazanırlar. Biz milli komandada döyüşkən və əzmkar heyət formalaşdırmaq üçün çalışırıq". 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video