Bəzi dövlətlər Cənubi Qafqazda təhlükəsizliyin pozulmasına nail olmaq istəyirlər
"44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatlarında Ermənistan ordusunun tam məğlubiyyətlə üzləşməsinə baxmayaraq, bu ölkədə revanşist əhvali-ruhiyyə artmaqda davam edir. Ermənistan hakimiyyətinin atdığı addımlar və bu istiqamətdə gedən proseslər də bunu deməyə əsas verir".
Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Fuad Abdullayev deyib. Ekspert bildirib ki, Ermənistanda revanşist əhvali-ruhiyyəyə və yeni müharibəyə hazırlığa dəlalət edən kifayət qədər əsaslı faktlar var. Maraqlısı odur ki, rəsmi İrəvan yeni müharibəyə hazırlıq prosesini çox məharətlə, "müdafiə olunmaq" adı altında pərdələyir və bunu həm Qərb mediasına, həm də Avropa ölkələrinin hökumət nümayəndələrinə sırımağa çalışır. Ermənistanın hökumət nümayəndələri bir tərəfdən guya regionda sülhün bərqərar olmasını istədiklərini səsləndirir, digər tərəfdən də müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı qeyri-konstruktiv mövqe tutmaqda ittiham edir. Deməli, qeyri-səmimi mövqe nümayiş etməklə həm də mütəmadi olaraq silahlanmağa davam edir.
F.Abdullayev qeyd edib ki, Ermənistan hakimiyyətinin 2021-2024-cü illər arasında, hətta 2025-ci il daxil olmaqla təhlükəsizlik və müdafiə sahəsinə ayırdığı maliyyə vəsaitinə, Hindistan, Fransa və digər ölkələrdən aldığı və almaq istədiyi silah və hərbi texnikanın təyinatlarına, orduda yeni yaradılan birləşmələrə, eləcə də sərhədboyu inşa edilən dayaq məntəqələrinə nəzər salsaq, onların yeni müharibəyə hazırlaşdığını əminliklə deyə bilərik: "Rəsmi məlumatlara görə, 2021-2024-cü illər arasında Ermənistan hökuməti müdafiə xərclərinə 4 milyard ABŞ dolları ayırıb. 2021-ci ildə bu göstərici 638 milyon, 2022-ci ildə 720 milyon, 2023-cü ildə 1,28 milyard və 2024-cü ildə 1,38 milyard ABŞ dolları olub. 2025-ci ildə isə həmin rəqəmin təqribən 1,7 milyard ABŞ dollar olacağı bəyan edilib. Bu il Ermənistanın müdafiə sektoruna ayırdığı xərclər ÜDM-in 5,5 faizini təşkil edib. 2023-cü ildə isə müdafiə xərcləri ÜDM-nin 4,1 faizi qədər olub", - deyə o əlavə edib.
Ekspert vurğulayıb ki, ümumilikdə 2022-2024-cü illər arasında müdafiə xərclərinə ayrılan 3,38 milyard dollar vəsaitdən, xüsusilə, Hindistan və Fransadan silah və hərbi texnikanın alınmasına sərf edilən maliyyə vəsaiti də maraq doğurur. Belə ki, sərf edilən maliyyə vəsaitlərinin təhlili onu deməyə əsas verir ki, həmin rəqəm təqribən 1,5 milyard dollar təşkil edir.
Sifariş verilən və maliyyəsi açıqlanmayan bəzi silah, hərbi texnika və qurğular da mövcuddur. Həmçinin alınan artilleriya və hava hücumundan müdafiə silahları üçün ehtiyat sursatların əldə edilməsi də zəruridir ki, bu da əlavə vəsait tələb edir. Yəni əminliklə qeyd etmək olar ki, 2022-2024-cü illər ərzində Ermənistan silah və hərbi texnikanın alınmasına təqribən 2 milyard ABŞ dolları sərf edib. Bu isə büdcə xərclərinin 50-60 faizinə bərabər olması deməkdir və təqribən 12,5 milyard ABŞ dolları borcu olan Ermənistan üçün bu kifayət qədər böyük rəqəmdir.
F.Abdullayev bildirib ki, ölkənin borc içində olduğu belə bir vəziyyətdə bu qədər böyük məbləğin müdafiə xərclərinə ayrılması Ermənistanın müharibəyə hazırlaşmasının göstəricisidir. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, xaricdən müəyyən dairələr və dövlətlər Ermənistanda revanşist qüvvələrin dəyirmanına su tökməklə, Cənubi Qafqaz regionunda təhlükəsizliyin pozulmasına nail olmaq istəyirlər. "Daha bir fakt odur ki, Ermənistanın "müdafiə olunmaq" pərdəsi altında aldığı silahların arasında hücum xarakterli silahlar da var. Məsələn, son vaxtlar Hindistan mətbuatında ermənilərin "Pralay" kvaziballistik raketləri almaq istədiklərinə, bu istiqamətdə danışıqların aparıldığına, hətta Hindistan Müdafiə Nazirliyinin bu raketləri Ermənistana ixracına rəsmi icazə verdiyinə dair məlumatlar yayılıb. Eyni zamanda, Ermənistan hərbi-siyasi rəhbərliyi SU-30 qırıcılarını Hindistan hərbi sənaye müəssisələri vasitəsilə modernləşdirmək istəyir. Belə ki, bu qırıcılara uzaq məsafəli hava-hava raketlərini almaq üçün Ermənistan tərəfinin Hindistana müraciət etdiyi bildirilir. Digər tərəfdən, Hindistandan aldığı uzaqmənzilli artilleriya və "Pinaka" reaktiv yaylım atəş sistemləri, eləcə də Fransaya sifariş verdiyi "CEASER" özüyeriyən artilleriya qurğuları hücum əməliyyatlarında istifadə olunan silahlardır", - deyə təhlilçi əlavə edib.
Ekspert qarşıdakı illərdə Ermənistanın silah aldığı ölkələrin arealını, həmçinin silah və hərbi texnika növlərini artıracağını istisna etmədiyini bildirib. Onların yeni növ silahların, xüsusilə, taktiki raket, hava hücumundan müdafiə və zərbə PUA-ları əldə edəcəkləri ehtimalı yüksəkdir. Bundan başqa, Azərbaycan-Ermənistan şərti sərhəd zonalarında müxtəlif tunellərdən ibarət olan dayaq və idarəetmə məntəqələrinin intensiv şəkildə tikintisi aparılır. Aparılan tikinti işləri barədə artıq mətbuatda peyk görüntüləri də paylaşılıb. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrində xüsusi təyinatlı və kəşfiyyat bölmələrinin sayının artırılmasına dair rəsmi məlumatlar da var. Belə ki, 2020-ci ilədək briqada səviyyəsində olan Ermənistan xüsusi təyinatlıları xüsusi təyinatlı qüvvələr səviyyəsinə gətirilib, Ermənistan silahlı qüvvələrinin tərkibində Pilotsuz Uçuş Aparatları İdarəsi yaradılıb.
F.Abdullayev qeyd edib ki, mövcud faktlar aysberqin görünən tərəfidir və Ermənistanda revanşist əhvali-ruhiyyənin hansı səviyyədə olduğunu anlamaq üçün kifayət edər: "Ermənistanın hərbi-siyasi rəhbərliyi məhz revanşist əhvali-ruhiyyədən irəli gələrək Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və prosesi uzadaraq yeni silahlar almaq üçün vaxt qazanmaq niyyəti güdür. Görünən odur ki, Ermənistan hakimiyyəti "dəmir yumruğ"u unudub və yenə boş xəyallar arxasınca qaçmağa başlayıb. Onlar Qərbin, xüsusilə də Fransa və Avropa İttifaqının sözdə olan vədlərinə güvənərək regionda gərginliyi artırmaq, yeni müharibəyə səbəb ola biləcək vəziyyət yaratmaq istəyirlər.
Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu hər hansı təxribatın qarşısını almaq üçün hazırdır və Ermənistan belə bir addım atacağı təqdirdə çox peşman olacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"