Ondan istifadə ölümlə də nəticələnə bilər
Bütün dünyada elektron siqaret istifadəçilərinin sayı sürətlə artır. Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsalar da, rəngarəng, müasir dizaynı, fərqli rəng-dad kombinasiyaları, asan gizlədilməsi, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması onları yeniyetmə və gənclər üçün daha cəlbedici edir.
Statistika göstərir ki, dünyada 38 milyondan çox 13-15 yaşlı yeniyetmə elektron siqaretlərdən istifadə edir. Üstəlik, araşdırmalara görə, ənənəvi siqareti tərgitmək üçün elektron siqaretdən istifadəyə başlayanların 80 faizi indi ondan asılı vəziyyətə düşüb, aludəçilərin yalnız 20 faizi tütün məmulatlarını tərgidə bilib.
Ailə nümunəsi güclü təsir vasitəsidir
Elektron siqaret aerozollarının tərkibindəki propilenqlikol, flavorin, nitrozamin və metallar kimyəvi oksidləşmə və iltihaba səbəb olaraq damarlarda laxtalanmaya, zədələnməyə və koronar arteriyaların spazmasına səbəb olur. Bu siqaretdən istifadə zamanı koronar arteriyalarda qan axını azalır, bu da infarkt və ani ölümlə nəticələnir. Eyni zamanda astma və bronxit kimi xroniki tənəffüs xəstəlikləri də kəskinləşir. Boğazın qıcıqlanması, qaşınma, öskürək, pnevmoniya, tənəffüs yollarında həssaslıq və astmaya əlavə olaraq, elektron siqaretin tərkibində olan formaldehid və asetaldehid kimi zəhərli maddələrin də kanserogen təsirləri olduğu müəyyən edilib.
Yeniyetmə dövrü şəxsiyyətin formalaşması baxımından həssas bir mərhələdir. Elektron siqaret gənclərin hələ tam formalaşmamış beyinlərinə də mənfi təsir göstərir, yaddaş zəifliyi, depressiya, davranış və diqqət pozğunluğuna səbəb olur.
Gənclər yeni şeylər öyrənmək, fərqli hisslər yaşamaq və özlərini sınamaq istəyirlər. Əgər valideynlər və ya ailənin digər üzvləri siqaret və ya elektron siqaret istifadə edirlərsə, bu, yeniyetmədə normal davranış kimi qəbul edilir. Çünki ailə modelindən gələn nümunə çox güclü təsir vasitəsidir. Valideyn nəzarətinin zəif olması, uşağın psixoloji ehtiyaclarının qarşılanmaması, maraqlı və faydalı fəaliyyətlərin olmaması gənclərin asanlıqla zərərli vərdişlərə yönəlməsinə səbəb olur. Əgər gəncin həyatında məqsəd, motivasiya və məşğulluq yoxdursa, riskli davranışlara meyil artır.
Zərərli vərdişdən yalnız birgə səylə xilas olmaq mümkündür
Yeniyetmə və gənclərin elektron siqaret istifadəsinin qarşısını almaq üçün valideynlər, müəllimlər, səhiyyə işçiləri və dövlət qurumları birlikdə sistemli, maarifləndirici və nəzarət yönümlü tədbirlər həyata keçirməlidirlər. Eyni zamanda gənclərə alternativ maraqlı fəaliyyətlər, sağlam həyat tərzi və düzgün informasiya təqdim olunmalıdır ki, onlar bu zərərli vərdişlərdən uzaq dursunlar.
Psixoloji və sosial bacarıqları gücləndirən təlimlərlə, seminarlarla gənclərə "yox demək" bacarığı öyrədilməlidir. Media və sosial platformalarda yeniyetmələrin vizual və emosional formada diqqətini çəkəcək maarifləndirici videolar, posterlər paylaşılmalıdır. Valideynlərə yönəlik seminarlar təşkil olunmalı, onlara siqaret və elektron siqaretin riskləri və qarşısını almaq yolları izah edilməlidir. Ailədə açıq ünsiyyət və etimad mühiti yaradılmalıdır ki, gənc problemi olduqda siqaretdən öncə valideynə üz tutsun.
İdman və ya incəsənətlə məşğul olmaq yeniyetmələrin həm vaxtlarını faydalı keçirmələrini təmin edər, həm də mənəvi və sosial ehtiyaclarını qarşılayar. Məktəblərdə fəaliyyət göstərən psixoloqlar gənclərin riskli davranışlarını erkən aşkar edib onlara fərdi dəstək verməlidirlər.
Artıq dünyanın 40 ölkəsində elektron siqaret qadağan edilib. Önümüzdəki illərdə bu sayın daha da artacağı gözlənilir. Üstəlik, elektron siqaretlərin tütün məmulatlarını tərgitməyə kömək etdiyinə dair dəlillər kifayət deyil.
Gənclərin elektron siqaretə meylinin qarşısını almaq yalnız bir qurumun işi deyil. Bu, cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə mümkün ola bilər. Maarifləndirmə, dəstək, alternativ imkanların yaradılması və effektiv nəzarət bu mübarizənin əsas sütunlarını təşkil edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"