12 Noyabr 2024 08:10
913
SİYASƏT
A- A+
Dünya Azərbaycana toplaşıb

Dünya Azərbaycana toplaşıb


Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir. 

COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin postsovet məkanında ilk dəfə olaraq məhz respublikamızda  reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. COP29 həmçinin təkcə yerləşdiyimiz regiona deyil, daha geniş coğrafiyaya beynəlxalq diqqətin artmasına səbəb olacaq. 


COP29-a evsahibliyi seçilməyimiz təsadüfi deyil


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COP-un əsas  məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltməkdir. COP hər il növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir ölkəsində təşkil edilir. Avropanın öz daxilində namizədi, qitənin şərti olaraq qərb və şərq hissələrinin təmsilçiləri arasında növbəli, yəni rotasiya prinsipi ilə müəyyən olunur. Növbə Şərqi Avropada olduğundan bu coğrafiyanı təmsil edən ölkələrin seçimi Azərbaycanın üzərində dayandı. Bakıda reallığa çevrilən COP29-u fərqləndirən mühüm özəlliklərdən biri də budur ki, Azərbaycanın evsahibliyi etdiyi bu qlobal tədbirə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi üçün çox qısa zamanı - təqribən bir ildən bir qədər az vaxtı olmuşdu. Bununla belə təşkilatçılığın ən yüksək səviyyədə olması və dünya birliyi tərəfindən sərgilənən marağın miqyası göstərir ki, Azərbaycan bu dəfə də üzərinə düşən beynəlxalq əhəmiyyətli missiyanı uğurla həyata keçirir.

Bu baxımdan bir amili də xüsusilə vurğulamaq lazımdır ki, Şərqi Avropadan namizədlərin sırasında Azərbaycanla yanaşı, Bolqarıstan və Ermənistan da var idi. Bu dövlətlərin hər ikisinin namizədliklərini Azərbaycanın xeyrinə geri çəkmələri ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəsindən və təbii ki, dünyada olan nüfuzundan xəbər verir. Ermənistanla razılığın əldə olunmasına gəldikdə isə qeyd etmək lazımdır ki, ölkələrimiz son 30 ildir faktiki olaraq müharibə şəraitindədirlər və aktiv hərbi əməliyyatların başa çatmasına baxmayaraq, yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Bununla belə, ötən ilin dekabrında hər iki dövlət müştərək məzmunlu bəyanatla çıxış edərək namizədlik seçiminin Azərbaycanın xeyrinə edilməsi barədə razılığa gəldiklərini göstərdilər. Eyni zamanda rəsmi Bakı COP-un Şərqi Avropa regionu üzrə büro üzvlüyünə Ermənistanın qəbuluna "yaşıl işıq" yandırdığını bildirdi. Bu fakt tərəflərin həm sülh istiqamətində atdıqları addım, həm də Qərbdə Azərbaycana qarşı aparılan qara təbliğatın əhəmiyyətsizliyinin göstəricisi idi. 

Tədbirin mahiyyətinə gəldikdə məlumdur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq hədəfidir.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və  dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür.

O da məlumdur ki, Vətən müharibəsindəki qələbəmiz sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet elan olunmaqla həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ  yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. 

Bundan başqa, "yaşıl enerji"nin istehsalı və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir və bu səbəbdən respublikamız elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Tarixən neft və qaz istehsal edən Azərbaycan hazırda bərpaolunan enerji mənbələrinə davamlı investisiya yatırır. 2020-ci ildə qəbul edilən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Proqramı külək, günəş və hidroenerji mənbələrinin genişlənməsini təşviq edir. Bütün bunların davamı kimi Azərbaycanın bu il COP29-a evsahibliyi etməsi iqlim dəyişmələri ilə mübarizə işində ölkəmizin milli, regional və qlobal səviyyədə tarixi rolunu daha da gücləndirəcək.


Fransanın qarayaxma avantürası


COP29-da iştirak etmək üçün dünyanın bir sıra dövlətlərinin liderləri Bakıya gəlməyə qərar veriblər. Bu dövlətlərdən 30-dan çoxu Avropanın, o cümlədən 10-dan çoxu Avropa İttifaqının üzvləridir. Bu amilin son illər dövlətimizə və xalqımıza qarşı aparılan intensiv antitəbliğat və qarayaxma kampaniyası fonunda xüsusi önəmi var. Xüsusən Avropa İttifaqı müstəvisində və Avropa Parlamentində Vətən müharibəsindəki qələbəmizə qarşı gözügötürməzlikdən qidalanan qarayaxma reallığında qitənin bu siyasi institutlarını təmsil edən dövlətlərin rəhbərlərinin COP29-da iştirakı Azərbaycana qarşı yürüdülən qərəzin səmərə vermədiyinin göstəricisidir. Aİ üzvləri olan İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Çexiya, Macarıstan kimi ölkələrin Bakıda dövlət və ya hökumət rəhbərləri qismində iştirakı əsas etibarilə Fransa tərəfindən gerçəkləşdirilən anti-Azərbaycan əməllərinə qitə təmsilçilərinin sözün əsl mənasında məhəl vernəmələri deməkdir. 

Avropanın fərqli siyasi və parlamentar institutlarındakı imkanlarından istifadə edən Paris Azərbaycana qarşı qərəzli münasibət bəsləyən deputatlar və məmurlar vasitəsilə bu kampaniyanın önündə gedir. Fransız "siyasətçi"lərinin Bakıya qarşı bildikləri və bilmədikləri hər mövzuda şər atmağa və qara yaxmağa çalışmaları bir çox halda istehza doğrurur. Ən azı ona görə ki, Fransa boyda ölkənin parlamentini illərdir təmsil edən şəxslərin regionumuz barədə məlumat kasadlığı və qərəzliyi onların ciddi siyasi mərəzə tutulmalarından xəbər verir. Fransızlar böhtan dolu çıxışlarını edirlər və təəssüf ki, onları dinləyən digər avropalı həmkarlarından heç kimi belə bir sual narahat etmir: Fransanın özü dünyada ekosistemin qorunması, iqlim dəyişikliyinə qarşı hansı töhfələri verir? Sakit okeanda həyata keçirdiyi nüvə sınaqları nəticəsində dünya iqliminə, biomüxtəlifliyə dəyən zərərə görə o, məsuliyyət daşıyırmı?

Son bir neçə aydır ölkəmizə qarşı müxtəlif təşkilatlarda və beynəlxalq mediada sərgilənən gözdənsalma kampaniyasının "istinad" etdiyi əsas "arqument" Azərbaycanın neft ölkəsi olmasıdır və ona görə də biz COP kimi tədbiri keçirə bilmərik. Halbuki COP29-un Azərbaycanda keçirilməsi neft-qaz ölkəsi kimi tanınan respublikamızın iqlim dəyişikliyi ilə mübarizədə səylərinin, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətinin dünya tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərir. 

 COP 1995-ci ildən etibarən keçirilir və onun əsas mövzusu iqlim dəyişikliyidir. Əvvəlki 28 ev sahibinin siyahısına baxdıqda görmək olar ki, indiyədək qlobal konfrans neft hasil edən ölkələrdə də keçirilib, onu ən çox istehlak edən dövlətlərdə də. Dünyanın aparıcı iqtisadiyyatlarına malik olan industrial, yəni sənayeləşmiş dövlətlərin neft korporasiyaları enerji daşıyıcılarının hasilatı, daşınması və emalı prosesinin liderləridir və elə ekologiyaya da ən böyük zərəri onlar vururlar. Bu şirkətlər əsas etibarilə ABŞ, Böyük Britaniya, Fransanı təmsil edirlər. İqlim dəyişikliyinin ən iri katalizatorları da elə bu ölkələrdir. İndinin özünə qədər ABŞ COP-un əvvəlki konfranslarında əldə edilmiş bəzi razılaşmalara riayət etmir, yaxud ayrı-ayrı bəndlərlə razılaşmır. Belədirsə, Azərbaycanın ünvanına "qara piar" kampaniyasının iştirakçıları olan media qurumları nədən məhz bu ölkələri təmsil edirlər?

Digər iddia insan haqları ilə bağlıdır. Fransa bu günün özündə azadlıq və müstəqillik tələb edən müstəmləkələrində repressiv tədbirlər həyata keçirir. Onlar "insan haqları" barədə düşünürlərmi? Fransa XXI əsrdə bütöv xalqları əsir saxlayır, işğal əməllərindən imtina etmir. Qoşulmama Hərəkatından başqa heç bir beynəlxalq təşkilat da buna etirazını bildirmir. Həmin qurumda da belə bir humanist məzmunlu missiyanın önündə məhz Azərbaycan gedir ki, bu da təsadüfi deyil. Ortada 30 il ərzində Ermənistanın Azərbaycan ərazisində törətdiyi vəhşiliklər var. Prezident İlham Əliyevin bununla bağlı dedikləri xalqımızın iradəsinin yekdil nümayişidir: "İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar".


"Biz bundan sonra da güclənəcəyik"


Aydındır və heç kimə sirr deyil ki, Azərbaycana qarşı aparılan qərəzli təbliğatın kökündə bizim müharibədəki qələbəmiz və ərazi bütövlüyümüzü bərpa etməyimiz durur. Qərbin bir sıra dövlət və mərkəzləri xalqımıza qarşı apardıqları qara təbliğatla paralel Ermənistanı silahlandırır və yeni müharibəyə təhrik edirlər. Bu onu göstərir ki, səslənən "arqument"lərin heç bir əsası yoxdur, səbəb nə iqlimdir, nə də COP. Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışı zamanı xalqa etdiyi müraciətində Qərbdə Azərbaycana qarşı aparılan kampaniyanın əsl mahiyyətini belə ifşa etmişdir: "Bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik... Onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir". 

Şübhə yoxdur ki, dövlətimiz və xalqımız bizə qarşı çirkli həmlələri də dəf etməyi bacarır və bundan sonra da bacaracaq. Necə ki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalib gəlmişik, bizə qarşı qərəzli təbliğat aparanların da üzərində zəfər çalacağıq. Prezident İlham Əliyevin bu sözləri onlar üçün ciddi xəbərdarlıqdır: "Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir".


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!