Azərbaycanla Çin arasında əlaqələr dərin və əhatəlidir
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Çin Xalq Respubilkasına işgüzar səfəri, keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər məlum həqiqətlərə yeni işıq saldı. Bir daha göründü ki, cənab İlham Əliyev qlobal səviyyədə xüsusi ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə dünyanın nüfuzlu dövlətlərindəndir. Azərbaycan Prezidentinin ötən ay Vaşinqtona etdiyi səfərdən sonra bu reallıqlar, növbəti dəfə Çin səfərinin fonunda öz təsdiqini tapdı.
Beynəlxalq münasibətlər sisteminin aparıcı və nəhəng siyasi-iqtisadi qütblərindən olan Çin Xalq Respublikası ilə əlaqələri dinamik inkişaf etdirmək Azərbaycan dövlətinin xarici siyasətinin vacib istiqamətlərindəndir. Qlobal siyasi-iqtisadi konyunktura isə hər iki dövlətə mövcud əməkdaşlıq imkanlarını daha da artırmaq üçün geniş imkanlar yaradır. Elə buna görə də Azərbaycanla Çin arasında xüsusən son illərdə siyasi və iqtisadi sferalarda münasibətlər ildən-ilə yüksələn xətlə inkişaf edib, müxtəlif əməkdaşlıq sferaları meydana çıxıb.
Xatırladaq ki, hələ ötən il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması iki dövlət arasındakı münasibətlərdə strateji tərəfdaşlığın əsasını qoyub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" isə iki dövlətin strateji tərəfdaşlığını tamamilə yeni səviyyəyə yüksəldib. Birgə Bəyannaməyə əsasən, Azərbaycanla Çin öz maraqlarının, suverenliklərinin, təhlükəsizliklərinin və ərazi bütövlüklərinin qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, ÇXR hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Öz növbəsində Çin Azərbaycanın sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. "Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı", - deyə Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə bildirib.
Prezident İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına etdiyi işgüzar səfər Si Cinpinin dəvəti ilə reallaşdı. Səfər zamanı xüsusi qarşılanma, Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram bir daha Azərbaycan və Çin dövlətlərinin və onların liderlərinin səmimi dostluğunun təcəssümünə çevrildi.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin daha da genişlənərək yeni müstəviyə qədəm qoymasında Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi, onların arasındakı dostluq böyük rol oynayır. Təsadüfi deyil ki, avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan və Çin liderlərinin görüşü zamanı ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamladı. Münasibətlərin dövlətlərin və onların liderlərinin dostluğu ruhunda inkişafı Çin liderinin Prezident İlham Əliyevə ünvanladığı məktublardan da aydın görünür. Məsələn, Si Cinpin Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda yazırdı: "Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram".
Bu gün Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur ki, bunların arasında nəqliyyat dəhlizləri sahəsindəki əməkdaşlıq xüsusi yer tutur. Sürətli inkişaf yolunda olan, istehsal imkanlarını artıran Çin üçün prioritet məsələlərdən biri ixrac marşrutlarını genişləndirməkdir. Bir neçə il əvvəl Çin Xalq Respublikasının Sədri tərəfindən "Bir kəmər, bir yol" təşəbbüsünün irəli sürülməsi də bu məqsədə xidmət edir. Azərbaycan ilk gündən bu təşəbbüsə böyük dəstək verib. Azərbaycanın iradəsi ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz adlandırdığımız Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun respublikamızdan keçən hissələrinin ən müasir standartlar səviyyəsinə çatdırılması Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün perspektivlər açıb.
"ŞƏT plyus" formatında görüşdə etdiyi çıxışda Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu deyən Prezdent İlham Əliyev onu da diqqətə çatdırdı ki, Orta dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur: "Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb".
Azərbaycanla Çin arasında dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlər digər sferalarda da əməkdaşlığa təkan verir. Belə ki, hazırda iki dövlət arasında həm də neft-qaz, sənaye, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə də faydalı əməkdaşlıq mövcuddur. Çin şirkətləri Azərbaycanın "yaşıl enerji" layihələrində iştirak edirlər. Bu layihələrdə Çinin texnoloji təcrübəsindən istifadə edilir.
Bütövlükdə, Prezident İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər, "ŞƏT plyus" formatında keçirilən görüşdə və yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirakı dövlətimizin başçısının yüksək siyasi nüfuzunun növbəti təsdiqi oldu. Eyni zamanda bu səfər bir daha göstərdi ki, Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"