Bu günlərdə şuşalıların taleyində şadlıq, məmnunluq dolu anlar bir-birini əvəz edir. Tarixi zəfərdən sonra başlanan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma şəhəri ziyarəti, davamlı keçirilən respublika səviyyəli və beynəlxalq görüşlər, festivallar bu qəbildəndir.
Mayın 10-da yaşananların sevinci isə heç bir ölçüyə, əndazəyə sığmırdı. Elə sakinlərin özləri də möhtəşəm qayıdışı və ölkə rəhbərliyindən mənzillərinin açarlarını qəbul etmələrini 2020-ci il noyabrın 8-də Prezidentin "Əziz Şuşa, sən azadsan" bəyanatından sonrakı xoşbəxtlikləri ilə müqayisə edirdilər.
Yazıçı-publisist Kərim Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşləri zamanı çıxışında deyib ki, dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi fonunda demək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun!
Şuşa sakini bildirib ki, düz 32 ildən sonra baş verən bu hadisənin tam qiymətini vermək indi çox az adama nəsib ola bilər: "Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın tədbirdə iştirakı, yeni mənzillərin açarlarını sakinlərə şəxsən təqdim etmələri məsələyə dövlət rəhbərliyinin nə dərəcədə yüksək əhəmiyyət verdiyinin təsdiqidir".
Şəhid Vidadi Fərhadovun ailəsi də qala-şəhərimizə ilk qayıdanlardandır. Əslində, mərhum Vidadi Aydın oğlu tarixi zəfərimizdən dərhal sonra burada bərpa-quruculuq işlərinə qatılmışdı - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırdı. 2021-ci il sentyabrın 19-da erməni quldurlarının Şuşaya terror hücumunda iş yoldaşlarını sığınacağa apararkən raket zərbəsinə tuş gəlib şəhadət zirvəsinə yüksəldi.
Fərhadovların yeni mənzilinin açarları həyat yoldaşı Gülbəniz Babayeva-Fərhadovaya təqdim olundu. Gülbəniz xanım Şuşanın hər daşının, ağacının, tikilisinin keçmişləri xatırlatdığını söylədi: "Mənim qaynım Füzuli Fərhadov da Birinci Qarabağ savaşı şəhididir. Gənclər təşkilatının rəhbəri, fəal ictimaiyyətçi olub. Son məqama qədər şəhəri tərk etmədi və bu müqəddəs torpağa qovuşdu. Mərhum həyat yoldaşım Vidadi Şuşasız keçən ağrılı, nisgilli 29 ili ömründən saymadı, canını dişinə tutub yaşadı. Azərbaycan Prezidentinin müdrik və qətiyyətli siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində işğaldan qurtulan Qarabağımıza ilk qayıdanlardan idi. Birinci imkanda özünü bərpa-quruculuq prosesinə yetirdi və nankor ermənilərin növbəti xəyanətinin qurbanı oldu. İtkilərimiz nə qədər ağır olsa da, doğma yurda məhəbbətimizi soyuda bilməz. Prezident İlham Əliyevə və Mehriban xanıma Azərbaycan uğrunda onlarla əsgər, iki şəhid vermiş Fərhadovlar ailəsi adından minnətdarlığımı yetirirəm. Çox sağ olsunlar!"
Ağbirçək, nurani xanım olan Nəsibə Eyvazlı Şuşanın, Qarabağın ağır, hüznlü vaxtlarını - ötən əsrin doxsanıncı illərinin əvvəllərini tez-tez yada salır: "1992-ci ildən Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinə rəhbərlik edirdim. Həmin dövrü çox ağrı-acılı, rayonlarımızın ard-arda işğal olunduğu, sanki tənha qaldığımız, kimsənin bizə yiyə durmadığı bir zaman kəsiyi kimi xatırlayıram. Mühasirə halqası getdikcə daralır, ermənilərin atdığı güllə və mərmilər Şuşanın üzərinə səpələnirdi. Atamın, qardaşlarımın köməyi ilə Üzeyir bəyin şəxsi əşyalarını qablaşdırıb şəhəri tərk etdik". Nəsibə xanımın övladı Nicat Sərdar oğlu Şuşa, Qarabağ fatehlərindəndir, qazidir. 2020-ci ilin sentyabrında könüllü olaraq Vətən savaşına yollanıb, yaralanıb.
N.Eyvazova deyir ki, nankor qonşularımızın əsassız torpaq iddiaları zəminində alovlanan münaqişədə xeyli mədəniyyət ocaqlarımız - muzeylər, kitabxanalar, teatrlar, musiqi məktəbləri dağıdıldı, sənət əsərləri talan edilib aparıldı: "Bu 32 ildə ən böyük təsəllimiz döğma yurdumuzun işğaldan azad olunacağına və bizim ora dönəcəyimizə ümid işığı idi. Budur, həmin gün yetişdi. Dövlət rəhbərliyimizə - möhtərəm İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Uca Tanrı Vətənimizi, xalqımızı, dövlətçiliyimizi qorusun!"
Qurban MƏMMƏDOV