25 Aprel 2025 08:15
401
SİYASƏT
A- A+
Dəyişən dünya, Bakının qloballaşan maraqları

Dəyişən dünya, Bakının qloballaşan maraqları


Azərbaycanla Çin arasında mövcud olan strateji münasibətlər hər iki tərəfin geosiyasi və geoiqtisadi maraqlarından irəli gələn reallığın təzahürüdür. Çin dünyanın ikinci iqtisadiyyatı və bir çox sahədə, məsələn, süni intellekt, nanotexnologiyalar, "yaşıl enerji", avtomobil sənayesi sahəsində qlobal liderə çevrilən dövlət olaraq yeni ixracat bazarlarına yiyələnmək istəyir. Bu baxımdan Azərbaycan rəsmi Pekin üçün Qərbin rəqabətədavamlı bazarlarına gedən yolda etibarlı tərəfdaş və regional logistik mərkəz rolunda çıxış edir. 

Eyni zamanda rəsmi Bakı Çinin getdikcə daha da artan iqtisadi və texnoloji qüdrətini, dünya siyasətində oynadığı rolunu, xüsusən digər bölgə və dövlətlərə qarşı hərbi müstəmləkəçi, yəni ekspansionist niyyətlərdə olmadığını nəzərə alaraq Pekinlə hərtərəfli münasibətləri daha da dərinləşdirməkdə maraqlıdır. Odur ki, ölkələrimizi çoxşaxəli iqtisadi əlaqələr və yeni əməkdaşlıq perspektivləri bir-birinə bağlayır. Bu da şübhəsiz ki, Orta dəhliz adını almış qlobal logistika marşrutu həmin prosesin gündəmini müəyyən edən başlıca amilə çevrilir.


Azərbaycan, türk dünyası və Çin


Azərbaycan və Çin arasındakı hərtərəfli təmaslar ötən il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" ilə yeni mərhələyə yüksəldi. Birgə Bəyannamə tarixi hadisə idi. Hər iki tərəfin bir-birindən gözləntiləri bu münasibətləri strateji səviyyəyədək dərinləşdirmək üçün təbii əsaslar yaradır. Azərbaycan türk dünyasını təmsil etməklə Çinlə bir növ qonşu coğrafiyanı bölüşür. Pekinin Orta Asiya dövlətlərinin iqtisadi həyatında iştirakı isə zamanla daha da dərinləşir. Bu böyük coğrafiya Çinin müasir qlobal çağırışlar və hərbi-siyasi sabitsizlik fonunda ən çox maraq və diqqətinə səbəb olan strateji bölgədir, çünki yeni qurulan Orta dəhliz layihəsinin əhəmiyyətli hissəsi məhz türk dövlətlərinin ərazisi ilə keçib Xəzər və Cənubi Qafqazla Avropanı əlaqələndirir. 

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq hərbi-siyasi Zəfər tarixi hadisə olmaqla yanaşı, regional və daha böyük miqyasda - qlobal iqtisadi nailiyyətlərin gerçəkləşməsi üçün münbit zəmin formalaşdırıb. Çinin Avropaya gedən ən qısa yol kimi qiymətləndirdiyi Orta dəhlizin bir qolu da Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzuru əhatə edir. Bakının həyata keçirdiyi miqyaslı nəqliyyat infrastrukturu layihələri bu transmilli logistik marşrutun üzərində yerləşir və faktiki olaraq bu xəttin əsas bəndlərindən birini formalaşdırır. 

Amma Ermənistanın qeyri-konstruktiv və qeyri-adekvat rolu ucbatından Zəngəzur dəhlizinin qurulması və fəaliyyətə başlaması prosesi ləngiyir. İrəvanda bu layihənin Ermənistan büdcəsi üçün hansı maliyyə dividendlərinə və qazanc mənbəyinə çevrilə biləcəyi gerçəkliyini anlamırlar, yaxud özlərinin revanşist qəsbkar mahiyyətli siyasətlərindən imtina edə bilmirlər. Buna baxmayaraq, Zəngəzur dəhlizi onsuz da açılacaq, çünki İrəvanın təzyiqi böyük və gur çayın qarşısında xırda bir sızıltı təəssüratını yaradır: bu axın onsuz da həmin keçidi aşıb yoluna davam edəcək. Üstəlik, Azərbaycan da gözləmək niyyətində deyil - bizim həm qonşu Gürcüstan vasitəsilə Avropaya uzanan işlək və rəqabətədözümlü nəqliyyat infrastrukturumuz fəaliyyət göstərir, həm də Araz çayı boyunca İranla inşa etdiyimiz yeni istiqamət Orta dəhlizin qollarından biri olaraq yaxın zamanlarda fəaliyyətə başlayacaq. Yeri gəlmişkən, Gürcüstan da Çinlə strateji münasibətlərə malikdir. Bu əlaqələr bir sıra qlobal çağırışlardan və Gürcüstan iqtisadiyyatının tələblərindən irəli gəlir. Tbilisi Orta dəhlizin mühüm iştirakçılarından olmaqla kollektiv Qərbin ədalətsiz basqılarına məruz qalır. Bu fonda Gürcüstanın da iqtisadi oriyentirlərini Şərqə - Çinə doğru yönəltməsi məntiqlidir. 

İkinci Qarabağ savaşının nəticələri Azərbaycanı yalnız Qafqazın cənubunda deyil, həmçinin türk coğrafiyasında izlənən siyasi əməkdaşlıq və iqtisadi birlik baxımından türk dünyasının liderlərindən birinə çevirib. Son 4-5 ildə türk dövlətləri arasında siyasi təmaslara nəzər salarkən görürük ki, qardaş dövlətlərin iqtisadi sahədə əməkdaşlığı gücləndirmələri əsas etibarilə məhz bu mərhələyə təsadüf edir. Azərbaycanın tarixi qələbəsi bir növ qlobal iqtisadi təşəbbüslərin qarşısında qapıların açılmasına səbəb olub və bu prosesdə Çinlə türk dövlətlərinin rolu danılmazdır. İştirakçısı olduğumuz Orta dəhliz layihəsi iri nəqliyyat prosesi olmaqla yanaşı, ticarətdən tutmuş "yaşıl enerji" kimi müasir trendlərə qədər geniş spektrli əməkdaşlıq sahələrinin qarşısında yeni imkanların açılmasını sürətləndirmişdir. 


Çinin qlobal rolu və orta gücə çevrilən Azərbaycan


Son 4-5 il ərzində Azərbaycanın nümayiş etdirdiyi iqtisadi qüdrət, siyasi nüfuz və hərbi güc dövlətimizin dünya çapındakı proseslərdə iştirak etməyə başlamış orta gücə çevrilməsini şərtləndirən əsas amildir. Bu gün rəsmi Bakının çoxqütblü siyasəti yerləşdiyimiz bölgənin hüdudlarını aşaraq daha böyük coğrafiyanı əhatə edir, yeni geosiyasi və geoiqtisadi hədəflərdən doğan maraqların reallaşmasına yönəlir. Azərbaycan türk dünyası ilə yanaşı, həm də müsəlman aləminin nüfuzlu aktoruna çevrilməkdədir - ölkəmizin islam dünyasının elitar iqtisadi birliyi olan D8-ə qəbulu, habelə qardaş Türkiyə ilə birlikdə yeni Suriyanın həyatında oynamağa başladığı rolu qənaətimizin ən bariz sübutlarıdır. 

Bakı qardaş İslamabad vasitəsilə qlobal Şərqə doğru daha bir əməkdaşlıq xəttini formalaşdırır. Aramızda olan strateji əlaqələr siyasi münasibətlərlə yanaşı, iqtisadi çalarlar da alır: Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq yatırımla bu ölkənin strateji partnyorlarının siyahısında ön pillələrə qalxır. Hərbi sənaye sahəsində İslamabadla olan əlaqələrimiz daha da dərinləşir. Pakistan Çinin qonşusudur və Pekin İslamabadın əsas iqtisadi tərəfdaşı qismində çıxış edir. 

Ümumi münbit siyasi fonun olmaması və qitənin bəzi üzvlərinin ədalətsiz davranışlarına rəğmən ölkəmiz Avropa İttifaqı ilə də işgüzar münasibətlərə malikdir. Azərbaycan qazı qitənin 10 ölkəsinə ixrac edilir və bu siyahı genişlənməkdədir. Ölkəmiz həmçinin qitənin eyni sayda dövləti ilə ikitərəfli strateji münasibətlərə malikdir. Həmin ölkələr Avropa İttifaqının təmsilçiləridir. 

Bütün bunlar onu göstərir ki, Azərbaycanla Çin arasında münasibətlər barəbərhüquqlu tərəflər arasında olan əməkdaşlığı əks etdirir. Əgər Çinin güclü iqtisadi imkanları və texnoloji üstünlüyündən danışırıqsa, Azərbaycanın da siyasi nüfuzu, çoxşaxəli xarici siyasəti, zəngin təbii ehtiyatları, məharətlə yararlandığı coğrafi ərazisi var. Bu reallıq tərəfləri bir-biri üçün maraqlı və cəlbedici edir.

Eyni zamanda dəyişən dünyanın bir sıra beynəlxalq əməkdaşlıq formatları mövcuddur və Azərbaycan onları çoxvektorlu xarici siyasəti baxımından yüksək dəyərləndirir. Ölkəmizin bu qurumlarda iştirakı mütəmadi xarakter daşıyır və siyasi-iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Çin siyasi leksikonunda Qlobal Cənub adını almış geosiyasi prosesin əsas sütunlarından biridir. 

Qərbin aşağılayıcı, tarixi müstəmləkəçilik və iqtisadi qəsbkarlığı fonunda bu prosesdən əziyyət çəkən dövlətlərin yeni bir əməkdaşlıq və bərabərhüquqluluq formatı ətrafında təmərküzləşmələri onunla nəticələnir ki, iqtisadi tərəqqi və sıçrayışın ağırlığı sürətlə ABŞ və Qərbi Avropadan Şərqə doğru meyillənir. Şərqin bir sıra iqtisadi gücləri dünyanın texnoloji, maliyyə simasını müəyyən etməyə başlayıb. Azərbaycan da bu prosesin fəal iştirakçısı olmaqla Qlobal Cənub formatında yeni əməkdaşlıq düsturları, istehsal və istehlak bazarları, qarşılıqlı investisiya perspektivləri axtarışındadır. Bu baxımdan orta güc statusunu əldə etmiş Azərbaycanın Çinlə münasibətlərini dərinləşdirməsi zamanın və reallığın tələblərindən irəli gəlir.


Ticarət müharibələri və Pekinin artan təsiri


İzlədiyimiz yeni dünya bölgüsü və ticarət müharibələri, rüsum yarışmaları Çinin dünya liderliyini təsbit edən qlobal proseslərdir. Vaşinqtonla Pekin arasında gərginləşən münasibətlər, ABŞ-nin ənənəvi tarixi müttəfiqi olan Avropa ilə münasibətlərinin pozulması çoxları üçün gözlənilməz olan, ancaq ciddi ekspert mühiti tərəfindən proqnozlaşdırılan prosesə yol açır: Çin daha da güclənir. Yüksək rüsumlar Avropa dövlətlərini iqtisadi oriyentirlərini dəyişməyə vadar edir - qitə təmsilçiləri üstünlüyü Çinə verməyə başlayırlar. Yaxın illər ərzində tərəflər arasında idxal-ixrac əməliyyatlarının sayı dəfələrlə artacaq və bu, Çinin Avropa bazarlarında malik olduğu onsuz da möhkəm mövqelərini daha da gücləndirəcək. 

Mövcud fikir ayrılıqları və ədavət səviyyəsi onu göstərir ki, yaxın illər ərzində ABŞ ilə Avropa arasındakı mövcud soyuq münasibətləri normal məcraya yönəltmək asan olmayacaq. Bu baxımdan Avropanın Çinlə əməkdaşlığı dərinləşdirməyə meyillənməsi labüddür. Artıq indidən Aİ bu proses üçün öz iqtisadiyyatlarının fərqli sahələrinə təqribən 800 milyard avro vəsait ayırmağı planlaşdırır. Bu reallıqda, yəni Çinin Avropa ilə əlaqələrinin daha da dərinləşməsi fonunda Azərbaycanla Cənubi Qafqazın rolu durmadan artacaq. 

Artıq baş verən bir sıra hadisələr bunu sübut edir. Avropa liderləri bir-birinin ardınca regiona səfərlər edirlər - Fransa prezidenti Makron Özbəkistanda və Qazaxstanda olur, İtaliya lideri Meloni Astanaya getməyə hazırlaşır, Orta Asiya dövlətləri illərlə ortaq məxrəcə gələ bilmədikləri sərhəd delimitasiya problemini asanlıqla həll etməyə nail olurlar. Bunlardan başqa, Aİ ilə Orta Asiya arasında iqtisadi sammit keçirilir və birgə hədəflər müəyyənləşdirilir. 

Orta Asiya o coğrafiyadır ki, söz açdığımız Orta dəhlizin mühüm bəndi funksiyasını yerinə yetirir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri gözlənilir. Bu səfəri Brüsselin son illər ərzində Bakıya münasibətdə yol verdiyi ədalətsizliyi və buraxdığı səhvləri anlaması kimi də qəbul etmək olar. Ucu-bucağı və sonu görünməyən Rusiya-Ukrayna qarşıdurması və bu fonda Moskva-Brüssel gərginliyi həm Çini, həm də Avropanı sabit və təhlükəsiz ticarət marşrutları axtarmağa vadar edir. Bu baxımdan, Orta dəhliz ideal variantdır, özü də təkcə sabitliyinə görə deyil, həm də ən qısa istiqamət olması səbəbindən. 

Bütün bunlar onu göstərir ki, Azərbaycanın çevik xarici siyasəti dünyada baş verən proseslərin məntiqindən irəli gəlir və rəsmi Bakı geosiyasi nəbzi tutmaq məharətinə sahibdir. Prezident İlham Əliyevin Çinə səfəri sadalanan komponentlər baxımından həm aktualdır, həm də izlədiyimiz proseslərin daha da sürətlənməsinə yol açacaq. Prezident İlham Əliyev Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə deyib: "Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək".

Bu gün Azərbaycan qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısıdır. Çin kimi tərəfdaşlarla dərinləşən əlaqələr dövlətimizin bu statusunun daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!