10 Dekabr 2024 08:25
249
SİYASƏT
A- A+
COP29 iqlim naminə dialoq, sülh və əməkdaşlıq platforması kimi tarixiləşdi

COP29 iqlim naminə dialoq, sülh və əməkdaşlıq platforması kimi tarixiləşdi


Ötən ay Bakıda keçirilən və mühüm nəticələrlə yadda qalan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin müasir dövrün aktual çağırışlarına əsaslanaraq enerji keçidi strategiyasının dünyada böyük maraqla qarşılandığını növbəti dəfə təsdiqləyib. Hazırlıq prosesi, tədbirin gedişi və yekun nəticələri fonunda, demək olar ki, hələ bir il əvvəl COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar dəqiq hesablanmış, müşahidələrə, təhlillərə əsaslanan, ölçülüb-biçilmiş yanaşma olub. 

Son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərarlar respublikamızın dünya miqyasında ilbəil artan siyasi və iqtisadi nüfuzu, regiondakı sabitləşdirici rolu ilə yanaşı, həm də qlobal arenada sülhü, əməkdaşlığı və təhlükəsizliyi təşviq edən layihələri ilə şərtlənir. COP29-un keçiriləcəyi məkan seçilərkən, respublikamızın mötəbər tədbirlərə evsahibliyi etmək üçün zəruri ictimai-siyasi sabitliyə, maliyyə resurslarına, müasir şəhər infrastrukturuna malik olması, habelə beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki təcrübəsi nəzərə alınıb. Məlum qərar həm də respublikamızın müsbət imici, qlobal problemlərin həllində fəallığı və təşəbbüskarlığı, mədəniyyətlərarası dialoq prosesindəki fəallığı ilə şərtlənib. 

Yüksək təşkilatçılıq məharəti nümayiş etdirən respublikamız son 15 ildə konstruktiv debat və müzakirələr üçün intellektual platforma formalaşdırmağa nail olub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə 2008-ci ildə qəbul edilmiş "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi"ndə islam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə irəli sürülmüş "Bakı Prosesi" təşəbbüsü dəstəklənib. Bununla da respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi intensiv xarakter alıb. 

Azərbaycan COP29 vasitəsilə milli həqiqətlərini dünyaya çatdırmaq, investisiya cəlbediciliyini artırmaq, "yaşıl enerji" sahəsindəki təbii üstünlüklərini mühüm bir platformada təqdim etmək, müştərək layihələr reallaşdırmaq, habelə turizm imkanlarını sərgiləmək şansı əldə edib. Qlobal tədbirə evsahibliyi etməsi ölkəmizə iqlim dəyişiklikləri ilə mübarizədə dünyadakı müasir təcrübə və texnologiyaları mənimsəmək, ekoloji problemlərlə mübarizədə ictimai fəallığı təşviq etmək, yerli icmaların, vətəndaş cəmiyyəti institutlarının, medianın imkanlarından bəhrələnmək fürsəti yaradıb. 

İqlim problemlərinin həllində cəmiyyətin bütün üzvlərinin iştirakı, ictimai maarifləndirmə və təbliğat vacib amillərdən biri sayılır. COP29 günlərində keçirilən tədbirlər ölkə əhalisinin məlumatlandırılması, ekoloji problemlərin həllində ictimai iştirakçılığın təşviqi baxımından əhəmiyyətli olub. Söhbət insan amili ilə bağlı ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin mühafizəsi naminə görüləcək preventiv tədbirlərdən gedir. 

COP29 təkcə hökumətlər arasında deyil, həmçinin vətəndaş cəmiyyətləri institutları, biznes qurumları, QHT-lər və digər maraqlı tərəflərin müzakirələrdə iştirak etmələri, "yaşıl dünya" naminə innovativ təşəbbüslər irəli sürmələri baxımından da mühüm platforma olub. 


Enerji keçidi sahəsində nümunəvi ölkə 


Bərpaolunan enerji mənbələrindən səmərəli istifadə zərurəti onunla şərtlənir ki, hazırda ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizəsi ümumbəşəri problemə çevrilib. Ümumdünya Meteorologiya Təşkilatının araşdırmalarına əsasən, hazırda təbii fəlakətlərin 90 faizə qədəri məhz hava və iqlimlə əlaqədar baş verir və bu qlobal iqtisadiyyata ildə təqribən 500 milyard dollardan çox ziyan vurur, 26 milyon insanı yoxsulluğa sürükləyir. Hesablamalara görə, beş milyondan çox əhalisi olan dünya şəhərlərinin təxminən üçdə ikisi dəniz səviyyəsinin qalxması riski altında olan ərazilərdə yerləşir. Qlobal istiləşmə dünya ölkələrində iqtisadi artıma və kənd təsərrüfatına, insanların qida və su təhlükəsizliyinə mənfi təsir göstərir. 

Qeyd edilənlər alternativ və bərpaolunan enerjiyə keçidin sürətləndirilməsini zəruri edir. Hazırda dünya üzrə ümumi enerji istehsalında alternativ və bərpaolunan enerjinin payı cəmi 29 faiz təşkil edir və bu da qənaətbəxş göstərici sayılmır. Elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üçün emissiyalar 2030-cu ilə kimi yarıya qədər azaldılmalı, 2050-ci ilədək sıfır emissiyaya enməlidir. 

Xatırlatmaq lazımdır ki, Azərbaycandakı mövcud alternativ və bərpaolunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə hələ 2004-cü il 21 oktyabr tarixində "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiqlənib. 2020-ci ilin sosial-iqtisadi yekunları ilə əlaqədar 6 yanvar 2021-ci il tarixdə keçirilən müşavirədə Prezident İlham Əliyev azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 5-ci bəndində ("Təmiz ətraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə "yaşıl enerji" məkanı prinsiplərinə əsaslanan bərpa-olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. 

Dövlət başçısının 3 may 2021-ci il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncamı isə işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadəyə, ekoloji təmiz texnologiyaların, o cümlədən nəqliyyat vasitələrinin tətbiqinə geniş imkanlar yaradıb. 

COP29 konfransı bir sıra mühüm dividendləri ilə yanaşı, azad edilmiş ərazilərimizin "yaşıl enerji"yə keçid prosesindəki rolunu da dünyaya nümayiş etdirib. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyin araşdırmalarına əsasən, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. 

Son illərdə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə sıx əməkdaşlıq nəticəsində inşa olunan külək və günəş-elektrik stansiyaları bu baxımdan xüsusi qeyd oluna bilər. Birgə uğurlu əməkdaşlıq enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədi daşıyır. Abşeron, Neftçala, Biləsuvar, Qaradağ rayonlarında inşa edilən günəş və külək-elektrik stansiyaları 2030-cu ilə qədər Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının 30 faizə yüksəlməsini təmin edəcək. 

Qarşıdakı illərdə elektrik enerjisi istehsalı və ixracında artımın əsasən bərpaolunan enerji mənbələri əsasında təmin edilməsi nəzərdə tutulur. 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənayemiqyaslı 8 günəş-külək-elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması Azərbaycanın "yaşıl enerji" istehsalı sahəsində regional liderliyini gücləndirəcək. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Dünya İqtisadi Forumunun "Effektiv Enerji Keçidinin Təşviqi 2023" hesabatına əsasən qeyd etdiyi kimi, Azərbaycan müasir infrastruktur yaratmaqla enerji keçidini sürətləndirib, 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib. Təkcə onu demək lazımdır ki, COP29-a hazırlıq mərhələsində - 2024-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə imzalanmış sazişlərə əsasən, Neftçala, Abşeron və Qaradağ ərazilərində investisiya dəyəri 1 milyard ABŞ dolları, ümumi gücü 1000 MVt təşkil edən üç günəş və külək-elektrik stansiyalarının təməli qoyulub. 

COP29 konfransı həm də Türk Dövlətləri Təşkilatı ölkələri arasında "yaşıl enerji" əməkdaşlığı istiqamətində müzakirələrin aparılması və müvafiq razılaşmaların qəbulu ilə diqqəti çəkib. Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda, həmin ölkələr 2030-cu ildən etibarən istehsal etdikləri elektrik enerjisini Avropaya ixrac edə biləcəklər. Hər üç türkdilli ölkənin dövlət başçılarının tədbir çərçivəsində imzaladıqları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" regional əməkdaşlıqda yeni səhifə açır və Azərbaycanın tranzit ölkəyə çevrilməsini təmin edir. 

Onu da bildirək ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi ölkənin sosial-iqtisadi inkişaf prioritetlərini nümayiş etdirməklə yanaşı, "yaşıl enerji"yə keçid və ekoloji təhlükəsizliyə xidmət edən tədbirlərin ardıcıl və məqsədyönlü xarakterini göstərir. Bu kontekstdə mühüm yeniliklərdən biri də ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı sektoru, ekoloji profilli məqsədli büdcə fondları və 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində "yaşıl büdcə" üzrə xərclərin işarələnməsinə başlanılmasıdır. 2025-ci ildə bu istiqamət üzrə ayrılacaq 1,3 milyard manat vəsaitin 1 milyard manatının iqlim dəyişiklikləri ilə mübarizə - istixana qazı emissiyalarının azaldılması, 300 milyon manatının ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldilməsi nəzərdə tutulur. Digər mühüm məqam "yaşıl büdcə xərcləri"nin 16 faizdən çox artımıdır və bu da Azərbaycan hökumətinin COP29 çərçivəsində bəyan etdiyi strateji məqsəd və hədəflərə, əldə olunmuş razılaşmalara sadiqliyinin göstəricisidir.


COP atəşkəsi çağırışı beynəlxalq səviyyədə dəstəkləndi


Azərbaycanın bir sıra mühüm hədəf və təşəbbüslərin reallaşdırılması üçün səmərəli tribuna kimi nəzərdən keçirdiyi COP29 tədbiri, eyni zamanda əlverişli sülh platforması rolunu oynayıb. Xatırladaq ki, respublikamız tədbirə hazırlıq prosesində 14 mühüm təşəbbüs irəli sürmüşdü və bunlardan biri də "COP atəşkəsi" çağırışı idi. 

Dünyada 50-dən çox müharibə və yaxud münaqişənin mövcudluğu şəraitində irəli sürülən bu sülhpərvər niyyət aparıcı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ciddi dəstək alıb. 

İqlim dəyişiklikləri müasir dövrdə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Qlobal miqyasda torpaq, su və digər təbii ehtiyatlar uğrunda artan geosiyasi rəqabət bəzən hərbi qarşıdurmalara, daha çox insanın kütləvi köçünə rəvac verir. Hazırda Afrika və Latın Amerikasındakı quraqlıqlar siyasi iğtişaşların və zorakılıqların əsas səbəbləri sırasında qeyd edilir. 

COP atəşkəsi təşəbbüsü, eyni zamanda iqlim dəyişmələri, münaqişələr və zəif davamlılıq səbəbindən çoxsaylı çətinliklərlə üzləşən həssas ölkələr üçün dəstək və maliyyə yardımının artırılmasını asanlaşdıran mexanizmlərin yaradılması məqsədini önə çəkib. Hazırda beynəlxalq səviyyədə etiraf olunur ki, COP29 iqlim dəyişikliyi nəticəsində yarana biləcək gələcək münaqişələrin qarşısının alınması və mövcud gərginliyin azaldılması üçün ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığı təşviq edəcək ilk qlobal tədbir kimi tarixiləşib. 

Dünyadakı müharibə və münaqişələrin mövcudluğu şəraitində qlobal iqlim dəyişmələrinə yönəlmiş beynəlxalq səylərin əhəmiyyəti azalır. Xüsusilə Ukrayna və Yaxın Şərqdə davam edən yüksək intensivlikli müharibələr təkcə insan itkilərinə deyil, həm də tonlarla karbon emissiyasının atmosferə atılmasına səbəb olur. Hərbi əməliyyat və fəaliyyətlərin, habelə ənənəvi dizel, benzin yanacağı ilə işləyən ağır zirehli texnikanın, hərbi nəqliyyat vasitələrinin atmosferə buraxdığı tullantılar təkcə ozon qatına deyil, ümumən flora və faunaya mənfi təsir göstərir. 

30 ilə yaxın davam edən işğal faktına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan erməni vandalizminin doğurduğu ekoloji fəsadları qabarıq hiss edir. Ermənistan qeyd edilən müddətdə ərazilərimizdə ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurub, meşələrin yandırılmasını hərbi məqsədləri üçün istifadə edib. 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərin təbii sərvətləri talan edilib, civə, mis, qurğuşun, sink, kömür və s. də daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin nadir ağaclar qanunsuz istismar olunub. Bundan əlavə, transsərhəd çay olan Oxçuçayın kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir. 

Bütün bunlara baxmayaraq, rəsmi Bakı COP29-a Ermənistanı rəsmən tədbirə dəvət etməklə, bu istiqamətdə mühüm addım atıb və ayrı-seçkiliyə yol verməyib. Ermənistanın və onun havadarlarının bu mötəbər tədbirdə iştirak etməməsi isə onların iqlim problemlərinə etinasız münasibətini göstərib. Ermənistan da daxil olmaqla, anti-Azərbaycan şəbəkəsinin ölkəmizin neft-qaz ölkəsi olduğunu əsas gətirərək, COP29-un Bakıda keçirilməsinə qarşı çıxması, tədbiri "boykot çağırışı" reallıqdan uzaq, qərəzli yanaşma kimi iflasa uğrayıb. Halbuki ölkəmiz qlobal neft hasilatında 0,7, qlobal qaz hasilatında 0,9, qlobal qaz emissiyalarında cəmi 0,1 faiz paya malikdir. 

Prezident İlham Əliyev COP29-un rəsmi açılışı zamanı boykotu təşviq edən dairələrin məkrli niyyətlərinin baş tutmadığını, mötəbər tədbirdə 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min nəfərin iştirak etdiyini vurğulayıb: "Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"

İşğalçı Ermənistanın COP29-la bağlı siyasi qısqanclığının, narahatlığının və tədbir əleyhinə kampaniyaların əsas iştirakçılarından biri olmasının səbəbləri aydın idi: Bakıda təşkil edilən qlobal tədbir Ermənistanın işğal dövründə mütəşəkkil və planlı şəkildə reallaşdırdığı ekosid cinayətinin fəsadlarının dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradırdı. Tədbir zamanı aparılan müzakirələr ölkəmizin informasiya cəbhəsindəki üstünlüyünü daha da gücləndirdi. Ermənistanın müharibə cinayətlərini ifşa etdi. 

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycanla transsərhəd çayların - Oxçuçayın, Arazın zərərli tullantılarla çirkləndirilməsinə qarşı ölkəmiz tərəfindən arbitraj prosesi başlanılıb, qarşı tərəfin məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilir. 

COP29 çərçivəsində ölkə rəhbərliyi onu da diqqətə çatdırıb ki, iki ölkə arasında intensivləşən sülh danışıqlarına və etimad quruculuğu prosesinə xələl gətirən ən ciddi problem Ermənistanın konstitusiyasında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəaların mövcudluğudur. Türkiyə və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldiyindən, rəsmi Bakı həmin müddəaların aradan qaldırılmasını rəsmi İrəvanın qarşısında əsas tələb kimi müəyyənləşdirib. Bu dəyişikliklərin edilmədiyi müddətdə Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıması ilə bağlı bəyanatları rəsmi Bakı tərəfindən siyasi manipulyasiya kimi qiymətləndiriləcək. 

COP29 günlərində dünyanın diqqətinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan "yaşıl enerji" layihələrinə yönəlməsi bir daha göstərdi ki, Cənubi Qafqazda dalan ölkə kimi tanınan Ermənistandan fərqli olaraq, respublikamız dünyanın işgüzar dairələrinin maraq dairəsindədir. Şübhəsiz ki, Azərbaycanla dayanıqlı sülh, Zəngəzur dəhlizinin açılması Ermənistana həm də "yaşıl enerji"nin ixracı baxımından tranzit ölkə imkanları yarada bilərdi. Lakin bu ölkə cılız iddialardan hələ də əl çəkməməklə, özünü regional və əməkdaşlıq imkanlarından, iqtisadi dividendlərdən məhrum edir. 


Kiçik ada dövlətlərinin böyük himayədarı 


Azərbaycan ilk gündən COP29-a həm də zəif inkişaf etmiş kiçik ada dövlətlərinin ekoloji problemlərinin həllinə beynəlxalq dəstək mexanizmlərinin müzakirə olunacağı platforma kimi yanaşıb. Ölkəmiz hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına beynəlxalq diqqəti artırmağa nail olub. Pandemiya zamanı respublikamız 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın inkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardımlar göstərib.

Rəsmi Bakı COP29-un sədri qismində dünyada sülhü təşviq etməklə yanaşı, təzahürlərinə XXI əsrdə geniş rast gəlinən müstəmləkəçilik və kolonializm siyasətinə qarşı barışmaz mövqeyini ifadə edib. Prezident İlham Əliyev xüsusilə Fransa və Niderlandın kolonializm siyasətinin qlobal sülhə, təhlükəsizliyə ciddi təhdid olduğunu, ekoloji tarazlığı pozduğunu, kiçik ada dövlətlərini müstəmləkəçiliyə məruz qoyduğunu kəskin formada pisləyib. Bu və digər faktların diqqətə çatdırılmaqda məqsədi həmin dövlətlərin imperializm və müstəmləkəçilik siyasətinin iqlim dəyişmələrinə qarşı kollegial mübarizəyə neqativ təsirlərini dünyanın diqqətinə çatdırmaq olub. Kolonializm siyasəti kiçik ada dövlətlərinin zəngin təbii sərvətlərinin talanmasına, qeyri-qanuni yolla mənimsənilməsinə hesablanıb ki, bu da qlobal iqlim problemlərinə rəvac verən əsas amillər sırasındadır. 

Xüsusi qeyd etmək lazımdır ki, qlobal istiləşmə ilə əlaqədar buzlaqların sürətlə əriməsi okeanın və dənizlərin səviyyəsinin qalxmasına, paralel olaraq kiçik ada dövlətlərinin məhdud ərazilərinin daşqınlar altında qalmasına, sahilə yaxın ərazilərinin itirilməsinə gətirib çıxarır. Bütün bunları nəzərə alan ölkəmiz inkişaf etməkdə olan bir sıra ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına dəstək verir. Eyni zamanda inkişaf etməkdə olan 33 ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə reallaşdırılan texniki yardım proqramlarına maliyyə dəstəyi göstərir. 

Rəsmi Bakının kiçik ada dövlətlərini himayə etməsi BMT, Millətlər Birliyi və digər beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması qeyd edilən istiqamətdə ciddi irəliləyişdir. Fondun fəaliyyəti ehtiyac duyan ölkələrə, xüsusən kiçik ada dövlətlərinə maliyyənin ayrılmasını təmin etmək məqsədi daşıyır. Azərbaycanın Qərbi Afrika dövləti olan Tonqada Millətlər Birliyi ilə imzaladığı birgə bəyannamə kiçik ada dövlətlərində birgə layihələri dəstəkləmək üçün ölkəmizin 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmasını nəzərdə tutur. Bundan əlavə, ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi məqsədilə "Azərkosmos"un peyk məlumatlarından istifadə edilməsi üçün Millətlər Birliyi ilə rəsmi razılaşma əldə edilib.

Prezident İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Canet Skotland ilə görüşündə bir daha vurğulayıb ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Millətlər Birliyi təşkilatının Baş katibi öz növbəsində Azərbaycanın kosmik imkanları hesabına kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlilini və məlumat bazası sisteminin yaradılmasını təqdir edib.  


COP29 uğurlu razılaşmalarla yadda qaldı 


Azərbaycanın uğurla evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsində dönüş nöqtəsi kimi dəyərləndirilir və dünyada yüksək qiymət alır. COP29 iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanlarını yenidən, həm də daha güclü bir şəkildə səfərbər edib. Tədbirin ən mühüm nəticələrindən biri də budur ki, iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcək. İnkişaf etmiş ölkələr COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı sənədə müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək hər il rekord məbləğdə - 300 milyard ABŞ dolları həcmində vəsait ayırmağı öhdəlik kimi götürüblər. İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Bakıda qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirib. 

COP29-da mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı olub. Sözügedən fond gələn ildən fəaliyyətə başlayacaq və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Azərbaycanın xüsusi səyləri nəticəsində İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Fonda donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon ABŞ dollarından çoxdur.

Tədbir çərçivəsində əldə olunan möhtəşəm uğurlardan biri də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə on il davam edən danışıqların, nəhayət, yekunlaşmasıdır. Xatırladaq ki, Qlazqo, Şarm əl-Şeyx və Dubayda keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun elementləri həllini tapmamış qalırdı. Qeyd edilən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq münasibətində olan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir. Məhz bunun nəticəsində karbon bazarlarından maliyyə axınlarının qarşıdakı 25 il ərzində ildə 1 trilyon ABŞ dollarına çatması gözlənilir. 

COP29 zamanı həm də "İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü" adlanan mexanizm - BICFIT formalaşıb. Bu, çoxtərəfli iştirakçılıq dialoqunun təmin olunması ilə iqlim maliyyəsi, investisiya və ticarətinin, milli, regional və subregional platformaların inkişafı üçün qlobal çoxtərəfli tərəfdaşlığı ehtiva edir. Platforma inkişaf etməkdə olan iştirakçı tərəflərə ikiillik şəffaflıq hesabatlarının hazırlanmasında yardım edəcək, habelə əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək.

COP29-un İqlim Maliyyəsi; İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü; COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı; İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü; İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası; Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə; Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü; COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi; Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi; İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi və digər sənədlər dünya ölkələrinin iddialı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyir. Məhz bu səbəbdən də COP29-un yekunları dünyada yüksək qiymətləndirilir, Azərbaycanın liderliyi ilə iqlim böhranına qarşı mübarizədə yeni bir mərhələnin başlanmasına əlverişli zəmin yaradır. 

Prezident İlham Əliyev COP29-un yekunları ilə bağlı rəsmi sosial şəbəkə hesablarındakı paylaşımında tədbirin yekunlarını yüksək dəyərləndirib: "Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu".

Ümumiyyətlə, keçmiş postsovet məkanında ilk dəfə məhz Azərbaycanda keçirilən bu nəhəng tədbir fonunda bir daha təsdiqlənib ki, respublikamızın regiondakı və Avropadakı tərəfdaşları ilə birgə reallaşdırdığı mühüm enerji layihələri Azərbaycanın dünya enerji təchizatında sabitləşdirici rol oynamasına zəmin yaradıb. Respublikamız yeni neft diplomatiyasının məntiqi davamı olaraq təbii qazın Qərb bazarlarına nəqli strategiyasını uğurla reallaşdırmaqla yanaşı, alternativ və bərpa-olunan enerjiyə keçidi nəzərdə tutan qlobal layihələrə, "yaşıl enerji" dəhlizlərinə də müəlliflik edir. Ekoloji təmiz mənbələr hesabına elektrik enerjisinin istehsalının məqsədi bir tərəfdən, atmosferə atılan qaz emissiyalarının həcminin azaldılması yolu ilə ölkəmizin iqlim öhdəliklərinin yerinə yetirilməsi, digər tərəfdən, Avropa İttifaqı və digər region dövlətlərinə "yaşıl enerji" ixracının genişləndirilməsi, "yaşıl ixrac" dəhlizlərinin yaradılmasıdır. Bu hədəflərin reallaşdırılması ölkənin iqtisadi potensialının gücləndirilmsi baxımından da mühüm əhəmiyyətə malikdir.


İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!