Afrikanın kiçik ölkələrindən biri olan Cibuti təbii sərvət baxımından zəngin olmasa da, dünyanın ən strateji nöqtələrindən birində yerləşdiyi üçün qlobal güclərin diqqət mərkəzindədir.
“Əl Cəzirə” telekanalının məlumatına görə, bir milyondan az əhalisi olan bu ölkənin sahillərində ABŞ, Çin, Fransa, Yaponiya və İtaliya kimi dövlətlərin hərbi bazaları fəaliyyət göstərir. Bu bazalar bir-birindən cəmi bir neçə kilometr aralı yerləşir və Cibutini dünyanın ən sıx xarici hərbi mövcudluğa malik ölkələrindən birinə çevirir. Bu marağın əsas səbəbi ölkənin Bab-əl-Məndəb boğazı yaxınlığında yerləşməsidir. Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu dar dəniz keçidi qlobal ticarət üçün həyati əhəmiyyət daşıyır. Hər gün dünya dəniz ticarətinin təxminən 12 faizi bu marşrutdan keçir. Eyni zamanda, Avropa ilə Asiya arasında internet əlaqəsinin böyük hissəsini təmin edən sualtı fiber-optik kabellər də buradan keçir. Ekspertlərin fikrincə, Cibutinin əsas sərvəti məhz onun coğrafi mövqeyidir.
2001-ci il 11 sentyabr hücumlarından sonra ABŞ Şərqi Afrikada hərbi mövcudluğunu gücləndirmək üçün Cibutini seçdi. Burada yerləşən Lemonnier düşərgəsi bu gün ABŞ-nin Afrika qitəsindəki ən böyük daimi hərbi bazası hesab olunur. Sonrakı illərdə bölgədə Somali sahillərində dəniz quldurluğunun artması digər ölkələri də Cibutiyə yönəltdi. Yaponiya və İtaliya təhlükəsizlik məqsədilə burada baza qurdu, daha sonra isə Çin də bu siyahıya qoşuldu. Çinin bazasının açılması, eyni zamanda, böyük iqtisadi layihələrlə müşayiət olundu. Pekin Cibuti ilə Efiopiyanı birləşdirən dəmir yolu xəttinə və liman infrastrukturuna milyardlarla dollar sərmayə yatırdı. Hazırda Efiopiyanın xarici ticarətinin təxminən 90 faizi Cibuti limanları vasitəsilə həyata keçirilir. Cibuti xarici bazalara ev sahibliyindən hər il milyonlarla dollar gəlir əldə edir.
Son illərdə Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi Cibutinin strateji rolunu daha da artırıb. Yəməndəki husi qüvvələrinin bölgədə gəmilərə qarşı hücumları və Süveyş kanalından daşımaların azalması səbəbindən Cibuti “təhlükəsiz liman” kimi daha ön plana çıxıb. Mütəxəssislər bildirirlər ki, qeyri-sabit bölgədə sabit ölkə kimi görünmək Cibutinin əsas üstünlüyüdür.
Cibutidə Prezident İsmayıl Ömər Qelleh 1999-cu ildən hakimiyyətdədir. Müşahidəçilər qeyd edirlər ki, xarici güclərin regiondakı hərbi maraqları hakimiyyətin sabit qalmasına da təsir göstərir. Cibutinin gücü onun coğrafi mövqeyindən qaynaqlansa da, bölgədə yeni alternativ bazaların yaranması gələcəkdə bu üstünlüyü zəiflədə bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”